Sevda Hacıyeva: “İcra Hakimiyyətinə də gedirəm, polis içəri buraxmır…”
İctimai Şura üzvləri görüş zamanı vətəndaşlara Dövlət Məşğulluq Xidmətinin yerli mərkəzinə müraciət etməyi məsləhət bilib: “İcra Hakimiyyəti işverən qurum deyil”
25 fevral 2023-cü ildə Mingəçevir Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Fərman Nəbiyev və şuranın üzvlərindən Rizvan Mikayıllı və Zahid Qasımlı Nizami küçəsindəki 4 A saylı ünvanda yaşayışçılarla görüşüb. Bina sakini Həqiqət Quliyeva zirzəmini kanalizasiya suları ilə dolu olduğunu dilə gətirib: “Problemlərimiz çoxdur, amma ən böyük dərdimiz zirzəminin təmizlənməməsidir. Mən birinci mərtəbədə yaşayıram və üfunət və rütubətlikdən çox əziyyət çəkirəm”.
Məhəllə Komitəsinin sədri Rəfael Qarayev binanın mərkəzləşdirilmiş qaydada istilik sistemin olmaması, dam örtüyünün düzgün qurulmamasına görə yağış sularının mənzillərə axması, yaxınkıqdakı ağacların budanmaması, həyətdəki xeyir-şər evinin təmirinə ehtiyac duyulması, əksəriyyətin məşğulluq ehtiyaclarının qarşılanmaması barədə danışıb. Şəhid Sadiq Kərimovun qardaşı Abuzər Kərimov iş yeri tapa, özünəməşğulluq proqramından faydalana bilmədiyini deyib. Sevda Hacıyeva isə bildirib ki, 51 yaşı var, çətinliklə 2 övlad böyüdür: “İşsizəm. Hansı qapını döyürəm ki, iş verin, boyun qaçırırlar. İcra Hakimiyyətinə də gedirəm, polis içəri buraxmır…”
Görüşə toplaşanlara bildirilib ki, şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması çərçivəsində yaxın dövrdə şəhərin bütün binalarının zirzəmilərində kanalizasiya xətlərinin dəyişdiriməsi nəzərdə tutulub. Eyni zamanda əmlak vergisini ödəməklə bələdiyyədən yardım ala bilmələri, Dövlət Məşğulluq Xidmətinin yerli mərkəzinə müraciət etmələri də onlara tövsiyə olunub: “İcra Hakimiyyəti işverən qurum deyil. Yaxşı olar ki, məşğulluq mərkəzindən tələb edəsiniz ki, sizi yeni açılan iş yerlərinə göndərsin. Xəbəriniz olsun, yaxın vaxtlarda Azərbaycan İES-də yeni stansiyanın tikintisi ilə əlaqədar vakant iş yerləri yaradılır”.
Şərhlər bağlıdır.