Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Azərbaycan gənclərinin tarixi daha yaxşı dərk etməsi üçün süni intellekt əsaslı video vəsaitlərlə tarixi səhnələrin yenidən canlandırılması” adlı layihə uğurla həyata keçirilib.
Layihə çərçivəsində Azərbaycan tarixinin 7 mühim hadisəsini əhatə edən 7 video hazırlanıb. Müasir dövrdə gənclərin qısa və yaddaqalan məzmun vasitəsilə tarixə marağını artırmaq məqsədilə hazırlanan bu videolar əsas ictimai şəbəkə platformalarında, xüsusilə də YouTube kanalında geniş auditoriyaya təqdim olunub.
Layihənin əsas məqsədi gənclərin milli kimliklərini və tarixi yaddaşlarını möhkəmləndirmək, onları tarixi hadisələrlə daha yaxından tanış etməkdir. Videolar sadəcə məlumat verməklə kifayətlənmir, həm də tarixi səhnələri vizual olaraq canlandıraraq gənclərə həmin dövrləri “görmək” və “yaşamaq” imkanı yaradır.
Bu layihə gənclərin müasir texnologiyalardan faydalanaraq tarixi biliklərini daha asan və maraqlı şəkildə mənimsəməsinə şərait yaradır. Həmçinin, sosial şəbəkələr üzərindən sürətli yayılması gənclərin tarixə marağını artırmaqla yanaşı, onların milli-mənəvi dəyərlərə bağlılığını gücləndirir.
Azərbaycan Gənclər Fondunun dəstəklədiyi bu təşəbbüs, həm də gələcəkdə oxşar layihələrin gerçəkləşdirilməsi üçün nümunəvi bir model hesab olunur. Layihə göstərir ki, müasir texnologiyalar – süni zəka və qrafik həllər – gənclərin maarifləndirilməsində ənənəvi tədris vasitələrinə güclü dəstək ola bilər.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən elan edilən ilk dəfə keçirilən “Rəqəmsal” mövzulu qrant müsabiqəsinin qalibidir və Rəfail Ağazadə tərəfindən icra olunur.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.