Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ağıllı ol, yoxsa…

Milli Mətbuatımızın 150 illiyinə həsr edirəm.

30

Daha çox hədə kimi səslənir, deyilmi? Biri səni narahat edəndə, yaxud həddini aşanda, ilk ağlımıza gələn fikir bu olur:”Ağıllı ol”!

Burada çox maraqlı bir məqam yarandı, “ağlıma fikir gəlməsi” və “ağıllı olmaq” və bunlar arasında hansı əlaqənin olması fikri. Ümumiyyətlə götürsək “ağıl” kəlməsi hələ uşaqlıqdan diqqətimdə olub, çünki atam həmişə deyərdi ki, ağlınla qərar ver! Doğrusu soruşmazdım ki, ağılla qərar vermək nə deməkdir, sadəcə, düşünürdüm ki, yəqin ki, bunu özüm bilməliyəm. Çünki az-çox hisslərlə qərar verməyin çox zaman doğru olmadığnı bilirdim, çünki bunu da atam dönə-dönə deyərdi. Həm də oxuduğum kitablarda, atalar sözlərində də bu haqda xeyli misallar olardı.

Amma “ağıl” kəlməsi hər zaman bir sual işarəsi kimi ağlımda idi. Yenə “ağlımda”, əslində bu kəlmə bir söz qədər yaxındır, amma həm də çox uzaqdır və hər zaman mənasını tapmağa çalışdığım əsas anlayışlardan biri oldu.

Müəllim işlədiyim dövrlərdə isə bu kəlmə mənim üçün lap müəmmaya döndü. Bəzi uşaqları çox böyük həvəslə, məmnuniyyətlə ağıllı uşaq hesab edirdim, təbii ki, obyektiv olaraq, amma bəzi uşaqları isə qətiyyən ağıllı hesab etmək olmurdu. Hətta bəzən belə uşaqlar eyni ailədən gəlmiş olsalar belə. Bəzən bunu tərbiyə ilə bağlamağa çalışsam da, bunun doğru olmadığını zamanla anladım. Bu məsələ isə illərdir məni narahat edirdi, çünki hələ də bu suala cavab tapa bilməmişdim və eyni zamanda, atamın dediyi, “ağılla qərar ver”məyin nə olduğunu aydınlaşdıra bilməmişdim. Düşünürəm ki, nəhayət  bu sualın cavabını tapmışam.

Bunun üçün bir məqama aydınlıq gətirmək lazım gəldi. Düşündüm ki, ağıllı hesab etdiyim uşaqları nəyə əsasən ağıllı hesab edirəm, bəlkə məsələnin sirri elə bundadır?

Başladım düşünməyə, bəzi uşaqları hamı ağıllı hesab edir, çünki harada özünü necə aparacağını, kiminlə nə danışacağını, ədəb-ərkan qaydalarını bilir, verilən suallara cavab tapmağı bilir, fikrini ifadə edə bilir, qərar verməyi, çıxış yolu tapmağı bilir, bütün dərslərini bilir, əlavə kitablar oxuyur, hamı ilə dil tapmağı bilir, mehriban ola bilir, maraqlı məşğuliyyət tapa bilir, bilir də bilir.

Bəs ağıllı hesab edə bilmədiyimiz uşaqlar necədir, harada nə danışacağını, necə davranacağını bilmir, ixtiyari suala cavab verə bilmir, dərslərini heç vaxt bilmir, çıxış yolu tapa bilmir, fikrini ifadə edə bilmir və heç uzatmayım, heç nə bilmir. Bəli, məsələ yavaş-yavaş aydınlaşır. Belə məlum olur ki, ağıllı adamlar əslində, biliyi olan adamlardır. Nə qədər çox biliyin varsa, deməli ağıllı ola bilirsən və daha doğrusu, ağlını işlədə bilirsən, çünki ağıl biliklə çalışır və işləyir. Əslində hamının ağlı var, amma biliyin varsa ağlın işləyəcək, biliyin yoxdursa, ağlın da yox kimidir. Yəni, ağıllı hesab etmədiyimiz həmin uşaqlar da çalışmağa başlayanda, bilik əldə edəndə ağlının işlədiyini görürük, çünki belə hallara artıq rast gəlmişəm.

Belə bir ifadəni yəqin ki, zamanla hamı işlədir, təbii ki, az-çox biliyi olanlar, “Ağlıma bir fikir gəlib”! Bəli, əgər biliyimiz varsa, o zaman ağıl çalışır və yeni-yeni fikirlər, ideyalar yaradır.

Ağlı bir proqram kimi başa düşün, yəni musiqi proqramı varsa musiqi oxuda bilirsən, mətn proqramı varsa mətn yaza bilirsən və proqramın imkanlarını öyrənərsən. Məs. Kalkulyator proqramının necə işlədiyini və hansı imkanlarının olduğunu bilmək üçün, ən azından orada hesablamalar aparmalısan, rəqəmləri və işarələri daxil etməlisən.

Ağıl da belədir, necə işlədiyini bilmək üçün mütləq və mütləq bilik əldə etməlisən.

O ki, qaldı bilik məsələsinə, bilik əldə etməyimiz üçün Allah bizə beş duyğu orqanı verib. (İnformatika dərsində bunlar öyrədilir və təəssüf ki, əvvəllər qruplarda bu fənn olmadığı üşün uşaqların 99 faizi bu fənnə düşmən kimi baxırdı. Son bir neçə ildə 1-ci qrupun alt qrupu olaraq əlavə edilsə də, hələ də bu fənnə ögey münasibət qalmaqdadır). Gözlərimizlə, qulaqlarımızla, burnumuzla, dilimizlə və dərimizlə hər zaman informasiya-məlumat əldə edirik. Bu məlumatların əksəriyyəti isə zamanla biliyə çevrilir. Məktəbə gedənə qədər hər bir uşaq görüb-götürdüklərindən, eşitdiklərindən, qoxladıqlarından, daddıqlarından və toxunduqlarından öyrənir, təbii ki, diqqətlidirsə, öyrənməyə maraqlıdırsa. Onu da deyim ki, bəzi uşaqlar çox diqqətli olur və özləri öyrənir, bəzi uşaqlara isə öyrənməyə kömək etmək lazımdır. Məktəbə getdikdən sonra isə, həm də oxuduqlarından öyrənirlər. Yaşımıza uyğun davranmaq, özümüzü ifadə etmək, çıxış yolları tapmaq və düzgünə yaxın qərarlar vermək üçün mütləq və mütləq şəkildə oxumaq lazımdır. Niyə düzgünə yaxın deyirəm, çünki biz nə qədər oxusaq da, oxuduqlarımız, anladıqlarımız və öyrənib inandıqlarımız ən son, ən doğru bilik olmaya bilər, amma nə qədər çox biliyimiz olsa, o qədər də doğru qərar vermək ehtimalımız artır. Bir də ki, oxumaq öyrənməyin ən yaxşı yoludur, axı Tanrı da sonuncu din olaraq İslamı göndərib və onun kitabı isə Quran OXU deməkdir! Bir də ki, beş duyğu üzvümüzdən başqa Tanrı həm də bizə güclü hissiyyat veribdir ki, oxuduqlarımızın, öyrəndiklərimizin son olmadığını anlayaq, bildiklərimizə də şübhə ilə baxıb daha çox bilik əldə etməyə çalışaq. Çox şey öyrənməklə ağlımızın daha doğru qərarlar verməsinə nail oluruq. Bununla, həm də süni zəkanın insandan niyə daha ağıllı olduğunu anlamaq çətin olmur, çünki süni zəka daha çox biliyə sahibdir. Bir insan yaşadığı illər ərzində müəyyən biliklər əldə edə bilir, süni zəka isə bu günə qədər insan övladının, bəşəriyyətin qazandığı bütün biliklərə sahib ola bilir. Təəssüf ki, bir insanın hamıya yetəcək qədər biliyi olmaya bilər, lakin hər bir insanın həyatını düzgün yaşamağa bəs edəcək, ətrafndakılara faydalı ola biləcək qədər biliyə həmişə ehtiyacı olur və bunun üçün də mütləq oxumağa, öyrənməyə çalışmalıdır. Çünki bilik elə-belə qazanılmır.

Müəyyən bilik sahibləri isə hər zaman hörmətə layiqdirlər: müəllimlər, həkimlər, memarlar, mühəndislər, hərbçilər, pilotlar, gəmi kapitanları, kosmonavtlar və digər peşə sahibləri oxuyaraq, öyrənərək, çətinliklərə dözərək  bilik əldə edirlər. Bu bilk isə onlara ağıllı olmağa, yəni ağlını işlətməyə, ağıllı qərarlar, yəni biliyə əsaslanan qərarlar verməyə kömək edir.

Deməli, ağılla verilən qərar biliyə əsaslanan qərardır. Beləliklə, mən də atamın mənə dediyi fikrin sirrini tapmış oldum, çətin olsa da, uzun zaman alsa da, amma tapdığıma sevindim.

Ağıllı olmaq istəyirsinizsə, oxuyun, müşahidə edin, diqqətli olun və öyrənin. Bilik hər zaman gərəklidir.

İnsanın, sadəcə, yeyib- yatmaq üçün yaradıldığını düşünmək Tanrının əməyinə hörmətsizlikdir. Quran kitabını göndərməklə Tanrı insanlara OXU-dedi! Nə oxuyrsunuzsa oxuyun, həm də Quran kitabını oxuyun, orda yazılanlara başa düşdüyünüz qədər əməl edin, şəxsən mənim stolüstü kitabımdır. Hamınıza uğurlar!!!

Ağlın diğər xüsusiyyətləri barədə isə gələn yazımda. Çünki mövzu kifayət qədər geniş və mübahisə yarada bilir.

Mehparə Rəhimqızı.

18.07.2025 Mingəçevir.

 

 

 

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.