“Şəhidin təzəsi, köhnəsi olmaz!”
İlham İsmayılov: “Sizin yetişdirdiyiniz mərd oğullar və qüdrətli ordumuzun sayəsində torpaqlarımız işğaldan azad oldu”
Azərbaycanın Silahlı Qüvvələrinin Qarabağı erməni qəsbkarlarından azad etməsinin ikinci ildönümü ilə bağlı respublikamızın hər yerində olduğu kimi Mingəçevirdə də silsilə tədbirlər keçirilib. Bu görüşlərdə minlərlə insan iştirak edib. Bütün tədbirlərdə Birinci Qarabağ savaşı, Aprel döyüşləri və İkinci Vətən müharibəsində canlarından keçən şəhidlərin ruhları hörmətlə anılıb, qazilərə sağlıq dilənib.
Noyabrın 4-də Mingəçevir İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhid ailələri və ictimai birliklərin üzvəri ilə görüşərkən onların arzu-istəklərini və təkliflərini maraqla dinləyib, problemlərinin həlli üçün addımlar atıb. O, deyib ki, Qarabağ savaşında Mingəçevir şəhərindən 985 nəfər iştirak edib, 322 nəfər şəhid olub. Vətən müharibəsində isə iştirak edən 1041 döyüşçünün 54-i şəhid olub. Aprel döyüşlərində beş, sentyabrda isə bir mingəçevirli şəhidlik zirvəsinə ucalıb”.
1995-ci ildə mart hadisələri zamanı şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Rəşad Mirabovun anası Lətifə xanım Şuşanın azad edildiyi gecə Şəhidlər Xiyabanına getdiyini deyib: “Oğlumun məzarını qucaqlayıb, sənin qisasın alındı, balam, dedim və ağladım. Şəhid Azərbaycan şəhididir. Şəhidin təzəsi, köhnəsi olmaz!”.
Azərbaycan Bayrağı Ordenli şəhid Müşfiq Mirzəyevin anası Asya xala övladının necə vətənpərvər olduğundan qürurla danışıb: “Ermənilər Müşfiqin başı üçün pul mükafatı vəd etmişdilər. O kürəyindən yaralandı və bizim Mərkəzi Xəstəxanada bir neçə gün müalicə aldı. Bir gün yanına getdim. Dedilər ki, elə yaralı halda yenidən cəbhəyə qayıdıb”.
İlham İsmayılov cəzur, vətənpərvər övladlar böyütdükləri üçün valideynlərə təşəkkür edib: “Sizin yetişdirdiyiniz mərd oğullar və qüdrətli ordumuzun sayəsində torpaqlarımız azad oldu”.
İH adından şəhid və qazi ailələrinə bayram bağlamaları hədiyyə edilib.
***
Dostluq parkında Zəfər Günü ilə bağlı açıq səma altında sərgi təşkil olunub. Mingəçevir şəhərinin təhsil müəssisələri, Mingəçevir Dövlət Universiteti, Turizm Kolleci, Tibb Kollecinin öyrənciləri müharibənin məşəqqətli günlərini arxa planda qoyub, qələbəmizin parlaq, yaddaqalan anlarını, igid əsgərlərimizin şücaiətini əks etdilən şəkillər və maketlərini nümayiş etdiriblər.
Tədbirə toplaşanlar Dövlət Rəmzləri Muzeyinə də baxış keçiriblər. Onlara muzeydə yer alan eksponatlar haqqında ətraflı məlumat verilib.
Proqramın sonunda isə iştirakçılara Açıq səhnədə Uşaq – Gənclər İnkişaf Mərkəzi şagirdlərinin ifasında geniş konsert çələngi təqdim olunub. Uşaqlar şən mahnılar oxuyub, şeir kompozisiyası söyləyiblər.
***
Noyabrın 5-də Zəfər Günüylə bağlı H.Əliyev prospektində – köçkün şəhərciyinin yaxınlığında Zəfər şərəfinə salınan parkda ağacəkmə kampaniyası keçirilib. Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən müəssisə və təşkilat əməkdaşlarının əkdikləri fidan ağaclar qələbənin ikinci ilinə töhfə olub. Mingəçevir İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Vaqif Həsənov deyib ki, qurumun adından 15 eldar şamı əkilib və parkdakı ağaclara vaxtaşırı qulluq edilir.
***
Noyabrın 8-də Zəfərin şərəfinə salınan parka ictimai baxış keçirilib. Parkda məlumatlandırıcı lövhələr quraşdırılıb və fəvvarə işə salınıb. Qeyd olunub ki, ərazidə yaşayan sakinlərin parkda istirahəti və asudə vaxtın səmərəli keçirilməsi üçün əlverişli şərait yaradılıb. Parkın açılışı isə Mingəçevirin ad günündə, noyabrın 11-də nəzərdə tutulub.
***
Bir kərə yüksələn bayraq bir daha enməz!
Noyabrın 9-da H.Əliyev meydanında Bayraq Günü münasibətilə düzənlənən tədbir Azərbaycan Bayrağının gətirilməsi ilə başlayıb. Bayraq Meydanından başlayan yürüş şəhərin əsas prospekti boyunca irəliləyib. Şəhər ictimaiyyəti, struktur rəhbərləri qürur hissi ilə bu prosesi izləyiblər. Mədəniyyət kollektivləri, UGİM-nin yetirmələri və rəqs kollektivi maraqlı konsert proqramı nümayiş etdiriblər.
Şərhlər bağlıdır.