“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol”
Mingəçevirdə təmiz ətraf mühit üçün dəyirmi masa, ardınca ağacəkmə aksiyası keçirilib
2024-cü il martın 5-də Mingəçevir Gənclər Evində “Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda dəyirmi masa keçirilib. Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbir torpaqlarımızın qorunması və azad olunması uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsinin yad olunması ilə başlayıb.
İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 2024-cü ilin “Yaşıl Dünya Naminə Həmrəylik ili” elan olunması barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli sərəncamını diqqətə çatdırıb. O, qeyd edib ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib: “Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Bu il Azərbaycan həm də COP 29 tədbirinə ev sahibliyi edir. Dünya Birliyinin bir daha Azərbaycanı bu mötəbər tədbirdə dəstəkləməsinin əsasında ölkəmizin qazandığı nüfuzu, etibarlı tərəfdaş kimi özünü təsdiq etməsi dayanır. Biz isə ona görə bura toplaşmışıq ki, “Yaşıl Dünya Naminə Həmrəylik ili”ndə mingəçevirlilərin qarşısında duran vəzifələri müəyyənləşdirək, il ərzində görüləcək işləri planlaşdıraq”.
MDU-nun şöbə müdiri, dosent Asim Məmmədov, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçisi Ülkər Paşayeva, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir Təhsil sektorunun Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Ədalət Quliyeva və başqaları çıxış edərək, fikir və təkliflərini bildiriblər. Tədbirdə “Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda videoçarx nümayiş olunub.
Dəyirmi masadan sonra iştirakçılar şəhərimizin Bayraq Meydanı yaxınlığındakı əraziyə gedərək, yaşıllıq zolaqlarında müxtəlif növ ağac tingləri əkiblər.
Dəyirmi masada və ağacəkmə aksiyasında şəhər İcra Hakimiyyəti, YAP şəhər təşkilatı, hüquq- mühafizə orqanları və digər idarələrin, orta, orta ixtisas və ali təhsil müəssisələrinin, mətbuat və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
Şərhlər bağlıdır.