Mingəçevir Turizm Kollecində Dövlət Bayrağı günü qeyd olunub
Azərbaycan Respublikasının Dövlət Bayrağı günü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə bayram edilib. İnşa, rəsm və ən yaxşı divar qəzetləri nominasiyası üzrə keçirilən müsabiqələrdə istedadlı tələbələr vətənpərvər duyğularını ustalıqla yaradıcı nümunələrdə əks etdirib. O cümlədən tədbirlər silsiləsinə daxil olan rəsm və əl işləri sərgisi bayram iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Sərgidə bir-birinidən məzmunlu əsərlər nümayiş olunub. Eyni zamanda sərgi iştirakçılarına monitor vasitəsilə Dövlət Bayrağı tarixindən bəhs edən videoçarx təqdim olunub.
Nəhayət tədbirlərin zirvə nöqtəsi olan “Azərbaycanın Dövlət Bayrağı xalqımızın milli mənəvi sərvətlərindəndir” adlı elmi-nəzəri konfransda bir araya gələn kollektiv üzvləri vətənpərvər müzakirələrin fəal iştirakçısına çevrilib. Konfrans iştirakçılarını bayram münasibəti ilə təbrik edən kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov ən xoş arzularını paylaşıb. O, Azərbaycan xalqının dövlətçilik tarixinə diqqət çəkərək, üç rəngli Dövlət Bayrağımızın şərəfli və keşməkəşli tarixindən maraqlı faktlar açıqlayıb. Akademik məsləhətçi Günel İsmayılova, tələbələrdən Sevinc Ağayeva və Gülməkan Fətəliyeva mövzu ilə bağlı məruzələr ediblər. Konfrans kollec tələbə özfəaliyyət qrupu fəallarının musiqili proqramı ilə başa çatıb.
Şərhlər bağlıdır.