- Dərs ilimizin bitməsinə son iki həftə qalmışdı, uşaqlar günləri sayırdılar.
Bugünün dərslərini bitirib, uşaqlarla məktəbdən evə gedirik, hava isti, yolumuz uzun. Uşaqlar da, mən də yorğunam, amma uşaqların diqqətini istidən yayındıracaq bir söhbət etmək istəyirəm, ən azından onlar evlərinə çatana qədər əhvalları yaxşı olsun deyə. Başımı qaldırıb səmaya baxıram, buludlar dağınıqdır, yəni kölgəsi olmayacaq kimidir, amma uzaqdan karvan-karvan keçirlər.
Uşaqlardan soruşuram: “Uşaqlar, səmada nə var?” Bəzisi başını qaldırıb baxır, bəzisi yorğun-yorğun başını aşağı salıb yeriyir.
Yusif dillənir: “Müəllim, quş var!” Yenə soruşuram: “Başqa nə var?” Hələ ki, cavab verən yoxdur. Sanki buludları unudublar…
Hamısı birdən dillənir: “Müəllim, bulud!”
-Afərin uşaqlar! Bəs buludda nə var?
Yusif yenə hazırcavabdır: “Müəllim, su var!”
-Afərin Yusif, bəli, su var, özü də çoxlu su var.
O biri uşaqlar da, Nihad, Ayxan, Nurlan, Günay, Elgün, Amil təsdiq edirlər ki, buludlarda su var. Hətta dənizlərdəki qədər, bəlkə onlardan da çox su var.
– Uşaqlar, sizcə buludlara “uçan dənizlər” deyə bilərikmi, axı çoxlu suya dəniz deyirik, həm də onlar başımızın üstündə həmişə uçurlar, külək hara qovsa ora da gedirlər?
Uşaqlar bir az tərəddüd edirlər, bəzisi gülümsəyir. Sonra ürəklənirlər:
-Bəli müəllim, demək olar, həqiqətən onlar uçur axı.
-Uşaqlar, siz adamlardan soruşsanız ki, onlar uçan dəniz görüblərmi, sizcə nə cavab verərlər?
Uşaqlar yenə dinmir və mən uşaqları ürəkləndirmək üçün bir təklif edirəm ki, siz evdəkilərdən soruşun ki, onlar “uçan dəniz” görüblərmi, görün sizə nə cavab verəcəklər? Əgər cavab verə bilməsələr, o zaman siz də onlara “uçan dənizlərdən”-buludlardan danışarsınız. Uşaqlar evlərinə çatır, sağollaşıb ayrılırıq, mən isə hələ yoluma davam edirəm. Yolum vağzala, oradan isə Mingəçevirədir, başımın üstündə isə Bərdənin aydın, masmavi səması, səmada isə buludlar, yəni dəniz-buludlar. Qəribədir, deyilmi? Başımızın üstündə nəhəng su topaları: “dənizlər”, “okeanlar” var, amma onlar qəfil, topa-topa tökülmürlər üstümüzə, düzdür, leysan olub yağırlar, sel-su aləmi götürür, hətta dolu kimi, qar kimi yağırlar, amma o qədər nəhəng suyun müqabilində bunlar nədir ki… Daha çox isə narın-narın, incə-incə yağarlar, bir az da romantik havası olur. Bu isti və tozlu havada isə belə bir narın yağış, sadəcə, arzuolunandır.
2 iyun-14 iyul 2023-cü il, Bərdə- Mingəçevir.
Şərhlər bağlıdır.