2023-cü ilin dekabrın 1-də Mingəçevir Dövlət Universitetində (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzinin təşkilatçılığı ilə növbəti ustad dərs keçirilib. “Ekspert sistemləri” fənni üzrə təşkil edilən ustad dərsdə universitetin bir qrup akademik heyət üzvü və “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası üzrə təhsil alan magistrantları iştirak ediblər.
İnteraktiv şəkildə keçən ustad dərsdə Türkiyənin Karadeniz Texniki Universiteti Texnoloji fakültəsinin Proqram mühəndisliyi bölməsinin rəhbəri professor Hamdi Tolqa Kahraman “Ekspert sistemləri və süni intellekt” mövzusunda təqdimatla çıxış edib və iştirakçıların suallarını cavablandırıb.
Dərsdə, həmçinin “Ekspert sistemləri” fənninin sillabusunun təkmilləşdirilməsi və tədrisinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Ustad dərs iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, cari tədris ilindən MDU-da magistratura səviyyəsində tədris olunan fənlər üzrə tərəfdaş Türkiyə universitetlərinin dəstəyi ilə ustad dərslərə başlanılıb. Əsas məqsəd universitetdə magistratura təhsilinin məzmununun yenilənməsinə və keyfiyyətinin yüksəldilməsinə, eləcə də müvafiq ixtisaslar üzrə təhsil alanların və təhsil verənlərin bilik və bacarıqlarının artırılmasına töhfə verməkdir. Ustad dərslərlə bağlı təşkilati işlərə Qazi Universitetinin MDU-da fəaliyyət göstərən qonaq professorları Cemal Yılmaz və Evren Güçer koordinatorluq edirlər.
Şərhlər bağlıdır.