Mingəçevirin 74 yaşı bu payıza gözəllik qatdı
Yağışlı hava olmasına baxmayaraq, şəhər günündə rəngarəng tədbirlər bir-birini əvəz etdi
Noyabrın 11-də şəhər günüylə bağlı bayram tədbiri səhər saatlarından başlayıb. Ulu öndərin abidəsini ziyarət edən tədbir iştirakçıları sonra Heydər Əliyev prospektində Zəfər Günü şərəfinə salınmış parkın açılışında iştirak ediblər. Burada ictimaiyyət nümayəndələri ilə görüşən İcra Hakimiyyətinin başçısı İlham İsmayılov son illər şəhərdə aparılan abadlıq və yenidənqurma işləri haqqında məlumat verib. O, Mingəçevirdə 30-a qədər küçə və məhəllədə asfalt örtüyünün çəkiləcəyini və işıqlandırma sisteminin qurulacağını da söyləyib. Başçı əhalinin işsizlik probleminin həlli üçün keçmiş regenerat zavodunun ərazisində üç yeni istehsal müəssisəsinin inşası üçün hazırlıq işlərinin aparıldığını və şəhərdə mərkəzləşdirilmiş istilik sisteminin qurulması üçün vəsait ayrılacağına ümid bəslədiyini nəzərə çatdırıb.
Daha sonra Samux küçəsində Mingəçevirin 74 və Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi mübasibəti ilə ağacəkmə kampaniyası keçirilib. Ərazidə 150-yə yaxın ağac tingi basdırılıb.
Şəhər günü günortaya yaxın Mingəçevir Dövlət Dram Teatrının qarşısındakı Teatr Meydanında davam edib. Yağışlı hava olmasına baxmayaraq, yerli musiqiçilərin ifasında səslənən mahnılar və meydanda nümayiş etdirilən sərgidə Mingəçevirlə bağlı lövhə, şəkil, rəsm, kitab sərgiləri və əl işləri maraq doğurub. İcra Hakimiyyəti başçısı İlham ismayılov Mingəçevirin yaranma və inkişaf tarixindən danışıb. O, deyib ki, 1948-68-ci illərdə tikinti meydançasını xatırladan Mingəçevir 1969-1982-cil illərdə Ulu öndərin Azərbaycanda ilk rəhbərliyi dövründə ölkənin ən iri sənaye və energetika mərkəzlərindən birinə və respublikanın 4-cü sənaye şəhərinə çevrilib.
İ.İsmayılov Qarabağ savaşında və Vətən müharibələrində döyüşlərdə iştirak edən mingəçevirli gənclərin qəhrəmanlığından söhbət açıb və şəhidlik zirvəsinə ucalan şəhidlərimizi anıb: “Mingəçevirin qəhrəmanlıq tarixində I Qarabağ müharibəsində dörd nəfər Milli Qəhrəman adına layiq görülüb, səkkiz nəfər Azərbaycan Bayrağı Ordeni ilə, 650 nəfər müxtəlif medallarla təltif olunub. Vətən müharibəsində qəhrəmanlıq göstərən qəhrəmanlarımızdan iki nəfəri Vətən Müharibəsi Qəhrəmanı adına, 22 nəfər müxtəlif dərəcəli ordenə, 1041 nəfər isə müxtəlif medallara layiq görülüb”.
Mərasimdə İH-nin sərəncamı ilə şəhərin ictimai həyatında fəal iştirak edən və quruculuq işlərində xüsusi əməyi olan təqaüdçü energetik Adil İsmayılov, Mingəçevir kənd icmasının sədri Ehtibar Əhmədov, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi Əli Ağamirov və Tibb Kollecinin direktoru Fikrət Zeynalova fəxri fərmanlar təqdim olunub.
Bayram tədbiri axşam saatlarnda atəşfəşanlıqla başa çatıb.
Şərhlər bağlıdır.