Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Həmsədrlər münaqişənin sülh yolu ilə həlli üçün tərəflərlə intensiv çalışacağlarını bildiriblər

228

Oktyabrın 30-da Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Xarici İşlər naziri ilə görüşü baş tutub. Bununla bağlı Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, görüşdə nazir Ceyhun Bayramov münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq təşkilatların qərar və sənədləri əsasında həllinə dair Azərbaycanın mövqeyini təqdim edib.

Humanitar tədbirlərdən bəhs edən nazir Ceyhun Bayramov Azərbaycanın sərgilədiyi konstruktiv yanaşmanı vurğulayıb. Bu xüsusda, Azərbaycan tərəfindən birtərəfli qaydada cəsədlərin, habelə ahıl erməni qadınının Ermənistan tərəfinə təhvil verildiyini qeyd edib. Nazir Azərbaycanın bu təklifi çox öncədən irəli sürdüyünü bildirib.

Nazir Ceyhun Bayramov, həmçinin Ermənistanın beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq mülki şəxsləri və yaşayış məntəqələrini məqsədli şəkildə atəşə tutmasının qəbuledilməz olduğunu vurğulayıb.

Mətbuatda xəbər verildiyi kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 30-da Cenevrədə Azərbaycan və Ermənistanın Xarici işlər nazirlərinin görüşünə dair bəyanat yayıblar. Həmsədrlər bəyanatda bir daha tərəfləri oktyabrın 17-də Parisdə və 25-də Vaşinqtonda təsdiqlədikləri 10 oktyabr – Moskva Birgə Bəyanatına uyğun olaraq, humanitar atəşkəsin dərhal qurulması da daxil olmaqla, öz öhdəliklərini tam şəkildə yerinə yetirməyə çağırıblar.

Bəyanatda qeyd edilir ki, atəşkəs və ya digər öhdəliklərin yerinə yetirilməsinə dair ön şərt irəli sürmədən tərəflər təcili əsasda aşağıdakılar da daxil olmaqla, bir sıra addımlar atmağı qəbul edirlər:

– Tərəflər beynəlxalq humanitar hüquqa uyğun olaraq qəsdən mülki əhalini və ya qeyri-hərbi obyektləri hədəf almayacaqlar;

– Tərəflər Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin fəaliyyətini asanlaşdırmaq üçün lazımi təhlükəsizlik zəmanətlərini verərək, döyüş sahəsindəki cəsədlərin toplanması və mübadiləsinin həyata keçirilməsində fəal iştirak edəcəklər;

– Tərəflər bir həftə ərzində BQXK və şəxsi nümayəndənin ofisinə mümkün mübadiləni təmin etmək məqsədi ilə həbsdə olan hərbi əsirlərin siyahısını təqdim edəcəklər;

– Tərəflər 10 oktyabr birgə bəyanatının 2-ci bəndinə uyğun olaraq atəşkəsin təsdiqlənməsi mexanizmləri ilə bağlı şərh və sualları yazılı şəkildə təqdim edəcəklər.

Daha sonra bəyanatda bildirilir ki, tərəflər 10 oktyabr birgə bəyanatının 3-cü bəndinə uyğun olaraq, hərtərəfli həllin əsas elementləri üzrə danışıqlarla bağlı mövqelərini aydınlaşdırmağa yönəlmiş açıq və əsaslı fikir mübadiləsi aparıblar.

Yekunda həmsədrlər münaqişənin sülh yolu ilə həll edilməsi üçün tərəflərlə intensiv çalışmağa davam edəcəklərini bildiriblər.

Şərhlər bağlıdır.