Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Aktyor səhnədə ölməlidir”

Mingəçevir Dövlət Dram Teatrında yerli və paytaxt rejissorlarının bir-birinin ardınca yeni əsərləri səhnələşdirməsi tamaşaçılarda teatra məhəbbəti artırıb. Tamaşa zalının dolu olması isə aktyorların öz işlərinə daha məsuliyyətlə yanaşmasını tələb edir. Teatrın uğurlarından biri də şəhər sakinlərinin sevimli aktyoru Respublikanın Xalq artisti Valeh Kərimovun Mingəçevir teatrının səhnəsində  görünməsidir.  Valeh müəllimin duzlu-məzəli fikirlərini sizinlə bölüşürük.

-“Gəl, qohum olaq” tamaşasına televiziyada dəfələrlə baxmışam. Eşidəndə ki, bizim teatrda o yenidən oynanılacaq, düzü bir qədər həvəssiz qarşıladım bu xəbəri. Amma bu əsərə sizin quruluş verdiyinizi biləndə fikrim dəyişdi. Tamaşanın premyerası çox uğurlu keçdi. Buna tamaşaçıların zalı məmnunluq hissi ilə tərk etdikləri zaman da əmin oldum. Sizi təbrik edirəm. Həmişəki kimi əsl peşəkar iş sərgilədiniz. Bəs Valeh Kərimovun Mingəçevir teatrında tamaşa hazırlaması hansı zərurətdən doğdu?

-Əslində bu tamaşanın taleyi mənimlə bağlıdır. Televiziyada oynamışam, Sumqayıt, Füzuli, Ağdam və Dərbənd teatrlarında onu səhnələşdirmişəm. “Gəl, qohum olaq”  komediya cəhətdən yüksək səviyyəli bədii əsərdir. Aktyor sayi və dekorların azlığı da indiki teatrlara sərf edir.

Burda məndən əvvəl də başqa yerdən dəvət alan rejissorlar tamaşa qoyub.  “Gəl, qohum olaq” tamaşası nəzərdə tutulanda teatrın direktoru Səxavət Məmmədov məni dəvət etdi. Mingəçevir teatrını əyyami-qədimdən taniyiram. Amma indiki heyəti tanımırdım. Rol bölgüsündə də müdiriyyət mənə kömək etdi. Qarakişi, Minayə və digər rollarının ifaçıları ürəyimcə oldu. Gərgin işlədik və qısa müddət ərzində- 17-18 günə premyeramızı etdik. O gün bu zalda o qədər tamaşaçı vardı ki.. İnanıram ki, növbəti günlərdə də bu zal dolu olacaq.

-Mingəçevirlə bağlı replikalarınız da duzlu-məzəli idi.

-Hə, yeri gələndə deyirəm. Mən Mingəçevirin Turist Bazasınının yaxşı vaxtlarını görmüşəm. Respublikada və ondan kənarda tanınırdı. Sovetlər İttifaqından bütün turistlər ora gəlirdi. Amma o gün gedib ora baxanda məyus oldum. Ay mingəçevirlilər, niyə ora belə pis günə qalıb? Niyə həmin bazanı bərpa etmirsiz?

-Həyatınız bir səhnədir. Görkəmli aktyorların irad, məsləhət, tərif və tənqidi rəyləri altında böyük bir məktəbin məzunusunuz.

-45 il Sumqayıt teatrında fasiləsiz işlədim. Respublikamızın Xalq artistləri Rza Əfqanlı,  Barat Şəkinskaya, Məlik Dadaşov, Əliağa Ağayev və başqa tanınmış aktyorlar bizim teatrda oynayıblar və mən də onlarla tərəf müqabili oldum. Onlardan öyrəndim, oyunlarına vuruldum, zövq aldım. Xalq artistləri Ağakişi Kazımov, Mərahim Fərzəlibəyov kimi rejissorlarla işlədim. Əgər bugün uğurum varsa, mən o müəllimlərimə borcluyam. İndi isə bildiyimi, bacardığımı öyrətmək vaxtı çatıb.

1973-cü ildə ilk dəfə Sumqayıt teatrında S.S.Axundovun “Tamahkar” tamaşasını hazırlamışdım. 20 il Azərbaycanın rayonlarına qastrol səfərləri zamanı tamaşa oynanıldı. 12-yə qədər əsəri, həmçinin uşaq tamaşalarını Sumqayıt teatrında səhnələşdirmişəm

-Əvvəlki teatr məktəbi indi yoxdu. Belə güclü sənətkarlarla tərəf müqabili olan Valeh Kərimov indi gənclərlə oynayanda hansı hisləri keçirir? Səhnə, sənət, ortam, ətraf mühitdə nələr, kimlər üçün darıxır? Gənclərin potensialı hansı səviyyədədir?

-12 ildir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də tədris edirəm. Gələn il 3-cü qrupum məzun olacaq. Orda yetişdirdiyimiz tələbələrin səviyyəsi məni qane etmir. Onların həvəsləri teatra deyil,  televiziyada aparıcılığadır. Bəziləri də diplom almaq üçün gəldiklərini etiraf edir.

-Niyə gənclərdə teatr yanğısı yoxdur? Teatr irsini niyə davam edə bilmədik?

-Bilmirəm, dəqiq deməyə çətinlik çəkirəm. İstər xarici, istərsə də özümüzün şoumuz gəncləri çox maraqlandırır. Adi tamaşaçılarımız da teatr, tamaşa haqda fikirləşmirlər. Onlar da yüngül şeylərə baxıb gülürlər. Azdramada Zərnigar xanım, Şəfiqa xanım, Vəfa xanım, Amalya xanım,  Səməndər, Yaşar, Rəfayıl kimi aktyorlar vardı. Hər birinə görə ayrı-ayrı tamaşaçı gəlirdi.  Bu aktyorlar özləri tamaşaçıları püxtələşdirir, yetişdirirdilər. Son zamanlar elə bir cavan artist görmürəm ki, tamaşaçı ona görə teatra gəlsin. Gənc aktyorlar indidən tanınıb, sevilməlidirlər. 10 ildən sonra yaşlaşanda belə onları heç kim tanımayacaq.  Teatrın özülü onların üzərində qurulmalıdır.

-Cəfər Cabbarlının  “Aydın”, “Almaz” tamaşalarına baxanda tamaşaçı zaldan göz yaşları ilə çıxırdı. Son illər rejissorlar da ucuz tamaşalara yer verirlər. Bəlkə teatrdan uzaqlaşmanın kökündə duran səbəblərdən biri də budur?

-Rejissor teatrı yaşatmağı fikirləşir. Yüngül əsərlərə biz “kassa əsərləri” deyərdik. Məsələn, bir il ərzində 5 tamaşa hazırlanırdısa, onun birini mütləq  “kassa əsəri” edirdilər ki, tamaşaçı gəlsin. Bu yolla insanları teatra cəlb edirdilər. O vaxt tamaşaçını güldürən əsəri 2 dənə qoyanda bədii şura, eləcə də aktyorların özləri etiraz edirdi.  Deyirdilər ki, qoy 3-5 nəfər gəlsin, biz belə əsəri oynamırıq. Ağakişi Kazımovun bizim teatra  təyin olunanda dediyi söz hələ yadımdadır. O dedi ki, teatrı ayağa qaldırmaq üçün əvvəl “kassa əsəri” qoyacam. Həmin yüngül komediyaya çox tamaşaçı gəlirdi və teatrı tanımağa başladılar. Onun ardınca “Müsibəti Fəxrəddin” faciəsini,  sonra Sabit Rəhmanın “Toy” komediyasını səhnəyə gətirdi. Artıq tamaşaçı teatrı sevirdi. Həsən Seyidbəyli və  İmran Qasımovun “Sən nə üçün yaşayırsan” əsərini səhnələşdirdi. Müharibədən gələn gənclərin faciəsi idi, dramatik əsər idi,  mən baş rolu oynayırdım. “Komsomol” poemasında da Gəray bəyi mən oynadım.  Teatra 50-100 tamaşaçı gəlirdi, amma ləzzətlə baxırdı.

-Teatrda yaranan boşluq teatrsevərlərin ondan uzaq düşməsiylə nəticələndi.

-Son illərin hadisələri teatrdan da təsirsiz ötüşmədi. Opera və Balet Teatrından  böyük teatrımız yoxdu. Cəbhəçilərin vaxtında  onu “Azərbaycan nədir, balet nədir?” təfəkkürü ilə bağlamaq istəyirdilər. Halbuki indi həmin teatr baletin hesabına yaşayır. “Leyli və Məcnun” operası öz yerində, amma Opera və Balet Teatrı  hər gün baletin hesabına dolur. Azərbaycanda kifayət qədər xarici şirkətlər, iş adamları var və onların hamısı baletə baxmağa gedirlər. Xaricinin yüzündən biri maraq üçün “Leyli və Məcnu”a baxar. Ona görə artistlərə münasibət dəyişmişdi.  Allah rəhmət eləsin, Heydər Əliyev gəlməsəydi, teatr dağılıb getmişdi. Bütün teatr binaları  təmir olundu. Mingəçevir teatrına baxanda heyran oluram.  Şəhərə yaraşan binası var. İndi qalır artistlərin özlərini səfərbər etmələri. O da yaşayış səviyyəsindən irəli gəlir. Sənət adamları əmək haqqı azlığından əziyyət çəkir.

-Bugün sənətkara münasibət necədir?

-Xalq öz sənətkarlarını çox istəyir, doğma münasibət göstərir. Mingəçevirlilərin hamısı məni tanıyır. Axşama kimi burda mənimlə şəkil çəkdirirlər. Fotomodel olmuşam burda (Gülür).

-Fəxri adların təltifində tamaşaçıların rəyi niyə öyrənilmir?

-Tamaşaçıların rəyinə qalanda onun mənfi tərəfləri çox olar. İnsanlar deyəcək ki, şouda iştirak edənlərə niyə “Xalq artisti” adı vermirlər? Halbuki şou əhlinin sənətdən xəbəri yoxdur, teatrın nə olduğunu bilmir. Güldürmək ayrı şeydir. Mən həyatda heç kimi güldürə bilmirəm.

-Rollarınız güldürür.

-Səhnə başqa aləmdir. O başqa bir dünyadır. Onu başa salmaq olmur heç kimə.

-Valeh müəllimin enerjisi tükənmir. Onu hara xərcləyirsiz?

-Mən o enerjini itməyə qoymuram. Universitetdə dərslərimdə tələbələrimə sərf edirəm. Görüşlərə dəvət olunuram, bölgələrdə tamaşalar qoyuram.

-Unudulmaq qorxusu varmı?

-Məndə yoxdur. Həm də artıq yaşım keçib, nədən qorxacağam ki?

-İş qabiliyyətli, gümrah sənətkarın yaşa görə səhnədən uzaqlaşdırılması düzgündürmü?

-Düzgün saymıram. Cavanlara iş yerləri təşkil etmək üçün ştatları boşaldırlar. Qaldı ki, mənə, bu yaşımda teatrda Romeo, Hamlet və yə Fəxrəddini oynamaq istəməyəcəm ki?! Mənə uyğun yaşlı obrazlar da var. Cavan aktyorun başına ağ parik taxınca, saqqalın, bığın qrimlə ağardınca, o qocanı yaşlı aktyorun oynaması daha effektli olar. Səhnədə qoca, cavan, gənc də lazımdır. Səhnədə 16-17 yaşında Romeo və Cülleta da, onların mühafizəkarları-yaşlı keşiş də, kral da lazımdır.

-Mənim qənaətim budur ki, aktyor səhnəsiz yaşaya bilməz.

-Ağasadıq Gəraybəyli 90 yaşında “Natəvan” tamaşasında oynadı. Rus aktyorları var ki, yeriyə bilmir. Rejissor elə quruluş verir ki, tamaşa zamanı onu arabada və ya qolundan tutub səhnəyə çıxarırlar. Ağlı başında olan, dili söz tutan, hafizəsi yaxşı olan, gözü görən, qulağı eşidən aktyoru işdən azad etməyin əleyhinəyəm. Elxan Ağahüseynoğlunun gözləri görmürdü. Məşqlər zamanı o, səhnədə gedəcəyi yerləri addım sayı ilə əzbərləyirdi. Amma tamaşaçı bunu bilmirdi. Ömrünün axırına kimi teatrda işlədi. Aktyor səhnədə ölməlidir.

-Bəzən aktyor bir ömür səhnədə olur, siradan biri kimi heç kimdən seçilmir. Bəzən bir obrazla yaddaşlarda kök atır. Biz sizi Moşu Göyəzənli kimi sevirik.

-Moşu məni rüsvay-biyabıq etdi (Gülür). O obrazın mənə xeyirli tərəfi çox oldu. Xalq məni tanıdı, fəxri ad  və Prezident təqaüdü aldım. Ziyanı isə o oldu ki, bir filmə də məni dəvət etmirlər ki, sifətin Moşuya oxşayır.  Hətta Sumqayıtda bəzən dramatik tamaşalara rol vermirdilər. Rejissor deyirdi ki, Valeh səhnəyə çıxan kimi camaat güləcək.

-Bugün sizi nə ağrıdır?

-Mən bir az sənət təfərdən nigaranam. Teatr aktyorları öz professionallıqları üçün çalışmır, cavanlar isə işləmək istəmirlər. Başa düşmürəm, niyə bunlar sənətə qarşı soyuqdurlar? Bu sənətin cavanı məşqdən doymamalıdır. Nazim Hikmət deyir: “Sən yanmasan, mən yanmasam, biz yanmasaq, necə çıxar qaranlıqlar aydınlığa”. Sənətə gələn cavanlar gərək yansınlar.

-Əlinizdə sehirli çubuq olsaydı nəyi qaytarardınız?

-Cavanlığımı, teatr həyatımın xoş günlərini, sənətkatları, gözəl məşqləri, tamaşaları, o tamaşaçıları qaytarardım… (Fikrə gedir, gözləri yaşarır…)

-Rollarda yaşamısınız, istəsəniz də istəməsəniz də.

-Doğrudur. Bəzən rolları sevmişəm, bəzən yox. Əmr verilirdisə aktyor oynamalıdı, məvacib aldığım üçün oynamağa məcburdum. Amma tamaşaçı bilməyib ki, mən o rolu sevmədən oynamışam. İçəridən gəlməsə də bacardığımı etmişəm.

Elə Moşunu, Ədaləti də həvəslə oynamışam. Amma çox sevdiyim bir obraz olub. Çingiz Aytmatovun “Əsrə bərabər gün” əsərində baş rol-Yedigeyi daha böyük zövqlə, həvəslə, içdən sevərək, yaşayaraq oynamışam. Mərkəzi Komitənin bürosu baxdı ona. Təəssüf ki, onu cəmi 3 dəfə oynadıq. Qarabağ münaqişəsi başladı və tamaşa batdı-getdi . Çox heyfslənirəm. Kaş o tamaşanın çəkilişi olaydı.

 

Müsahibəmizi kədərli notlarla bitirsək də, Valeh Kərimovun  bu gün Mingəçevir teatrında Ədaləti (“Gəl, qohum olaq” tamaşasında) oynamasına sevinirik. O da yaşının çox olmasına baxmayaraq, obrazını tamaşaçılara sevdirmək üçün qüvvəsini, sağlamlığını fəda edir. 

Şərhlər bağlıdır.