Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr olunmuş tədbir keçirilib
2021-ci ilin 25 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr olunmuş “Xocalı soyqırımı xalqımızın qan yaddaşıdır” mövzusunda tədbir keçirilib. Tədbirdə Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov və Xocalı Rayon Mədəniyyət Evinin direktoru Orxan Məmmədov qonaq qismində iştirak ediblər.
“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən tədbiri açan MDU-nun rektoru Şahin Bayramov qan yaddaşımıza çevrilən Xocalı soyqırımını dünya tarixinə yazılmış ən qanlı genosid faktlarından biri kimi dəyərləndirib. İyirmi doqquz il əvvəl Xocalıda erməni təcavüzü və terroru nəticəsində 613 dinc sakinin qətlə yetirildiyini bildirən Ş.Bayramov soyqırım qurbanlarına Allahdan rəhmət diləyib.
Xocalı soyqırımına tarixi, siyasi və hüquqi qiymətin verilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran rektor məhz dahi şəxsiyyətin qətiyyəti sayəsində faciənin əsl mahiyyətinin və günahkarlarının üzə çıxarıldığını bildirib.
Ş.Bayramov Xocalı həqiqətlərinin bütün dünyanın diqqətinə çatdırılması, xalqımızın başına gətirilmiş bu müsibətin genosid aktı kimi qəbul edilməsi istiqamətində ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və sistemli tədbirlərdən, Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının mühüm rolundan bəhs edib.
Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Ş.Usubov dövrün ictimai, siyasi və hərbi vəziyyətini xarakterizə edərək, Xocalı sakini kimi şahidi olduğu erməni vəhşiliyi və vandalizmi, xüsusi amansızlıqla törədilmiş soyqırım cinayəti ilə bağlı təəssüratlarını bölüşüb.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə tarixi Zəfər qazandığımız 44 günlük Vətən müharibəsində Xocalı qatillərinin əksəriyyətinin rəşadətli Azərbaycan əsgəri tərəfindən məhv edildiyini bildirən Ş.Usubov bu gün Xocalı qurbanlarının ruhunun şad olduğuna əminliyini ifadə edib. O, tarixi ədalətin bərpa olunduğunu və əzəli torpaqlarımızda quruculuq işlərinə başlanıldığını diqqətə çatdırıb.
Xocalı həqiqətlərinin qanlı faciənin şahidləri tərəfindən tələbə gənclərə çatdırılması baxımından tədbirin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan Ş.Usubov universitetin bu təşəbbüsünü yüksək qiymətləndirib.
Xocalı Rayon Mədəniyyət Evinin direktoru, Vətən müharibəsi iştirakçısı Orxan Məmmədov “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda, MDU-nun Humanitar fənlər kafedrasının müəllimi Şəlalə Quliyeva “Zəfərimiz, dünyaya Xocalı soyqırımını tanımaq mesajıdır” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələrdə tarixi torpaqlarımızda məskunlaşmış ermənilərin ölkəmizə qarşı daim ərazi iddiasında olmaları, faşist xislətlərindən irəli gələrək məkirli və təcavüzkar siyasət yürütmələri, havadarlarının dəstəyilə torpaqlarımızın iyirmi faizini işğal etmələri, əlverişli strateji və coğrafi mövqedə olan Xocalıda və digər yaşayış məntəqələrimizdə xüsusi amansızlıqla xeyli sayda dinc sakinləri qətlə yetirmələri və əsirlərə qarşı qeyri-insani hərəkətlər etmələrindən danışılıb.
44 günlük Vətən müharibəsində “Dəmir yumruq” əməliyyatı sayəsində düşmənin darmadağın edilməsi, şanlı qələbənin qazanılması, torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsi və üçrəngli bayrağımızın doğma Qarabağda dalğalanması ilə bütün şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanlarının yerdə qalmadığı diqqətə çatdırılıb.
Sonra, MDU-nun tələbələrinin ifasında Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndirilib.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının təhsil nazirinin 2 fevral 2021-ci il tarixli müvafiq əmri ilə təsdiq edilmiş “Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin Tədbirlər Planı” çərçivəsində təşkil edilib.
Gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi önəm verilən MDU-da tariximizin faciəvi, şanlı səhifələrinin öyrənilməsinə və təbliğ edilməsinə hədəflənən tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır.
Şərhlər bağlıdır.