Mingəçevir Dövlət Universitetinin (MDU) professor-müəllim və inzibati-texniki heyət üzvləri Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tərəfindən “Distant təhsildə tədrisin təşkili və metodik təminatı” mövzusuna təşkil olunan təlimlərdə iştirak ediblər. UNEC və MDU arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq, MDU-nun 100-ə yaxın əməkdaşı sözügedən təlimlərə qatılıb.
Cari ilin 31 avqust – 4 sentyabr tarixlərində online formatda keçirilən təlimlərin məqsədi ali təhsil müəssisələrinin əməkdaşlarının distant tədris sahəsində bilik və bacarıqlarının artırılmasından olub.
Təlimlər ABŞ-ın Şimali Dakota, Corc Vaşinqton, Kanzas, Klemson, Radford universitetlərində və İsveçrənin Luqano Universitetində fəaliyyət göstərən azərbaycanlı alimlər (Fariz Hüseynov, Sevinc Məmmədova, Səbuhi Sərdarlı, Babək Məmmədov, Əqidə Mənizadə və Əmir Orucov), Türkiyənin Anadolu Universitetinin professoru Cengiz Hakan Aydın və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiya şöbəsinin sektor müdiri Nicat Abbasov tərəfindən keçirilib.
İştirakçılar tərəfindən UNEC-in ali təhsil sahəsində bacarıqların inkişafına mühüm töhfəsi kimi qiymətləndirilən təlimlərdə məruzəçilər “Distant təhsil: ənənəvi təhsillə oxşar və fərqli xüsusiyyətləri”, “Distant təhsilin informasiya-resurs təminatı: elektron resurslar və onlayn xidmətlər”, “Distant təhsildə interaktivliyin təmini (mühazirə dərslərinin təşkili və keçirilməsi üsulları”, “Distant təhsildə sərbəst işlərin yerinə yetirilməsi qaydaları”, “Distant təhsildə tələbə motivasiyasını yüksəldən tədris metodları”, “Distant təhsildə tələbələrlə dərsdən kənar əlaqənin effektiv qurulması (Google Classroom proqramı)”, “Müasir metodlardan istifadə etməklə seminar məşğələlərinin təşkili və qiymətləndirmə üsulları” mövzularında çıxış ediblər.
Beş gün davam edən təlimlərdə fəal iştirak edən MDU əməkdaşlarına UNEC tərəfindən müvafiq sertifikatlar təqdim olunub.
Şərhlər bağlıdır.