İlham İsmayılov: “Çox məmnunuq ki, “Sahil” parkının qanunsuz “sahibkarlardan” təmizlənməsində media bizə dəstək oldu”
İki il qabaq təqaüdə çıxmış Rizvan Mikayıllı gənclərə məsləhət görüb ki, dövlət qulluqçularının andını diqqətlə oxusunlar
“Dövlət qulluğu güzəştlər əldə etmək deyil, məsuliyyətdir, xalqa xidmət etmək üçün fürsətddir. Cənab Prezidentin dəfələrlə dediyi kimi, biz xalqın qulluqçularıyıq. Təəssüf ki, bəzi dövlət qulluqçuları vəzifələrini ləyaqətlə yerinə yetirmir, nəticədə sadə vətəndaşlar əziyyət çəkirlər ”.
Bu fikirləri iyunun 23-də dövlət qulluqçularının peşə bayramında Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov səsləndirib. Başçı bayram münasibətilə həmkarlarını və Prezidntin dünənki sərəncamıyla “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan 175 nəfəri, o cümlədən yerli İH-də uzun illər müavin vəzifəsində çalışan Hikmət Kərimovu təbrik edib. O, dövlət qulluğu sahəsində normativ-hüquqi aktların daim təkmilləşdirilməsindən, regional idarəetmə formalarının yaradılmasından danışıb, ölkədə aparılan islahatlarda gəncləri fəal olmağa çağırıb.
İki il qabaq təqaüdə çıxmış Rizvan Mikayıllı gənclərə məsləhət görüb ki, dövlət qulluqçularının andını diqqətlə oxusunlar: “Arzu edirəm ki, hər biriniz dövlət qulluğunda şərəflə işləyib, təqaüdə çıxasınız”. Digər natiqlər də bildiriblər ki, dövlət qulluqçularının əsas vəzifəsi insanların qulluğunda durmaq, problemlərinin həllinə kömək göstərməkdir.
Görüşün sonunda İ.İsmayılov ictimaiyyət nümayəndələrinə də təşəkkürlərini çatdırıb. Bildirib ki, dünən “Sahil” parkının qanunsuz “sahibkarlardan” və oyun avadanlıqlarından təmizlənməsində dövlət məmurları ilə bərabər media əməkdaşları da iştirak edib və fəallıq göstəriblər: “Biz istəmirik qarşıdurma olsun. Amma çayın sahilində 130 min əhaliyə xidmət edən bir park var. Onun işbazlardan təmizlənməsi, əhalinin arzu elədiyi səviyyədə istirahət yerinə çevrilməsi vacib idi. Bu məsələni İH yanında Şuranın qərarına da salmışdıq, icra etmək üçün aidiyyatı qurumlara da qərarı göndərmişdik. Çox məmnunuq ki, media bizə dəstək oldu və problemi həll edə bildik”.
Yeri gəlmişkən, “Sahil” parkının təmizlənməsində Kommunal Təsərrüfatı İstehsalat Birliyi, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi və Mingəçevir Bələdiyyəsinin əməkdaşları yaxından iştirak ediblər. Onların və ictimaiyyət nümayəndələrinin iştirakilə təmizlənmiş ərazi polis sahə müvəkkilinə təhvil verilib.
P.S. Qarabağ veteranı və şəhid atası Əmir Orucov müxbirimizlə söhbətində deyib ki, son illər natəmizlik və səs-küy üzündən ərazidə dincəlmək, ailə və uşaqla parka gəlmək mümkün deyildi: “İndidən sonra rahat gələ bilərik”. Prosesdən narazı qalan işbazlar isə ora-bura zəng vurub, imdad diləyirdilər. Amma havadarları bu məqamda kənarda qalmaqla öz dərilərini qorumağa çalışırdılar…
Şərhlər bağlıdır.