Mingəçevirdə “Valeh Kərimov həftəsi” möhtəşəm qala tədbiri ilə başa çatıb
Mingəçevir Dövlət Dram Teatrının quruluşçu rejissoru, Azərbaycanın Xalq artisti, Prezident təqaüdçüsü Valeh Kərimovun 80 illik yubileyi qeyd olunub
Aprel ayının 1-dən 6-dək davam edən “Valeh Kərimov həftəsi” fərqli qala gecəsi ilə başa çatıb. Ağdaş rayonundan başlanan həftədə hər gün ya Valeh Kərimovun oynadığı, ya da onun quruluş verdiyi tamaşa nümayiş olunub. Qala gecəsinə isə respublikanın sənət adamları, incəsənət xadimləri təşrif gətirmişdilər. Bir-birini əvəzləyən ürək sözləri, təltif və hədiyyələr, rəngarəng səhnəciklər, mahnı töhfələri, xüsusən aktyor Paşa Salmanovun ifasında şərqilər alqışlarla qarşılanıb. “Moşu Göyəzənli” kimi yaddaşlarda iz buraxan Valeh Kərimov təbriklərə cavab verib, tamaşalardan parçalar oynayıb, duzlu-məzəli yumorunu auditoriyadan əsirgəməyib.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin müdiri Aydın Bəşirov 80 illik yubileyi münasibətilə Valeh Kərimova təbriklərini çatdırıb və onun həyat yoluna nəzər salıblar. Azərbaycan Teatr Xadimləri İttifaqı, Azərbaycan Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Gəncə Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı, Bakı – Uşaq və Gənclər Teatrının nümayəndələri də bu yaddaqalan gündə həmkarlarının yanında olub, təəssüratlarını bölüşüblər. Mingəçevir Teatrının kollektivi isə Valeh Kərimovu yenə də “Varlı qadın”ın “əsirinə” çevirib.
Üzərinə əksi vurulan torta baxan yubilyar isə tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edib: “İndiyədək dəbdəbəli ad günü keçirməmişəm. Bu “oyunu” İntiqam Soltanla Vüsal Mehrəliyev başıma açıb. Çalışdığım kollektiv də, Bakıdan, Gəncədən, Azərbaycanın dörd bir yanından gələn həmkarlarım da qoşulub onlara. Yaxşı ki, varsınız”.
Yekun tədbirinin ssenarisi yazıçı Elçin Məhərrəmliyə, quruluşu isə Vüsal Mehrəliyevə məxsusdur. Layihənin ideya rəhbəri və tədbirin aparıcısı isə Azərbaycan Respublikasının Əməkdar artisti İntiqam Soltan idi.
Tamaşaçılar bu dəfə də Mingəçevir Dövlət Dram Teatrından xoş duyğularla ayrıldılar.
Şərhlər bağlıdır.