Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Heydər Əliyev İrsinin Davamçıları – Konstitusiya Elçiləri” layihəsi çərçivəsində növbəti maarifləndirici təlim keçirilib

50

Azərbaycan Respublikası Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi fərdi qrant müsabiqəsinin qalibi olmuş “Heydər Əliyev İrsinin Davamçıları – Konstitusiya Elçiləri” layihəsi uğurla icra olunmağa davam edir.
Layihə çərçivəsində növbəti maarifləndirici təlim Mingəçevir Gənclər Evində baş tutub. Təlim gənclərin Konstitusiya biliklərinin artırılması, hüquqi maarifləndirmə, milli suverenlik və dövlətçilik dəyərlərinin aşılanması məqsədi daşıyıb.
Təlim Mingəçevir Dövlət Universitetinin hüquqşünası, ehtiyatda olan polis mayoru Polad Atayev tərəfindən həyata keçirilib. Təlimçi çıxışı zamanı Ulu Öndər Heydər Əliyevin Azərbaycan Konstitusiyasının formalaşmasında və möhkəmləndirilməsində müstəsna rolu, müstəqil dövlətçilik ənənələrinin hüquqi əsaslarının yaradılması, hüquqi dövlət quruculuğu istiqamətində atdığı tarixi addımlar barədə geniş və əhatəli məlumat verib.
Təlim zamanı iştirakçılara Konstitusiyanın qəbul olunma tarixi, əsas prinsipləri, vətəndaşların hüquq və azadlıqları, dövlət hakimiyyətinin bölgüsü, suverenliyin hüquqi təminat mexanizmləri və Konstitusiyanın cəmiyyətdəki rolu ətraflı şəkildə izah olunub. Xüsusilə Heydər Əliyevin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində apardığı islahatlar, Konstitusiyanın dövlətçilik ideologiyasının əsas dayağı kimi əhəmiyyəti vurğulanıb.
Təlim interaktiv formatda təşkil olunub, gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb, real hüquqi nümunələr əsasında müzakirələr aparılıb. Bu da iştirakçıların mövzunu daha dərindən mənimsəməsinə və hüquqi düşüncə tərzinin formalaşmasına şərait yaradıb.
Qeyd edək ki, layihənin əsas məqsədi gənclər arasında Konstitusiya dəyərlərinin təbliği, hüquqi savadlılığın artırılması, milli suverenlik və dövlətçilik şüurunun gücləndirilməsidir. Layihə çərçivəsində növbəti mərhələlərdə də silsilə maarifləndirici təlim və görüşlərin keçirilməsi nəzərdə tutulur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.