Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bələdiyyə üzvlüyünə namizədlər: müstəqillik və inamın bərpası

İctimaiyyətin çağırışı: “Seçkiyə gəlmək ictimai fəallıqdır”

23 yanvar 2025-ci il tarixində Mingəçevir Media Mərkəzində Mingəçevir Bələdiyyəsi üzvlüyünə namizədliyini irəli sürən şəxslərlə media və ictimaiyyət nümayəndələrinin iştirakı ilə əhəmiyyətli görüş keçirilib. Tədbirin məqsədi namizədlərin platformalarını seçicilərə tanıtmaq və onların şəhərin inkişafı ilə bağlı təkliflərini müzakirə etmək olub. Görüşdə həm namizədlərin öz fikirləri, həm də ictimaiyyətin və jurnalistlərin sualları diqqət mərkəzində idi.

Tədbirdə “Mingəçevir işıqları” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Fərman Nəbiyev də iştirak edib. O, namizədlərə uğurlar diləyərək aşağıdakı sualları ünvanlayıb:

  • Sizi bu seçkilərdə iştirak etməyə nə təşviq etdi?
  • Hədəfləriniz nədir?
  • Şəxsi və peşəkar təcrübəniz bu vəzifədə sizə hansı üstünlükləri qazandırır?
  • Mingəçevirin ən böyük problemləri hansılardır və onları necə həll etməyi düşünürsünüz?

Namizədlərin fikirləri

Namizədlər müxtəlif problemlərə toxunub, şəhərin inkişafı ilə bağlı konkret təkliflər irəli sürüblər.

Fəxrəddin Məbudov bələdiyyənin müstəqilliyini vurğulayıb:
“Bələdiyyənin maliyyə imkanları artırılmalıdır ki, qurum heç bir təşkilatdan asılı olmadan fəaliyyət göstərə bilsin. Xalqın 90 faizinin bələdiyyəyə olan inamı azalıb və bu, ciddi bir problemdir. Bu inamı bərpa etmək üçün sözünü deyə bilən şəxslər seçilməlidir”.

O, həmçinin nəqliyyat və ekologiya məsələlərinə də toxunub: “Mingəçevirdə ictimai nəqliyyat köhnədir, ekologiyaya ciddi ziyan vurur. Avtobus marşrutları optimallaşdırılmalıdır. Kanalizasiya xətlərinin düzgün işləməməsi şəhərdə üfunətə səbəb olur”.

Əfqan Şirinov bələdiyyə üçün hüquqi bazanın yaradılmasının vacibliyini bildirib:
“Vergidən yayınmaların qarşısı alınmalı və şəhərdə yeni iş yerləri yaradılmalıdır. Kür çayı sahilində istirahət məkanları sahibkarlar tərəfindən zəbt edilib. Su hövzəsi ətrafında ictimaiyyət üçün daha yaxşı şərait yaradılmalıdır. Bununla yanaşı, bələdiyyələrə peşəkar mütəxəssislər cəlb edilməli və böyük layihələr həyata keçirilməlidir”.

Şirin Ağayev xarici təcrübəyə istinad edərək Azərbaycandakı bələdiyyələrin də müstəqilliyə nail olmasının vacibliyini qeyd edib:
“Bələdiyyələr müstəqil olduqda digər idarələrin işini yüngülləşdirirlər. Kür sahilində gəzinti üçün yer azdır və restoranların tüstüsü təmiz havanı məhdudlaşdırır. Həssas qruplarla – şəhid ailələri, qazilər və veteranlarla sıx əməkdaşlıq vacibdir”.

Faiq Həmzəyev isə tikinti və bərpa işlərinin genişləndirilməsini təklif edib:
“Kür sahilində yerləşən restoranların tullantıları birbaşa çaya axıdılır. Bu, ekoloji problemdir və təcili həllini tapmalıdır”.

Rövşən Həsənov gənclərin məşğulluğu və idmanla bağlı problemlərə diqqət çəkib:
“Gənclərin idmanla məşğul olması üçün Energetiklər qəsəbəsindəki idman kompleksi bərpa edilməlidir. Bu qəsəbədə  Zəfər parkı,  su hövzəsi ətrafında isə meşə zolağı salına bilər. Gənclər üçün iş yerlərinin yaradılmasında bələdiyyə fəal iştirak etməlidir”.

İctimaiyyətin çağırışı

Tədbirdə həmçinin EkoTES İctimai Birliyinin sədri Çingiz Nəzərov və media nümayəndəsi İnqilab Şirinli iştirak ediblər. Onlar seçiciləri seçkilərə gəlməyə çağıraraq qeyd ediblər ki, seçkilər hər bir vətəndaşın cəmiyyətə təsir göstərmək imkanıdır.

Seçkilərə hazırlıq

Azərbaycanda Bələdiyyə seçkiləri 29 yanvar 2025-ci il tarixində keçiriləcək. Mingəçevir Bələdiyyəsinə namizədlər 53 saylı Yevlax-Mingəçevir dairəsi üzrə 4 nəfər və 54 saylı Mingəçevir seçki dairəsi üzrə 40 nəfərdir. Ümumilikdə, 19 yer uğrunda mübarizə gedir. Seçkilərin ilkin rəsmi nəticələrinin 29 yanvar gecəsi və ya 30 yanvar səhəri elan ediləcəyi gözlənilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.