Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan Respublikası Təhsil Nazirliyinə açıq məktub.

 

Bu gün müəllimin çəkdiyi əziyyətin adıdır Kurikulum. Əslində, fəal və yaradıcı dərs üçün yaxşı təlimdir, lakin burada da ölçünü itirmək, küyə getmək, hansısa psixoloqların yazdığı nəzəriyyələri, saysız-hesabsız terminləri, anlayışları müəllimlərə əzbərlətmək cəhdləri adamı yorur, incidir və bezdirir. Unudulur ki, hər bir müəllim özü də psixoloqdur. Onun da şagirdlərlə, yəni müxtəlif yaş qruplarından olan uşaqlarla bağlı öz düşüncələri, təxminləri və yəqinləri vardır. Bizim də oxuyub öyrəndiyimiz, yaradıcılığından bəhrələndiyimiz pedaqoqlar vardır. Amma “filankəslər avropalıdır, yaxud amerikalıdır, təlim yaradıblar və bunları əzbərləmək lazımdır” düşüncəsi ilə müəllimləri bu qədər informasiya yığınına məruz qoymaq çox yanlışdır və müəllim buna məcbur edilməməlidir. Çünki bu günün uşaqları tamam fərqlidirlər, onları əvvəllər yaradılmış hansısa qəlibə, çərçivəyə salmaq olmur. Heç düşünmüsünüz ki, bu günün uşaqları hansı problemləri yaşayır? Uşaqların problemlərini bilmədən onlara nəyin yaxşı təsir edəcəyini necə bilmək olar? Yaxud Kurikulumun bu şəkildə tətbiqində israr edən yoldaşlar, indiki uşaqların və müəllimlərin nələr yaşadıqlarını bilirsinizmi?

Fəal dərsin mərhələləri, məzmun xətti, standartlar, alt standartlar, iş üsulları, iş formaları, bunlar çox yaxşıdır, bunlardan istifadə etmək olar. Amma bu qədər taksonomiyalar, psixoloji nəzəriyyələr, anlayışlar və onları özündə ifadə edən çoxlu və fərqli testlər, fərqli cavablar müəllimlərə həddindən artıq əziyyət verir. Bütün bunlar müəllim və müəllimlik üçün meyar ola bilməz və olmamalıdır.

“Müəllim yaradıcı insandır”, -deyilir, amma başqalarının psixoloji qənaətlərini, təlimlərini əzbərləməyə məcbur edilir.

“Müəllim uşaqların inamını, etibarını qazanmalıdır”, -deyilir, amma müəllimin öz bacarığına etibar edilmir.

“Müəllim dərs metodunu özü seçməlidir”, -deyilir, amma filan halda filankəslərin hansının nəzəriyyəsi pozulmuşdur?-sualı ilə imtahan edilir, -niyə? Bu nəzəriyyələri əzbər bilməyə niyə məcbur edilirik?

Əziz müəllimlər, biz bu yükün ağır olduğunu, daşınması mümkün olmadığını demədikcə, hərə öz başının çarəsini fikriləşib bu informasiya yığınını əzbərləməyə davam etsə, bu əzab-əziyyət də davam edəcəkdir. Ona görə də gəlin, qarşılıqlı hörmət mühiti yaradaq, səsimizi eşitmələri üçün fikirlərimizi dəqiq ifadə edək, nədən narazı olduğumuzu bildirək. Hörmətli Təhsil Nazirliyi və bu işə məsul olan yoldaşlar, müəllimləri bu qədər əzab-əziyyətdən qurtarın. Dərs canlı prosesdir, bu prosesdə müəllimlə şagird birbaşa ünsiyyətdə olur. Müəllimlə şagird arasındakı münasibətlər heç də kitablarda, təlimlərdə yazıldığı kimi olmur, bu münasibəti heç də “Şagird belə olmalıdır!” iddiası ilə tənzimləmək mümkün deyildir, çünki uşaqların heç də hamısı dərs oxumağa maraqlı olmur, müəllimi eyni cür sevmir, dərsə və müəllimə diqqətli olmur. Odur ki, müəllim-şagird münasibətləri sinfdəki vəziyyətdən, uşaqların əhvalından daha çox asılı olur. Düzdür,  müəllimin pedaqoji və psixoloji hazırlığının-biliyinin ona köməyi hər zaman vardır, amma bir çox fərqli təlimləri müəllimlərə əzbərlədib, üstəlik də onlardan imtahan sualları tərtib edib müəllimləri çətin vəziyyətə salmaq doğru deyildir. Çox zaman müəllimin bacarığı uşaqların eşidib anlaya bildiyi qədər olur. Çünki nə istədiyini, necə davranacağını bilməyən, qarşısındakı müəllimin evindəki valideyndən(onu incidən, danlayan, bəzən söyən, təhqir edən) fərqi olmadığını düşünən , xüsusliə 12-16 yaş arası uşaqlarla davranmaq üçün müəllimin yeganə köməyi  mehribançılıq, onların kobudluğunu həzm edə bilməkdir. Müəllim təkcə tərbiyəli, intizamlı, oxumağa maraqlı uşaqlara dərs keçmir, həm də öyrənmək əziyyətinə qatlaşmaq istəməyən,  sərbəst olmağa, bu anını yaşamağa çalışan, telefonla oynamaq istəyən uşaqlara da dərs keçir. Bu iki zidd qütbü sinifdə idarə etməyə çalışır. Heç bir nəzəriyyə, təlim, şəxsiyyəti formalaşdıran qaydalar müəllimin aldığı mənəvi zərbəni yüngülləşdirə bilmir. Cəmiyyətin, ailələrin məsuliyyətsizliyinin, yanlışlarının törətdiyi fəsadların əziyyətini yenə də müəllim çəkir.

Mən və mənim kimi yeniliklərə açıq, düşünməyi, düşündürməyi bacaran müəllimlər yeni təlimin əlehinə deyilik. Hər bir yeni təlimin yaxşı tərəfləri mütləq olur, uşaqlarla münasibətindəki çətinlikləri həll etmək istəyən hər bir müəllim bu təlimin yaxşı tərəflərindən istifadə etməyə çalışacaqdır. Və bunu müəllimin öz öhdəsinə buraxmaq lazımdır. Bizi narahat edən, bu təlimlərin, nəzəriyyələrin bütöv şəkildə, olduğu kimi, müəllimə yararlılıq dərəcəsini nəzərə almadan təqdim edilməsidir. Bu qədər təlimçi də Kurikulumu öz bildikləri şəkildə, özü də fərqli formalarda, bəzən bir-birinə zidd olan mühakimələrlə hazırlayıb təqdim edirlər, bu isə heç də yaxşı hal deyil. Təlimçilər öz yazdıqları kitablardan suallar tərtib edirlər və cavab olaraq da yalnız öz variantlarını doğru hesab edirlər, odur ki, müəllimlər də bu fərqliliyin qarşısında çaşıb qalırlar. Çünki bu şəkildə müəllimin imtahan edilməsi  onun aşağı nəticə göstərmək ehtimalını da artırır, bu isə müəllimin həm psixologiyasına pis təsir edir, həm də  onu cəmiyyət qarşısında nüfuzdan salır, bu isə bizə lazım deyil.  Günahkar isə müəllim yox, təlimi bu şəkildə müəllimə əzbərlətmək iddiasında olanlardır. Hansı kitabdan öyrənək, hansı təlimçini dinləyək, bilmirik, hərə də öz kitabını, öz variantlarını daha doğru hesab edir. Ona görə də hörmətli Təhsil Nazirimiz, yekun qərar verin və müəllimlərin hamısının istifadə edə biləcəyi, sadə formada yazılmış  və ancaq fəal dərsə köməyi dəyəcək məlumatlar olan dərslik hazırlansın və biz müəllimlər də məhz bunu istəyirik. Çoxlu terminlərin, nəzəriyyələrin əzbərlədilməsi və bunun vacib hesab edilməsi heç də bu təlimin tətbiqini asanlaşdırmır, əksinə müəllimə daha da çətin görünür və müəllim də bundan imtina etməyə çalışır. Çünki müəllim sadəni öyrənib tətbiq etməmiş, birdən-birə mürəkkəb formanı ona öyrətməyə çalışmaq doğru deyil. Kurikulum təlimi müəllimə öz bacarıqlarını düzgün yönləndirmək üçün kömək etməlidir, indiki formada isə bu təlim, daha çox, müəllimi özündən asılı vəziyyətə salan təlimçilərin bizə yaşatdığı əziyyətə çevrilib.  Hər bir yenilik mövcud problemləri həll etməkdə köməkçi vasitə olmalıdır, yaxşı olar ki, Kurikulum təlimi də məhz belə olsun, biz müəllimlərə dərs prosesini maraqlı keçirmək və şagirdlərin şəxsiyyət kimi formalaşmasında göstərəcəyimiz fəaliyyətlərdə faydalı olsun.

Mehparə Rəhimqızı                        15.08.2020          Mingəçevir şəhəri

Şərhlər bağlıdır.