148 ilin işığında
Medianın hazırkı durumu təhlil edildi, narahatlıq doğuran məsələlər ətrafında müzakirələr aparıldı
Azərbaycan milli mətbuatının 148 illiyi ilə bağlı bu ilki bayram zəngin tədbirləri ilə yadda qaldı. İyulun 20-də Mətbuat Şurası, Audiovizual Şura və Medianın İnkişafı Agentliyinin “Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar” mövzusunda konfransa qatıldıq. Bu tədbirə gəlişimizin əhəmiyyəti həm də onda idi ki, çoxdan canlı görüşə bilmədiyimiz dostlarla yenidən bir araya gəldik.
İyulun 22-də isə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov media mənsublarını qəbul etdi. Ardınca şəhər Gənclər Evində çay süfrəsi ətrafında məsləhət və təkliflərlə dolu söhbətlərimiz oldu.
Hər üç görüşdə medianın hazırkı durumu təhlil edildi, narahatlıq doğuran məsələlər ətrafında müzakirələr aparıldı. Tərəflər məmur-media münasibətlərinə aydınlıq gətirməyə çalışdılar. Bəzi açıq sualların arzuolunmaz hesab edilməsi də diqqətdən yayınmadı. Əsas odur ki, bütün hallarda orta məxrəc tapmağa cəhd göstərildi. Xüsusən həvəskar gənclərin peşəkar media ilə əlaqələrinin artması istiqamətində fikirlər səsləndirildi. Təqaüddə olan həmkarımız Yusif Ələkbərovun kitabları ilə də tanış ola bildik.
Bayram axşamı isə İcra Hakimiyyətinin dəstəyilə istirahət mərkəzlərindən birində süfrə arxasına toplaşdıq. Ötən günləri yada saldıq, gələcək planlarımızdan danışdıq, ən əsası isə aramızdakı kiçik incikləri unutmağa qərar verdik.
Şərhlər bağlıdır.