Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Məcburi köçkünlərin məşğulluq ehtiyacları

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin araşdırmalarının nəticəsi barədə hesabat

1.GİRİŞ

1988-1992-ci illərdə Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi – keçmiş Dağlıq Qarabağ, eləcə də ona bitişik olan 7 rayonun (Ağdam, Füzuli, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan və Kəlbəcər) ərazisi işğal olunub, bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Onlar respublikanın 62 şəhər və rayonunda, 1600-dən çox obyektdə məskunlaşmağa məcbur olublar. BMT Təhlükəsizlik Şurası münaqişənin tezliklə, sülh vasitəsi ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 1993-cü ildə 822, 853, 874, 884 saylı qətnamələr qəbul etsə də, icrası dinc yolla mümkün olmayıb.

Ermənistanın növbəti təxribatlarına və atəşkəsi pozmasına cavab olaraq, 27 sentyabr 2020-ci ildə Azərbaycan silahlı qüvvələri əks hücuma keçib, 30 il ərzində itirilmiş torpaqlarımızın böyük hissəsini 44 gündə azad etməklə, qaçqın və köçkünlərimizin doğma yurdlarına qayıtmasına şərait yaradıb. Bununla da Azərbaycan hökuməti “Böyük Qayıdış” proqramına – İkinci Qarabağ müharibəsindən sonra Qarabağı bərpa etmək prosesinə start verib. Buraya dağılmış şəhərlərin və binaların yenidən qurulması, ağıllı kəndlərin, eləcə də hava limanlarının tikintisi daxildir

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi də bu prosesdən kənarda qalmayıb. Birlik Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 2022-ci ildə “Məcburi köçkün icmalarında yaşlılar və gənclər arasında qayıdış perspektivi ilə bağlı sorğu və dialoqların keçirilməsi” və “Məcburi köçkünlərin məşğulluq ehtiyaclarının araşdırılması” adlı layihələri həyata keçirib. Məqsəd qayıdış ərəfəsində  köçkünlərə narahatlıq  yaradan məsələləri müzakirə etmək və hökumətə ismarıclar verməkdir.

2.MÜZAKİRƏ VƏ NƏTİCƏLƏR

Təbii ki, böyük infrastruktur layihələrinin həyata keçirilməsi qayıdış prosesini sürətləndirəcək. Amma unutmamalıyıq ki, köçkünlərin sosial-psixoloji vəziyyətini öyrənmədən və onları mənəvi cəhətdən qayıdışa hazırlamadan, eyni zamanda bu təbəqədən olan insanlara bacarıqlarına uyğun iş imkanları yaratmadan proses səmərəli ola bilməz.

2022-ci ilin əvvəlində Mingəçevirdə 20-dək köçkün icmasında və 4 fokus-qrup müzakirəsində müşahidələrimiz göstərdi ki, sadə insanların cavabını gözləyən kifayət qədər sualları var. Xüsusən heç bir işi olmayan və ancaq müavinətlə yaşayan köçkünlər soruşurdular: “Qayıdışa qədər bizə hansı peşələri öyrədə bilərlər?”, “Gələcəkdə nə kimi məşğulluq imkanları yaradılacaq?”

Yeri gəlmişkən, Mingəçevirdə sorğuya cəlb olunan  köçkünlərin 51,8%-i məvacibli işdə, 18,8%-i kənd təsərrüfatı sektorunda, 15,2%-i qeyri-kənd təsərrüfatı sektorunda özünəməşğulluqla çalışmağı üstün tutur. Yalnız 3,6% təsadüfi məvacibli iş (günəmuzd /mövsümi) arzulayıb. 10,7% isə pensiyaçı olduğunu bildirib.

Ammma iş yeri və məşğulluğa görə vəziyyət regiondan regiona dəyişir. Sentyabr-noyabr ayları ərzində Mingəçevirlə bərabər Bərdə və Ağdam bölgələrində keçirilən görüşlərdə məlum olub ki, Qarabağda məskunlaşanların böyük əksəriyyəti kənd təsərrüfatı sektorunda çalışmaq istəyirlər. Həm də onların hökumətə bir neçə vacib sualı yaanıb: “Qayıdışdan sonra nə işlə məşğul olacağıq? Ailəmizi saxlaya biləcəyikmi?”

Məsələ bundadır ki, dövlətin vəsaiti ilə Qarabağdan kənarda salınan köçkün şəhərciklərində məşğulluq məsələsi “unudulub”. Xüsusən də müavinətlər kəsiləndən sonra köçkünlər ehtiyaclarını ödəmək üçün iş axtarmaq zorunda qalıblar. Halbuki həmin qəsəbələrin yaxınlığında iş yerləri yaratmaqla həm köçkünləri ələbaxım psixologiyasından azad etmək (həmin məqsəd üçün ayrılan dövlət vəsaitini daha zəruri ehtiyaclara yönəltmək), həm də peşə öyrənmələrini stimullaşdırmaq mümkün idi.

2022-ci ilin sentyabr ayı ərzində üç bölgədə (Mingəçevirdə müxtəlif köçkün icmalarının, Bərdədə 866 sayı və Ağdamda “Bənövşələr” qəsəbələrinin sakinləri) keçirilən görüşlərdən, eyni zamanda Qaçqınkomun yerli nümayəndələri, Qarabağ və Mərkəzi Aran regional məşğulluq filiallarının əməkdaşları  ilə müsahibələrdən aydın oldu ki, hökumətin təkliflər paketi insanların gözləntiləri ilə tam üst-üstə düşmür. Məsələn, Ağdam rayonundan olan köçkün deyib ki, əksər ailə üzvləri işsizdir: “İki övladım var. Hərbi xidməti çəkiblər, amma iş tapa bilmirlər. İşsizlik övladlarımın psixologiyasını pozub”. “Biz kəndimizə qayıtsaq, yenə əvvəlki kimi xalça toxuyacaq, maldarlıq, üzümçülük və şərabçılıqla məşğul olacağıq. Biz sovet dövründə tələbə ikən hətta barama saxlayırdıq. Bütün ailə bu işlə məşğul idi. Torpaq olsa, iş olacaq. Amma indi nə torpağımız var, nə işimiz. Kişilər də vaxtlarını çayxanada keçirirlər”-Bu fikirləri isə Mingəçevirdə məskunlaşan köçkün qadın deyib.

Laçın rayonundan olan gəncin fikrincə, köçkünlər  qayıdışa hazır olmalıdırlar: “Azad olmuş torpaqlarımızda yeni obyektlər tikilir və biz orada işləməyə hazır olmalıyıq. Bunun üçün indidən yaxşı peşə təhsili almalıyıq”.

Bölgədə Bərdə istisna olmaqla, digər rayonlarda peşə öyrənmək imkanları azdır. Belə ki, son illər Bərdədə 100 ixtisas üzrə peşə təhsili verən məktəb açılıb, amma Mingəçevir Asan Peşə Məktəbində cəmi 5 ixtisas öyrədilir.

Dialoq və görüşlər zamanı məlum olub ki, köçkünlərin əksər hissəsi iş axtaranda ancaq məşğulluq mərkəzlərinə üz tuturlar, bir çox hallarda yeni iş yerləri barədə məlumatlı deyillər.  Ən ciddi problem isə köçkün ailələrinin peşə təhsilinə lazımi qədər diqqət yetirməmələridir.  Onlar hesab edirlər ki, övladları universitet təhsili almalıdır, halbuki ali təhsilli mütəxəssislərin orta peşə təhsilli insanlarla müqayisədə çətinliklə iş tapmasını unudurlar. Baxmayaraq ki, son illər ölkədə peşə təhsilinə gedənlər üçün münbit şərait yaradılıb: pulsuz təhsil almaq imkanı, üstəlik aylıq təqaüd, sonda isə çoxlu iş imkanı mövcuddur. Təəssüf ki, əksəriyyət bunu dəyərləndirməyi bacarmır. Xüsusən işğaldan azad olmuş ərazilərimizdə suvaqçı, traktorçu, aşpaz və s. kimi peşələr arzu olunandır və yüksək qazanc gətirə bilir. Hazırda un məmulatları istehsalı, dərzi, qapı-pəncərə, inkubator (cücə çıxartma), avtomobil şinlərinin təmiri, avtotəmizləmə, ayaqqabı təmiri, kiçik fotoatelye üzrə zərflərə düşmək daha asandır, çünki müraciət edən azdır. . Amma əksəriyyət mal-qara istəyir, burda isə uzun növbələr mövcuddur. Digər tərəfdən, tövlə şəraiti olmayan şəxs mal-qara almaq üçün yazılıbsa, sonda ona imtina verilir, onun gözlədiyi zaman hədər gedir.  Yeri gəlmişkən, Ağdam rayonunda 2021-ci ildə 153 nəfər, 2022-ci ilin 6 ayında isə 65 nəfər məcburi köçkün  özünəməşğulluq proqramı üzrə müxtəlif zərflərlə təmin olunub.

Görüşlər zamanı bildirilib ki, regionların potensial imkanları düzgün dəyərləndirilmir. Böyük qayıdışla bağlı yaradılan komissiyalarda məcburi köçkünlərin təmsil olunmasına ehtiyac var. İri şirkətlər vakant iş yerlərini heç də dövlət qurumu vasitəsilə elan etmir. İşə götürülmə üçün qoyulan şərtlər də bəzən bilərəkdən ağırlaşdırılır. Məsələn, ucqar kənddə işləyəcək şəxs xarici dil baryeri ilə üzləşir, halbuki o, işləyərkən həmin dilə ehtiyac duymur.

Diqqətə çatdırılıb ki, şəhər yerlərində valideynlər daha çox qızlarının oxumasına maraq göstərirlər. Statistikaya görə, universitetlərə bu ilki qəbul zamanı məcburi köçkün ailələrindən olan qızlar üstünlük təşkil edib. Qız övladının valideynin yaşadığı şəhərdə işləməsində də problem yaşanmır. Amma köçkün ailələrinin qızları kənar rayonlarda, Bakıda və xaricdə iş taparsa, əksər ailələr buna qarşı çıxırlar. Hətta bölgələrdə valideynlərin əksəriyyəti oğlan övladlarını da  öz  əhatələrində saxlamaqda israrlıdırlar.

Ən ciddi suallardan biri yeni iş yerlərinə qəbul zamanı staj tələb olunmasıdır. İlk iş yerinə gedəcək məcburi köçkün 3-5 illik stajı hardan tapmalıdır? Cavablar müxtəlifdir: “Tələbə ikən işləmək çox faydalıdır”, “Qardaşım müraciət etmişdi, amma ondan peşə təhsili ilə bağlı sənəd istədilər. Bundan sonra qardaşım peşə məktəbinə elektrik montyoru ixtisası üzrə daxil oldu. İndi orada oxuyur. Ona deyiblər ki, təhsil aldıqdan sonra işlə təmin olunacaq”.

Köçkünlərin bir hissəsi hesab edir ki, əksər nazirlərin qəbulları formal xarakter daşıyır. Kəlbəcər rayonundan olan köçkün məsələyə münasibətini belə bildirib: “Qəbula gəlib, həmin nazirlərdən iş istəyənlərin sayı ilbəil artır. Halbuki normal məşğulluq siyasəti aparılsaydı, həmin qəbullara iş istəmək üçün deyil, başqa məsələlərlə bağlı daha az adam gələrdi”.

Görüşlər zamanı vurğulanıb ki, 2021-ci ildən GİZ (Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti) Qaçqınkomla birgə məcburi köçkünlərə peşə öyrədilməsi ilə bağlı Mingəçevir, Bərdə və Ağdamda təlimlər həyata keçirir. Layihə çərçivəsində köçkünlərə dil kursları, kompüter proqramları, dərzilik ixtisasları, iş intervülərinə gedənlərə özünü necə ifadə etmək qaydaları öyrədilir. Təəssüf ki, kursa 25-30 nəfəri cəlb etmək mümkün olub, halbuki kursun keçirildiyi ərazidə 1000 köçkün ailəsi məskunlaşıb. Əksər köçkünlərin pulsuz kurs və təlimlərdən faydalanmadığı, könüllü kimi çalışmaq istəmədikləri məlum olub. Yaşlı adamlar isə bir qayda olaraq, bu kurslara qatılmırlar: “İndi mən bu yaşda gedib kompüter öyrənim?” Amma MDU-da təhsil alan köçkün tələbənin dediyinə görə, onun və yaxınlarının indiyədək bu kurslardan xəbəri olmayıb: “Yaxşı olar ki, elanları görünən, diqqət çəkən yerlərdə yaysınlar”.

Bərdədəki  köçkünlərin bir hissəsi düşünür ki, qızlar təhsil alsa da, üstünlük kişilərə verilməlidir: “İstənilən müəssisəyə gedirsən, qadın tələb olunur. Yəni qadınların iş tapması daha rahatdır, nəinki kişilərin. Kişi evdə oturub, qadın işləyirsə, buna necə yaxşı baxmaq olar?”. Füzulidən olan və Mingəçevirdə yaşayan köçkün isə deyir ki, anası çörəkbişirmə sexində işləyir, zəhməti müqabilində çox az qazanır. Ən ciddi narahatlıq isə hələ təqaüd yaşına çatmamış yaşlı insanların işə götürülməməsidir.

Müzakirələr zamanı bildirilib ki, insanlar hələ də məşğulluq xidmətlərinə iş yeri verən qurum kimi yanaşırlar. Onlara izah olunub ki, sahibkar iş yerini təqdim edir, məşğulluq da göndəriş verir.  Kim işəgötürənin işinə yarayacaqsa, onu da işə qəbul edəcək. Digər tərəfdən, sahibkar qazanc götürmək üçün təcrübəli işçini işə qəbul etməkdə maraqlıdır.  Bu gün şirkətlər daha  çox peşəkar mühasib və hüquqşünaslar,  İT mütəxəssisləri axtarırlar.

Dövlət Məşğulluq Agentliyin veb səhifəsində Qarabağdakı iş yerləri barədə məlumatlar, hətta boş CV forması da yerləşdirilib. Təəssüf ki, əksər məcburi köçkünlərin internet üzərindən işləmək bacarığı yoxdur. Gənclər, xüsusən tələbələr dərslərdən sonra iş yerlərinə gedib könüllü təcrübə keçməyə maraq göstərmirlər. Valideynlər zorla uşaqlarını universitetlərə yönəldir, nəticədə gənclərin bir hissəsi 4-5 ilini boşa verir, bundan sonra məşğuliyyət üçün yeni peşələrə qəbul olunmağa, kurslara getməyə məcbur olurlar.  Məşğulluq xidmətinin məlumatına görə, hazırda Bərdədə 100-ə yaxın gözəllik salonu var. Əgər bunun sayı 200 olarsa, tələbat azalacaq. Buna görə də dövlət tələbata və bacarığa uyğun təklifləri qiymətləndirir: “Əgər heç bir peşəniz yoxdursa, o zaman avadanlığı neyləyəcəksiniz? Halbuki həmin avadanlığı gösləyən şəxslər var. Məsələn, yaxşı çilingər avadanlığı olmadığı üçün əziyyət çəkir. Biz onlara izahat veririk ki, maldarlıq zərfini deyil, çilingər zərfini seçsinlər. Həm də çox gözləməsinlər”.

Müzakirələrə toplaşanlara, xüsusən gənclərə məsləhət verilib ki, boş iş yerlərinə tələb və kriteriyaları zamanında qiymətləndirsinlər: “İndidən baxın, görün kim hansı şərtlərlə işə qəbul edir. Məsələn, CV-də nələr lazımdır, hansı bacarıqlar tələb olunur. İstək olsa, internet vasitəsilə dil öyrənmək, proqramları mənimsəmək mümkündür. 3-4 tələbə br-biri ilə təmasda olub, dil bilgilərini inkişaf etdirə bilər”.

Ən ciddi məsələ demoqrafik vəziyyətin pozulmasıdır. Kəndli şəhərə düşüb, şəhərli kəndə. Vaxtilə Ağdamın mərkəzində yaşayan və köçkünlük düşəndən Bərdənin ucqar kəndində məskunlaşan şəhərli olub maldar. İndi o, şəhərə qayıdanda nə edəcək? Kəlbəcərin elə kəndi var ki, bir ixtisas üzrə 10 -20 müəllim, həkim var. Qayıdışdan sonra həmin kənddə 1-2 müəllimə,  2-3 həkimə iş yeri olacaq. Bəs qalanları nə etsin? Bu məsələlər nəzərə alınmalıdır ki, gənclik təzədən kənddən şəhərə köçməsin: “Məncə Ağdamın Güllücə kəndini şəhərdə yerləşdirmək lazımdr ki, qayıdışdan sonra kənd sakinlərinin əksəriyyəti şəhərdəki peşələrinə uyğun çalışa bilsinlər. Yoxsa həmin adamlar yenidən Bakıya, başqa yerlərə köçmək zorunda qalacaqlar”.

Köçkünlərin böyük əksəriyyəti işsizdir. Halbuki Qarabağda hazırda böyük tikinti işləri gedir. Sual olunur: “Niyə yerli əhalinin həmin tikintilərdə çalışmağa cəlb etmirlər?”. Bölgədəki bütün insanların peşə qabiliyyəti üzrə siyahısı hazırlanmalı, hökumətə, o cümlədən Qarabağda iş aparan şirkətlərə göndərilməlidir. Bunu Məşğulluq xidmətinin www.e-sosial veb səhifəsi üzərindən etmək daha effektiv olsa da, nəzərə alaq ki, həmin elektron resursdan istifadə edə bilməyən yaşlı köçkünlər kifayət qədərdir.

Hökumət nəzərə almalıdır ki, dağlıq rayonlarda əksər əhali ailə podratı şəklində maldarlıq və arıçlığa maraq göstərir, pay torpaqlarında taxıl, bağ, örüş sahələri yaratmaqda maraqlıdır. Şəhər tipli əhali isə çörək, şirniyyat, konserv sexləri açmağı planlaşdırır.

Heç də bütün köçkünlər özünəməşğulluq imkanlarından lazımınca faydalana bilmirlər. Bəzən proqrama müraciət edən köçkün ilərlə gözləyir, günün birində qısa müddətli müvəqqəti iş tapandan sonra ona bildirirlər ki, iş yeri olduğu üçün artıq proqramdan kənarlaşdırılıb. Halbuki həmin şəxslərin xeyli hissəsi proqramda iştirakda, onu sahibkarlıq obyektinə çevirməkdə maraqlıdır. O, müvəqqəti  işini tərk etmək istəsə belə mövcud qanunvericilik ona proqramda qalma imkanı yaratmır.

Regionların monitorinqi aparılmalıdır. Məsələn, Kəlbəcərin İstiiu bölgəsində isti suyun çıxarılmasından başqa digər hansı fəaliyyətlər həyata keçirilə bilər? Nə qədər ixtisaslı, peşə təhsilinə malik resursumuz var? Hökumətlə bərabər  media və QHT-lər  də bu məsələləri aktiv şəkildə araşdırmalı, lazım gələrsə ictimai dinləmə keçirməlidirlər.

3.TƏKLİFLƏR

Məcburi köçkün icmalarının daxilindəki qeyri-bərabərliklər hökumət səviyyəsində  qəbul edilməli və daha zəif məcburi köçkün qruplarını önə çəkən diferensial siyasət tətbiq edilməlidir. Zəif köçkün icmalarında həyat şəraitinin yaxşılaşması və onların iqtisadi müstəqilliyinin artırılması, xüsusən peşə təhsili alması, iş yeri ilə təmin edilməsi, özünəməşğulluq proqramından faydalanması, bütün mərhələlərdə şəffaflığın təmin edilməsi istiqamətində konkret və ardıcıl addımlar atılmaıdır. Xüsusən dövlət vəsaiti hesabına tikilmiş və hazırda ağzı bağlı, istifadəsiz qalan evlərə qayıdışa qədərki müddətdə daha çox ehtiyacı olan köçkünlərin yerləşdirilməsi ictimai nəzarət altında aparılmalıdır.

Azərbaycanda köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş dövlət proqramlarının səmərəliliyi ilə bağlı hökumət və vətəndaş cəmiyyəti monitorinq aparmalıdırlar. Məcburi köçkünlər işğaldan azad olunmuş ərazilərə, o cümədən erməni silahlı birləşmələrinin rus sülh məramlıları ilə birgə olduqları ərazilərə və onlara yaxın ərazilərə köçürülərərkən mina təhlükəsi, əks tərəfin vaxtaşırı atəşkəsi pozması nəzərə alınmalı, fövqəladə şəraitə uyğun təxliyə planı hazırlanmalıdır.

Köçürülmə zamanı qohumların və yaxın adamların yenidən bir ərazidə məskunlaşmasına, eyni zamanda ixtisas və peşə bacarıqlarına uyğun olaraq digər ərazilərdə yerləşdirilməsinə şərait yaradılmalı, yaxınlıqda peşə kursları və xırda müəssisələr açılmalıdıır. Evlərin tikintisi, pay torpaqlarının bölüşdürülməsi, örüş və əkin yerlərinin ayrılması zamanı köçkünlərin rəy və təklifləri nəzərə alınmalıdır. Həm də özlərinə ev tikmək və iş yeri açmaq istəyən şəxslərlə bağlı müsbət yönümlü tədbirlərin gerçəkləşməsinə imkan yaradılmalıdır.

Məcburi köçkünlərin qayıdışa qədər peşə bacarıqlarının artırılmasına, gənclərin və yaşlıların peşə təhsillinə diqqət artırılmalı, Qarabağda iqtisadiyyatın inkişafı ilə bağlı planlar köçkünlərin bacarıq və ehtiyaclarına uyğun şəkildə qurulmalıdır. Qarşıdakı illərdə qayıdışa həvəsləndirən layihələrin say və keyfiyyətinə, köçkünlərin  vaxtaşırı maarifləndirilməsi və məlumatlandırılması, həyat hekayələrindən bəhs edən məqalələrin yazılması və sənədli filmlərin çəkilməsinə diqqət artırılmalıdır.  Özünəməşğulluq proqramından faydalanmaq istəyən şəxslərə, o cümlədən məcburi köçkünlərə maneə yaradan şərtləri aradan qaldırmaq üçün hökumət qanunun təkmilləşdirilməsi istiqamətində Milli Məclisə təkliflər verməlidir.

Fərman Nəbiyev,

MVA İB-nın prezidenti və layihənin rəhbəri

Şərhlər bağlıdır.