Mingəçevirin Mərkəzi bazarına baxış keçirilib
Hökumət və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi baxışda bazarın qarşısının və ətrafının antisanitar vəziyyətdə olduğu müşahidə edilib
22 dekabr 2023-cü ildə Mingəçevir şəhər İcra Hakimiyyəti aparatının məsul işçiləri, İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, mətbuat nümayəndələri və şəhər Polis şöbəsinin əməkdaşları Mingəçevirin Mərkəzi bazarına baxış keçiriblər. Məqsəd bazarın qarşısında və ətrafında antisanitar şəraitdə kənd təsərrüfatı məhsullarının satışının qarşısını almaq olub. Bundan əvvəl mövcud qrup vəziyyəti İcra Hakimiyyətində başçısının müavini Fərid Məmmədovun və bazar rəhbərlərinin iştirakilə müzakirə edib. Çıxış yolu kimi ilkin mərhələdə satıcıları maarifləndirmək yolu seçilib.
Bu dəfə Mərkəzi bazarın satıcıları ilə söhbətlər aparılıb, onlar üçün bazarın içərisində yaradılan piştaxtalardan istifadə etmək tövsiyə olunub. İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunun müdiri İlqar Pirməmmədov bildirib ki, mövcud vəziyyətdə satış aparmaq qanunauyğun deyil: “Siz nəzərdə tutulmayan yerdə satış həyata keçirməklə qanunu pozursunuz. Üstəlik bu işi antisanitar şəraitdə həyata keçirirsiniz. Yoluxucu xəstəliklərin tüğyan elədiyi bir vaxtda ərzaq, tərəvəz və digər qidaları ayaq altına töküb satmaq həm də başqalarının sağlamlığına ziyan vurmaqdır. Halbuki bazarların içərisində normal satış üçün yerlər mövcuddur. Həmin ərazilər üstü örtülü və işıqlıdır. Başınıza yağış yağmır. Biz bura şəhər rəhbərinin tapşırığı ilə gəlmişik və razılığınızla problemin həllinə çalışırıq. Əgər kimsə etiraz edəcəksə, qanunun sərt üzü ilə qarşılaşacaq”.
Məsələyə ictimaiyyət, polis və bazar nümayəndələri də münasibətlərini açılqlayıblar. Eyni zamanda satıcıların fikirləri dinlənilib. Küçədə satıcılıq fəaliyyəti ilə məşğul olanlar bazarların daxilində piştaxtaların azlıq etdiyini, müştərilərin içəridən alver etmək istəmədiklərini dilə gətiriblər. Bazrın içərisində alver edən bir satıcı isə deyib ki, əksəriyyət mallarını küçədə satdığından içəridə alıcı qıtlığı ilə üzləşiblər.
Müzakirədən sonra yeni ilin ilk günlərindən başlayaraq, məhsullarını bazarın içərisində ayrılmış yerlərdə satacaqları ilə bağlı satıcılarla razılıq əldə olunub. Eyni zamanda bazar rəhbərlərinin diqqətinə çatdırılıb ki, qısa müddətdə satış yerlərini təmir edərək, nümunəvi vəziyyətə gətirməyə borcludurlar.
Şərhlər bağlıdır.