Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Rektor Anar Eminov MDU-nun aktiv tələbələri ilə görüşdü: “Tələbəlik illəri liderliyə gedən yolun başlanğıcıdır”

16

Mingəçevir Dövlət Universitetində (MDU) tələbə fəallığının artırılması, gənclərin təşəbbüslərinin dəstəklənməsi və universitet həyatında onların daha fəal iştirakının təmin edilməsi məqsədilə maraqlı görüş keçirilib. Universitetin Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə təşkil olunan “TGT nədir?” adlı tədbir çərçivəsində MDU-nun rektoru Anar Eminov universitetin aktiv tələbələri ilə görüşüb.

Universitetin akt zalında baş tutan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açılıb. Görüşdə universitet rəhbərliyi, TGT üzvləri, fakültə nümayəndələri və müxtəlif tələbə klublarının üzvləri iştirak ediblər. Zalda gənclərin enerjisi və birliyi, universitetin canlı, dinamik təhsil mühitini bir daha nümayiş etdirib.

Çıxışında rektor Anar Eminov tələbələrlə birbaşa ünsiyyətin əhəmiyyətindən danışaraq onların universitet həyatının mərkəzində dayandığını qeyd edib. O bildirib ki, tələbəlik illəri təkcə akademik biliklər qazanmaq mərhələsi deyil, həm də liderlik, ünsiyyət və komanda bacarıqlarının formalaşdığı, şəxsi inkişaf üçün mühüm imkanların yarandığı dövrdür. “Biz tələbələrimizin yaradıcılığını, təşəbbüskarlığını və ictimai fəallığını dəstəkləyirik. Universitet həyatının rəngarəngliyi məhz gənclərin enerjisi, ideyaları və həyata baxışı ilə formalaşır”, – deyə rektor vurğulayıb.

O, tələbələri müxtəlif klublarda, təşkilatlarda və könüllülük fəaliyyətlərində fəal olmağa çağırıb, universitet rəhbərliyi adından gənclərin bütün müsbət təşəbbüslərinə dəstək veriləcəyini bildirib. Görüş zamanı tələbələr təhsil, sosial fəaliyyət, yeni layihələr və universitetin inkişafı ilə bağlı çoxsaylı suallar ünvanlayıblar. Anar Eminov onların ideya və təkliflərini dinləyərək, bu təşəbbüslərin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılacağını qeyd edib.

Tədbirdə Tələbə Gənclər Təşkilatının sədri Aslan Ələkbərzadə təşkilatın məqsədləri, fəaliyyəti və struktur bölmələri barədə geniş məlumat verib. O bildirib ki, TGT tələbələrin sosial, mədəni və intellektual inkişafına xidmət edən çoxsaylı layihələr həyata keçirir və gənclərin öz potensiallarını reallaşdırmaları üçün geniş imkanlar yaradır. Daha sonra TGT nəzdində fəaliyyət göstərən klub və dərnəklərin sədrləri çıxış edərək rəhbərlik etdikləri birliklərin fəaliyyəti, həyata keçirdikləri layihələr və gələcək planları haqqında danışıblar.

Görüş səmimi müzakirələr, qarşılıqlı fikir mübadiləsi və yeni ideyaların paylaşılması ilə yadda qalıb. Tələbələr rektorla birbaşa ünsiyyət imkanı əldə etdikləri üçün məmnunluqlarını ifadə ediblər. Tədbir MDU gəncliyinin həmrəyliyini və universitetdə tələbə təşəbbüslərinə göstərilən yüksək diqqəti bir daha nümayiş etdirib.

Bu görüş bir daha sübut etdi ki, Mingəçevir Dövlət Universitetində tələbələr yalnız təhsil alan gənclər deyil, həm də universitetin gələcəyini formalaşdıran əsas qüvvədir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.