Kür sahilində “Liman”ı kafeyə çevirmək ən böyük səhv olub
Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şura şəhərin bir sıra problemləri ilə bağlı məsələləri müzakirəyə çıxartdı
14 iyul 2023-cü ildə Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şura Mingəçevir Media Mərkəzində yerli hökumət, bələdiyyə və digər qurumlarla birgə şəhərin bir sıra problemlərini müzakirə etmək üçün geniş tərkibdə iclasını keçirib. Şura sədri Fərman Nəbiyev nəzərə çatdırıb ki, son illər əsas narahatlıq Sahil parkında skuter, velosiped və bir-birinə qoşulmuş uşaq maşınlarının və “qatarların” piyada hərəkət zolaqlarında idarə olunması və təhlükə yaratmasıdır. Mingəçevir şəhərində küçə ticarətinin baş alıb getməsi, şəhərin bəzi yerlərində, o cümlədən Heydər Hüseynov küçəsində kanalizasiya lüklərinin asfaltın altında qalması, nəhayət sahibsiz küçə itlərinin artması və insanları dişləməsi də diqqətdən kənarda qalıb.
İctimai Şuranın üzvü İnqilab Şirinli deyib ki, bu gün ərazidə üçtəkərli velosipedlərin və “qatar şəklində” arabaların hərəkətinə qeyri-rəsmi də olsa “icazə” verilib: “Biz görürük ki, Kür çayında hər gün artan və texniki tələbə cavab verməyən qayıq və gəmilər suyu və havanı zəhərləyir, bioloji müxtəlifliyi məhv edir. Məhəccərlər kəsilib, sahil boyu 100 metrədək məsafədə qayıq və gəmilərin lövbər salmasına “xidmət edən” yerlər əhalinin sahillə təmasına maneə yaradıb. Halbuki sahibkar şəxsə verilən və hazırda kafe kimi fəaliyyət göstərən “Liman” bu məqsəd üçün tikilmişdi”.
KOBİA-nın nümayəndəsi Ayaz Ədilovun fikrincə, bu gəmilərdən ətrafa yayılan bayağı müsiqilər sahildə dincəlmək istəyənlərə qarşı “səs terroru” yaradır: “Gəmilərin sahilə yanaşması növbəlilik qaydasında aparılsa, müəyyən qədər vəziyyətdən çıxmaq olar. Yəni onlar xeyli kənarda dayana, vaxtı çatanda sərnişinləri götürmək üçün sahilə yan ala bilərlər. Sərnişin də kassadan biletini alıb qayığa əyləşər, yaxud onlayn tətbiq üzərindən tək qayıq üçün sifariş verər. Belə olacağı təqdirdə səs-küyün, həm də vergidən yayınmaların qarşısını çox asanlıqla ala bilərik”.
Çıxışlarda qeyd olunub ki, parka bəzi sahibkarların ötən ildəki kimi narahatlıq doğuran əyləncələrini yenidən gətirmək cəhdləri hiss edilir. Hətta sahibkarlar bildirirlər ki, necə olur bəziləri yenə də fəaliyyət göstərir, digərləri yox? Mingəçevir Bələdiyyəsinin şöbə müdiri Zahid Qasımlının açıqlamasına görə, mövcud parkda heç bir fiziki və ya hüquqi şəxslə müqavilə bağlanmayıb: “Skuter və digər əyləncələri təşkil edənlərlə profilaktiki söhbətlər aparılıb. Amma nə edək ki, əməl etmirlər. Bələdiyyənin də polisi yoxdur ki, inzibati tədbirlərə əl atsın. Bəziləri şəhid ailələri və qaziləri irəli verirlər, çıxılmaz vəziyyətdə qalırıq. Hüquq-mühafizə orqanlarına məktub göndəririk, gəlib, tədbir görürlər, bir-iki gündən sonra əvvəlki vəziyyət yaranır. O ki qaldı “Limana”, mən də razıyam ki, onu kafe eləmək ən böyük səhv olub”.
İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Mahir Əliyev isə belə hesab edir ki, Bələdiyyə Sahil parkı ərazisində bəzi xidmətlərin göstərilməsi üçün tələb və təklifə, normativə uyğun olaraq hüquqi və fiziki şəxslərlə məhdud sayda müqavilə bağlaya bilər və bağlamalıdır: “Bələdiyyə yaxasını kənara çəkməməlidir. Bir nəfərlə müqavilə bağlayır, şərtləri pozanda xitam verir. Həm də başqalarına deyir ki, ərazidəki sıxlıq və normativ 2-ci şəxslə müqavilə bağlamağa imkan vermir”.
Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Şəhriyyar Mustafayevin qənaətinə görə, bələdiyyə ilin əvvəlindən müəyyənləşdirməlidir ki. hansı parkda hansı xidmətlər göstəriləcək, harda skuter, velosiped sürməyə icazə veriləcək və bunun maksimum həddi nə qədər olacaq: “Bizim əməkdaşlar ilboyu Kür sularında şüşə, zibil təmizləməklə məşğuldur. Gəlin, dövlət qurumları və ictimaiyyət nümayəndələrindən ibarət qrup yaradaq, tez-tez parkların ərazilərinə baş çəkək, ictimai qınaq formalaşdıraq. Əraziyə müxtəlif məlumatlandırıcı, çağırış xarakterli lövhələr yerləşdirək.”
İclasda belə fikirlər də səslənib ki, Kürün sağ sahili boyunca da (hazırda otellər yerləşir) mühafizə zolağında qayıqların dayanması, “Asan” Xidmət Mərkəzinin arxasında yerləşən və hazırda bağlı olan keçmiş parkın açılması istiqamətində addımlar atılmalıdır. O da təklif edilib ki, Bakıdakı Bulvar İdarəsi kimi Mingəçevirdə də parklara xidmət edən və məsuliyyəti öz üzərinə götürən yeni bir qurum yaradılsın, yaxud ərazi bütünlüklə hansısa sahibkarın icarəsinə verilsin. Parkların qorunması və təmiz saxlanması üçün isə ictimaiyyət yetərli dəstək göstərməlidir. Qərara alınıb ki, Bələdiyyə və digər qurumlarla birgə şəhərdəki parkların idarəolunmasıyla bağlı mexanizm yaradılması üzərində iş aparılsın.
İkinci məsələ barədə danışan F.Nəbiyev məlumat verib ki, bu günlərdə İcra Hakimiyyəti, digər dövlət qurumları və ictimaiyyət nümayəndələrindən ibarət komissiya Mingəçevirdə küçə ticarəti ilə bağlı reyd keçirib: “Təkcə Maqomayev prospektində qanunsuz yolla satış aparan onlarla nöqtə məlum oldu. Hətta mağazalar öz mallarını küçəyə çıxardır. Nəqliyyat yoluna və səkilərə qarpız və yemiş tökülməsi adi hal alıb. Yeri gəlmişkən, ötən il mövsümi məhsulların satışı üçün dəmir torlardan hazırlanmış yerlər müəyyənləşdirilmişdi. Bunlar Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən səyyar xidmət göstərənlərə icarəyə verilirdi. Amma bu il həmin torlar gözə dəymir. Satıcılardan biri dedi ki, onların icarəsini ucuz qiymətə təklif etsəydilər, hamı ikiəlli razı olardı”.
İctimai Şura üzvü İnqilab Şirinov küçə ticarətinin qarşısının alınmasında İcra Hakimiyyəti, bələdiyyə, polis və medianın birgə fəaliyyətinə önəm yetirib: “Mingəçevir bazarının qarşısına çıxaq. Orda küçə ticarətidir. Açıq şəkildə deyirəm: polisin xəbəri olmadan heç kəs gətiririb ora stolunu qoya bilməz. İcra Hakimiyyəti də vəziyyətdən xəbərdardır”.
İH başçısının müavini, şəhər təsərrüfatı şöbəsinin müdiri Məhluqə Cavadova hər şeyin İcra Hakimiyyətinin üstünə atılmasını məqbul hesab etməyib: “İnsanlar harda gəldi, hətta məktəblilərin gözü qarşısında heyvan kəsir, qanını və bəzi tullantılarını ümumi kanalizasiya xəttinə axıdırlar. Heyvanın səsini məhəllədə hamı eşidir, amma Qida Agentliyi eşitmir. Müraciət edirik, cavab verirlər ki, tədbir görmək bizim səlahiyyətimiz daxilində deyil”.
Qida Agentliyinin nümayəndəsi açıqlama verib ki, onlar yalnız qapalı obyektlərə nəzarət edirlər, amma dəfələrlə akt tərtib etmələrinə baxmayaraq, bir çox sahibkarların ərzağı, xüsusən ət məhsullarını içəridən çıxarıb küçədə satmalarının qarşısını ala bilmirlər və onları inzibati məsuliyyətə yalnız İcra hakimiyyəti və polis cəlb edə bilər.
Mingəçevir şəhər Polis rəisinin xidmət üzrə müavini, polis polkovnik-leytenantı Azər Hüseynov vurğulayıb ki, polisin vəzifəsi cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin mühafizəsi, ictimai təhlükəsizliyin təmin olunmasından ibarətdir: “Biz öz işimizi tələb olunan səviyyədə görürük. Hər bir qurum öz işini doğru yerinə yetirsə, belə müzakirələrə ehtiyac qalmaz. Qida Agentliyi nə zaman problemi aşkar edib, bizə göndərdi, biz tədbir görmədik? “İnzibati İcraat haqqında” Qanunun tələbinə görə, dövlət qurumu qanunsuzluğu aşkar edirsə, əgər tədbir görmək onun səlahiyyəti daxilində deyilsə, məsələni aidiyyatı quruma yönləndirməlidir”.
İctimai Şura üzvü Əbülfət Babayev Energetiklər qəsəbəsində yaşadığı binanın qarşısında obyektin təyinatının dəyişdirilməsinin sakinlərin narazılığına səbəb olduğunu bildirib: “Bir xanım gözəllik salonu açmışdı. Sonradan obyekt satıldı. Yeni sahibi oranı dönərxanaya çevirdi. Bunun qarşısını almaq üçün bir çox dövlət orqanına, o cümlədən İcra Hakimiyyətinə müraciətimiz cavabsız qaldı. Axırda polis nümayəndəsi gəldi və obyektin fəaliyyətini dayandırdı.Təəssüf ki, bu gün qazı və şəhid ailələrinin adı ilə qanunsuzluqlara yol verilir. Mən də qazıyəm, əgər neqativ hala yol verirəmsə, barəmdə ölçü götürülməlidir. Qazi omaq qanunsuzluğa yol vermək imtiyazı yaratmır”.
İclasda qanunsuz şəkildə küçə ticarəti ilə məşğul olanların həm də vergidən yayınmaları diqqətdən kənarda qalmayıb. Qeyd olunub ki, Kür sahilində skuterləri icarəyə verənlər, qayıq xidməti göstərənlər, küçələrdə meyvə-tərəvəz satanlar ödəniş qəbzi vermir: “Bir neçə gün əvvəl biz çimərliklərə baş çəkdik. Məlum oldu ki, hamısı vergidən yayınır”.
Toplantıya qatılan vergi nümayəndəsinin fikrincə, Vergi Məcəlləsinin tələbinə görə, ödəyici harda gəlir əldə etməsindən asılı olmayaraq, vergiyə cəlb olunmalıdır.
Yekunda qeyd olunub ki, ticarət yerləri və malların satışı üçün uyğun məkanların təyin edilməsi küçələrdəki ticarəti nizamlamağa imkan verər. Polis və vergi orqanları, GEM və digər yerli qurumlarla əməkdaşlıq şəraitində ticarəti nizamlamaq və məhdudlaşdırmaq, informasiya mübadiləsi, təlim və məsləhətlər, ictimai qınaq vasitəsi ilə insanları bilgiləndirmək vacibdir. Xüsusən mətbuat və sosial şəbəkələr küçə ticarətinin riskləri, ictimai sağlamlıq və təhlükəsizlik məsələləri barədə toplumu məlumatlandırmalıdırlar.
Son iki məsələ barədə də İŞ sədri məlumat verib. Bildirilib ki, yolların asfaltlanması ilə əlaqədar olaraq şəhərin bəzi yerlərində, o cümlədən Heydər Hüseynov küçəsində kanalizasiya lükləri asfaltın altında qalıb.
Açıqlama verilib ki, “Azərişıq” ASC H.Hüseynov küçəsində yeraltı elektrik xəttinin çəkilişini planlaşdırır, qazıntıdan sonra asfaltlanma zamanı lüklərin də asfalt səviyyəsində qaldırılması nəzərdə tutulub. Gələcəkdə belə problemlərin baş verməməsi üçün görülən işlərin təhvil-təsliminə diqqət artırılmalı, nəzarət və monitorinq sərtləşdirilməlidir.
O ki qaldı Mingəçevirdə sahibsiz küçə itlərinin artması və insanları dişləməsinə, bu da günümüzün acı reallığına çevrilib. Eyni zamanda sahibi olan itlərin də ağzı açıq şəkildə küçəyə çıxarılması müşahidə olunur. Qanunla it, pişik və digər ev heyvanlarının saxlanılması qaydalarının pozulması məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinin 290.3 maddəsinin tələbinə görə, zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə tətbiq edilir. Amma bəzi hallarda müvafiq əməl cinayət məsuliyyəti də yaradır.
Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi Əli Ağamirov nəzərə çatdırıb ki, ölkədə küçə itləri üçün sığınacaq ancaq Bakıda var: “Eyni zamanda Yevlağın kəndlərindən xeyli sayda itləri Mingəçevirə gətirib azdırırlar”.
Ş.Mustafayev deyib ki, təcrübədə belə sığınacaqların yaradılması külli-miqdarda vəsaitə başa gəlir: “Beynəlxalq təcrübədə zibilxana təsərrüfatı kimin balansındadırsa, itlərə qulluq etməyi onlara tapşırırlar. Əraziyə gətirilən qida tullantıları itlər üçün yem istehsalı hazırlamağa imkan verir. Zibilxananı özəl təşkilata versək, problemi daha məqsədəuyğun şəkildə və rahat həll edə bilərik”. İctimai Şura üzvü Rizvan Mikayıllı isə maraqlı bir təcrübəni bölüşüb: “Mənim bir qonşum var. Qapısının qarşısında sahibsiz it vardı. Onu həyətinə gətirdi, sonda şəklini çəkib Bakıdakı sığınacağa məlumat verdi. Hazırda itə baxmaq üçün qadının kartına hər ay 150 manat köçürürlər”.
İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir Hikmət Kərimov məsələnin Milli Məclisdə də müzakirə edildiyini, bir neçə gün qabaq isə Nazirlər Kabinetindən məktub daxil olduğunu deyib: “Hazırda müvafiq təkliflər hazırlanır. Sığınacaqlar açılması, ora ştatlar ayrılması nəzərdə tutulub. Yeri gəlmişkən, bir neçə il öncə şəhərdə QHT xətti ilə sığınacaq yaradılması müzakirə olunurdu. O zaman şərait yaratmadılar. İndi quduzluğun qarşısını almaq üçün xüsusi dərmanlar gətirilib, itlərin daha çox təplaşdıqları ərazilərə səpilir”.
İclasda qərara alındı ki, ictimai bilgiləndirmə və məlumatlandırma aparmaqla insanları risklərdən qoruya, şəhərin daha təhlükəsiz bir məkan olmasına kömək edə bilərik. Paralel olaraq sahibsiz küçə itlərinin sayı və daha çox toplaşdıqları məkanlar barədə məlumatlar toplanmalıdır. Onlar təhlükəsiz bir şəkildə yaxalanmalı və uyğun yerlərə aparılmalıdır. Veterinar və sağlamlıq qurumları ilə əməkdaşlıq şəraitində sahibsiz itlər sağlamlıq yoxlamalarına cəlb edilməli, bununla da potensial xəstəliklərin yayılmasının qarşısı alınmalıdır. Ən nəhayət, hansısa dövlət qurumu, bələdiyyə ya ictimai təşkilatın nəzdində sığınacağın açılması istiqamətində addım atılmalıdır.
P.S. Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şura bir il əvvəl, 2022-ci il iyulun 16-da keçirilən seçkilərdən sonra formalaşıb. Ötən müddətdə şəhərin bir sıra problemlərinin həlli istiqamətində dövlət qurumlarına xeyli təkliflər verib, yerli İcra hakimiyyətinin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsinə çalışıb. Ümid edirik ki, hazırkı müzakirənin nəticələrinin təsiri də tezliklə hiss olunacaq.
Şərhlər bağlıdır.