“ADAM kimi ADAM Şaiq Həmidov dünyasını dəyişdi”
Sonuncu dəfə 2018-ci ilin dekabrında qızımın Bakıda keçirilən toyunda görüşmüşdük. Mingəçevirdəki toydan fərqli olaraq, oğlan evinin məclisinə yaxın qohumlarımı deyil, seçmə dostlarımı dəvət etmişdim. Neçə saat söhbət etdik, mingəçevirlilərin Bakıda gördüyü işlərdən, şəhərimizlə bağlı planlarından danışdıq.
Tez-tez yazışırdıq. Mayın 24-də WhatsApp-da Ramazan bayramı münasibətilə təbrik göndərmişdim: “Allah dualarınızı qəbul, evinizi ruzili-bərəkətli, canınızı sağ eləsin. Bayramınız mübarək!”.
Cəmi 8 dəqiqə sonra belə cavab yazmışdı: “ السلام عليكم ورحمة الله وبركاته.عيدكم مبارك.تقبل الله منا و منكم صالح الاعمال. Əssəlamu əleykum və rahmətullahi və bərəkətuhu.Bayraminiz mübarək olsun Allah sizdən və bizdən saheh əməlləri qəbul etsin”.
Bilmirəm, bəlkə də bu cavabı göndərəndə dostum özünü haqq dünyasına hazırlayırmış. Bəlkə də dünyadan köçəcəyi günü bilirmiş… Amma çevrəsindəkilərin əksəriyyəti kimi mənim də onun belə tez gedəcəyinə inanmağım gəlmir. Axı hələ yetmişə çatmamışdı. 2020-nin payızında 69 yaşı olacaqdı…
Tez xəbər çatdıran internet səhifələrini vərəqləyirəm:
“Trend-in məlumatına görə, Azərbaycanda müxtəlif paralimpiya idman sahələrində çalışmış Şaiq Həmidov bu gün vəfat edib.
Qeyd edək ki, Şaiq Həmidov 2013-cü ildə Milli Paralimpiya Komitəsinin IV hesabat Seçki Konqresində Milli Paralimpiya Komitəsinin Vitse prezidenti vəzifəsinə seçilib. 2008-ci ildə Pekin, 2012-ci ildə London Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini olub. AFFA-da hakim inspektor vəzifəsində çalışıb.
Allah rəhmət eləsin!”
MedEra Hospitalın həkimi İbrahim Əsgərli facebook səhifəsində yazır ki, bu gün səhəri üzüntü, kədər doğuran xəbərlə açıb: “Gözəl insan, əvəzedilməz dost, ağsaqqal, təcrübəli ictimai və İdman xadimi, sadaladığım insani keyfiyyətlərdən çox daha önəmli olan sözün əsl mənasında ADAM kimi ADAM Şaiq Həmidov dünyasını dəyişdi. Şaiq müəllim haqqında nə qədər gözəl sözlər ithaf etsək azdır. Mən onunla ölkəmizdə çox sayda idman tədbirlərində və xarici səfərlərdə olmuşam. Hər kəsə örnək olacaq qayğıkeşliyi, insanlığı,ahıl yaşında olmasına rəğmən gənc ruhu,həyatsevərliyi,dostluğu və səmimiyyətini hər zaman hiss etmişəm. Sözün qısası ONUN haqqında nə qədər gözəl sözlər yazsam azdır, sözlər belə acizdir. ALLAH SİZƏ RƏHMƏT ELƏSİN, BAĞIŞLASIN, MƏKANINIZ CƏNNƏT OLSUN. YERİNİZ MƏNİM VƏ BÜTÜN SEVƏNLƏRİNİZ ÜÇÜN HƏR ZAMAN HİSS OLUNACAQ, Şaiq Həmidov!”
Doğrudan da bu gün Azərbaycanda və dünyada Şaiq müəllim yetərincə tanınır. Amma Mingəçevirdə çox az adam ola bilər ki, onu tanımasın. Gənclik illərində şəhərdəki R.Qəhrəmanov adına 14 saylı məktəbdə direktor müavini işləyib. O, 1983-cü ildən 1995-ci ilə kimi “Spartak” Könüllü İdman Cəmiyyəti Mingəçevir Şəhər Şurasına rəhbərlik edib, Azərbaycanın Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətində müxtəlif vəzifələrdə çalışmışdır. Bir sözlə, faydalı ömrünün böyük bir hissəsini bu şəhərin təhsilinə və idmanına, inkişafına və faydasına xərcləyib. Böyükdən kiçiyə kimi hamıya yarayıb, bir kimsəni zərrə qədər də incitməyib. Buna görə də mingəçevirlilər Şaiq müəllimin aramızdan getməsinə ata-analarının, digər əzizlərinin itkisi kimi dözə bilmirlər.
Beşaret Mabudova: “Ay bu cür oğlanı alan düňya… Daha nəyə lazımsan? Zərbə üstən zərbə vuran dünya, Əlin-qolun qurusun! Təkcə varlığın başımız idi, ay Şaiq, neynədin? İndi sənsiz səni sevənlərin, biz dostların necə yaşayaq, ay insafsız…”
Akif Mehraliyev: “ULU TANRI o dunyanı versin , ƏZİZ DOSTUM !!! 3 gün öncə telefonla danışdıq ve belə qərarlaşdırdıq ki , 15-indən sonra yollar acısa, Mingəcevirimizə gedək, 2 gün Ana Kürümüzün qoynunda yeyib-içib, balıq tutub istirahət edek!”
Sıxı Yaqubov: “Əlim gəlmir yazmağa. Yaza bilmirəm. İnanmıram ölümünə. Allah rəhmət eləsin. Yaxınlarına, doğmalarına allah səbrlər versin. Bütün uğurlarıma birinci sevinənlərdən, təbrik edənlərdən biriydin. Yerin behişt olsun, qardaşlm”.
Fərhad Hüseynov: “Bir daha sənə rəhmət diləyirəm, Şaiq müəllim. 1996-cı ildən göruşməmişdik. Aramizda yaş fərqimiz olsa da kimdənsə nömrəmi tapib Moskvaya mənə özun zəng etmişdin. İlahi, mənim ugurlarima uşaq kimi neçə sevinirdin. Sən belə BÖYUK idin! Nur icində yat, hamının dostu, sirdaşi, köməyi olan böyuk insan! Ruhun şad olsun!”
Bu sətirləri yazsam da inana bilmirəm ki, belə böyük İNSAN, əvəzsiz ŞƏXSİYYƏT, tükənməz enerjisi olan KİŞİ sakitcə gedə bilər. Əlim üzümdə qalıb, ona Uca Tanrıdan rəhmət diəyən dilim isə söz tutmur…
Şərhlər bağlıdır.