Prezident İlham Əliyevin 2018-ci ilin prezident seçkilərindən sonrakı bir ildəki fəaliyyəti müxtəlif cəhətlərdən diqqəti cəlb edir.
Əvvəlcə Dağlıq Qarabağ münaqişəsinin üzərində dayanmaq istərdim. Hesab edirəm ki, dövlət başçımız münaqişəyə əvvəlki illərdəkindən daha prinsipial mövqe nümayiş etdirib.
Onun bəyanatlarının qətiyyətlilik tonu ictimai rəyin formalaşmasına həlledici təsir göstərməkdədir.
Azərbaycan cəmiyyəti Qarabağ münaqişəsinə münasibətdə daha monolitdir, inamlıdır, bu isə prezidentin fikirlərindən qaynaqlanan immunitet olaraq diqqət çəkir.
Bunu Oxu.Az-a açıqlamasında millət vəkili, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov deyib.
“Ümumən Dağlıq Qarabağ münaqişəsində prinsipiallıq nümayişi, Azərbaycanın ədalətli mövqeyinin müdafiəsi məsələsi cənab İlham Əliyevin seçki kampaniyasında xüsusi yeri tuturdu” – deyən millət vəkili bu baxımdan hesab edir ki, ötən bir ildə bu istiqamətdəki fəaliyyət seçkidən əvvəl verilmiş vədlərə tam adekvatdır, reallıqla səsləşən başlıca diplomatik missiyadır:
“Cənab İlham Əliyevin ötən bir ildəki fəaliyyəti barədə fikir bildirərkən eyni zamanda onun prezident kimi andiçmə mərasimindəki çıxışına diqqət yetirmək lazımdır.
Prezident həmin çıxışında ciddi islahatların aparılacağını, həmçinin islahatların dərinləşəcəyini bildirmiş və məsələni sırf vətəndaşların yaşayış səviyyəsinin artırılmasının vacibliyi kontekstində izah etmişdi”.
Ə. Amaşov qeyd edib ki, dövlət başçısının ötən ilin aprelindən sonra gördüyü işlər, əslində, islahatlar üçün bir növ baza rolunu oynadı.
“2018-ci ilin sonundan isə islahatlar başladı.
Ötən üç aya baxış, heç şübhəsiz, onu deməyə əsas verir ki, 2019-cu il bütövlükdə islahat ili olacaq. Prezidentin proqramı son dərəcə zənginliyi ilə özünü göstərməkdədir.
Proqram həm struktur və kadr islahatları, həm də bilavasitə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına, ümumən insanların həyatının asanlaşdırılmasına yönələn tədbirləri özündə ehtiva edir.
Dövlət başçısının çıxışlarından əldə olunan qənaət bundan ibarətdir ki, islahatlar daha da dərinləşəcək. Əlbəttə, bütün bunlar vətəndaş məmnunluğunun yüksəldilməsi deməkdir.
Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılacaq kompleks tədbirlər və təşəbbüslər vətəndaş məmnunluğunu daha da artıracaq”, – deyə Ə. Amaşov sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Источник: oxu.az
Şərhlər bağlıdır.