Ağcabədidə də “Ekoloji təmiz məhsul” istehsalı təşviq olunur
Aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayevin fikrincə, kimyəvi tərkibli üzvi maddələrdən istifadə insan sağlamlığına zərər vurmaqla yanaşı torpağın da mikroorqanizmilərini məhv edir
Ekoloji İnformasiya İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qarabağ İqtisadi Rayonunun fermerləri arasında “ekoloji təmiz məhsul “ istehsalının təşviqi” layihəsi çərçivəsində 2022-ci il noyabrın 1-də Ağcabədi şəhərində 25 nəfər fermer üçün seminar təşkil edib. Bu barədə birlik məlumat yaıb.
Məlumatda deyilir ki, tədbir öncəsi ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, bundan sonra layihənin ideyası, qarşıya qoyulan məqsəd və vəzifələrdən danışılıb. Birliyin sədri Musa Muradlı bildirib ki, dünyada daha çox kənd təsərrüfatı məhsulları istehsal etmək üçün kimyəvi tərkibli üzvi gübrələrdən və bitkiləri zərərverici həşaratlardan qorumaq məqsədilə pestisidlərdən, eləcə də herbisitlərdən istifadə olunur: “Bu da öz növbəsində insan sağlamlığına mənfi təsir göstərir. Nəticədə arzuolunmayan xəstəliklərin sayı çoxalır, bir çox hallarda xəstəliklər cavanlaşır. Buna görə də ekoloji məhsul istehsalına və onun təşviqinə ehtiyac böyükdür. Fermerlərimiz məhsul istehsal edərkən sağlamlıq amilini nəzərə almalı, istehlakçılar üçün keyfiyyətli məhsulların yetişdirilməsinə önəm verməlidirlər”.
Layihənin eksperti ekoloq, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev izah edib ki, kimyəvi tərkibli üzvi maddələrdən istifadə insan sağlamlığına zərər vurmaqla yanaşı torpağın da mikroorqanizmilərini məhv edir: “Torpağın məhsuldarlığı tədricən azalır. Ekoloji təmiz kənd təsərrüfatı isə ətraf mühitin təbii ehtiyatlarından istifadə etməklə həm torpağın mineral ehtiyatlarını artırmaq olar, həm də sağlamlığı möhkəmləndirən məhsulların yetişdirilməsinə nail olarıq”.
Məlumatda o da bildirilir ki, seminarda 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev, Ağcabədi DAİM-in direktoru Abbas Süleymanov, Ağcabədi rayon İcra Hakimiyyətinin əməkdaşı Muxtar Bağırov da ekoloji təmiz məhsul istehsalının aktuallığından danışıblar. Çıxışlardan sonra çay süfrəsi arxasında müzakirələr aparılıb. İştirakçılara təşviqat materialları və bukletlər paylanıb.
Şərhlər bağlıdır.