Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə “Konstitusiya və Suverenlik İli” — dövlətçilik və birliyə dəstək

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü görüşün əsas mövzusu oldu

Martın 11-də Mingəçevir Gənclər Evinin konfrans zalında Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində görüş keçirilib. Görüşdə şəhərin müxtəlif təşkilatlarının, idarə və müəssisələrinin nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Dövlət Himni səsləndirilib.

İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun çıxışı ilə davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin fəaliyyətinə dair, eləcə də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş video təqdim edilib.

İ.İsmayılov bildirib ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2024-cü il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib və təsdiq olunmuş Tədbirlər Planına əsasən çoxsaylı əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulub. İlham İsmayılov vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası 2020-ci ildə 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin edib, 2023-cü ildə isə birgünlük antiterror əməliyyatı nəticəsində tam suverenliyini bərpa edərək keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu tarixi dövrdə siyasi sabitliyin qorunması, regionda daimi sülh və etibarlı təhlükəsizliyin təmin edilməsi xüsusi əhəmiyyət daşıyır.

Mingəçevir Şəhər Prokurorluğunun müavini və ədliyyə müşaviri Balahüseyn Şabanov “Azərbaycan Respublikası Konstitusiyası dövlət müstəqilliyimizin qarantıdır” mövzusunda çıxış edib. O, Azərbaycan Konstitusiyasının 9-cu maddəsinə istinad edərək vurğulayıb ki, ölkəmiz öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədilə Silahlı Qüvvələr yaradıb. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və digər silahlı birləşmələrdən ibarətdir. Həmçinin Konstitusiyanın 9-cu maddəsinin 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikası digər dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir. 44 günlük Vətən müharibəsində isə Azərbaycan Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə  ərazi suverenliyini bərpa etmək üçün müharibəni məcburi vasitə kimi istifadə edərək, tarixi torpaqlarını işğaldan azad edib.

Daha sonra Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “Azərbaycan Respublikasında Dövlət Suverenliyi gününün təsis edilməsi dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edir”, Mingəçevir Dövlət Universitetinin hüquqşünası Polad Atayev “Konstitusiyamız ölkəmizdə insan hüquq və azadlıqlarının təminatçısıdır”, 14 saylı tam orta məktəbin tarix müəllimi Afaq Mustafayeva isə “Konstitusiya və Suverenlik İlinin elan edilməsi birliyimizin və həmrəyliyimizin ifadəsidir” mövzularında çıxışlar ediblər.

Görüş iştirakçıların fəal müzakirələri ilə yekunlaşıb.

 

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.