Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“ART-Studio” Layihəsinin Bağlanış Tədbiri Keçirildi

art_studio_baglash_tedbiri

16
Xaldan Kənd Kompleks Tam Orta Məktəbində həyata keçirilən “ART-Studio” layihəsinin bağlanış tədbiri baş tutub. Layihənin əsas məqsədi istedadlı şagirdləri dəstəkləmək, onların yaradıcılıq potensialını inkişaf etdirmək və sənətə marağını artırmaq olub.
Layihə çərçivəsində məktəbdə xüsusi ART-Studio otağı yaradılıb. Burada şagirdlər üçün müasir incəsənət və yaradıcı təlimlər keçirilib, onların bədii bacarıqlarının inkişafına yönəlmiş ustad dərsləri təşkil olunub. Layihə boyunca müxtəlif janrlarda rəsm, dekorativ-tətbiqi sənət nümunələri və digər yaradıcı fəaliyyətlər üzrə məşğələlər aparılıb.
Bağlanış tədbiri şagirdlərin əl işlərindən ibarət sərgi ilə açılıb. Sərgidə şagirdlərin rəsm əsərləri, dekorativ tətbiqi sənət nümunələri, heykəltəraşlıq işləri və digər yaradıcılıq nümunələri nümayiş olunub. Tədbir iştirakçıları şagirdlərin yaratdığı əsərləri maraqla izləyib, onların incəsənət sahəsində qazandıqları bilik və bacarıqlarla yaxından tanış olublar.
Tədbirdə çıxış edən layihə rəhbəri Pərvanə Hacıyeva bildirib ki, “ART-Studio” yaradıcı təfəkkürün inkişafına yönəlmiş mühüm bir təşəbbüsdür və bu cür layihələr məktəblilərin bədii istedadını üzə çıxarmağa və onlara dəstək olmağa imkan yaradır.
Məktəbin direktoru Günel Yusifzadə, şagirdlərin yaradıcılıq fəaliyyətində fəal iştirakının sevindirici olduğunu vurğulayaraq, “ART-Studio” layihəsinin onların incəsənətə marağını artırdığını və gələcəkdə belə təşəbbüslərin davam etdirilməsinin vacibliyini qeyd edib.
Təlimçi-ekspert Aynur Araz isə öz çıxışında yaradıcı fəaliyyətin şagirdlərin intellektual və emosional inkişafında mühüm rol oynadığını bildirib. O, qeyd edib ki, sənət təhsili təkcə bədii bacarıqları deyil, eyni zamanda estetik düşüncəni və ifadə qabiliyyətini də gücləndirir.
Bağlanış tədbirində layihədə fəal iştirak edən şagirdlərə sertifikatlar təqdim olunub.
Bu uğurlu layihə Xaldan Kənd Kompleks Tam Orta Məktəbində incəsənət təhsilinə və yaradıcı inkişafın dəstəklənməsinə mühüm töhfə verib. “ART-Studio” layihəsinin davamlılığı üçün məktəb rəhbərliyi gələcəkdə də istedadlı şagirdlər üçün bədii fəaliyyətlərin təşviq olunacağını və yaradıcı layihələrin genişləndiriləcəyini bildirib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.