“Hörmətli alimimiz, professor Rafiq Əliyev, müraciətim sizədir! Sizdən çox xahiş edirəm, bizə-çarəsiz durumda olan, xalq olmaq yolunda əzablar içində qıvrılan bu xalqa kömək edin. Bütün dualarım hər zaman xalqımız və dövlətimiz üçündür. Lakin onu da anladım ki, Tanrının bizə yaratdığı fürsətləri görməzdən gəlməklə, əslində öz imkanlarımızı görməzdən gəlmişik. Siz, dünya elminə çox böyük töhvələr vermisiniz, həm də bu xalqın yetişdirməsisiniz, odur ki, sizin, Tanrının bu xalqa bəxş etdiyi bir insan olaraq, biliynizə ehtiyacımız vardır. Siz, qeyri-səlis məntiqin qərarvermə sahəsi üzrə məşğulsunuz. Bu gün biz qərar verməkdə aciz durumdayıq. Gəlin, birlikdə bu çətinliyin öhdəsindən gələk. Bizə qərarvermənin sirrlərini öyrədin, bəlkə bu çarəsiz durumdan çıxa bildik. Sizə çox minnətdar olaram!”
Qərarsızlıq çox pisdir, həddindən artıq pisdir, hətta verə biləcəyimiz ən axmaq qərardan belə, pisdir.
Qanunlar insanlara edə biləcəklərinin sərhəddini göstərir, yəni, bu çərçivədə, ya da bu radiusda yaşa, qərar ver! 360 dərəcə sənin nəyinə bəs eləməz: yaşa, təhsil al, iş qur, ailə qur, fəaliyyət göstər. Bu sərhədlər sənin-bizim üçündür, həm də səni qoruyur və ən önəmlisi, bu sərhədləri sən də qoru, -özün, ailən, sevdiklərin, insanlıq və gələcəyin üçün qoru. Qanunlar səni qorusun, sən də qanunları qoru! Bunun üçün qanunları bilməlisən, bilmirsənsə-çarəsizsən…Hər şey bilikdən keçir, bu, sənin üçün test əzbərləyib imtahana hazırlaşmaq deyil, nə də pul qazanmaq üçün istifadə etdiyimiz bilik deyil, əsl bilikdən gedir söhbət, həyatımızın hər anında bizə gərək olan, hər birimizi-biz edən, xalq, millət edən bilikdən: siyasi, iqtisadi, tibbi, hərbi və sair. İmkanlar göz qabağındadırsa, bacarmamaq bəhanədir, acizlikdir, xəyanətdir və daha nədirsə ondandır. Bilik -imkanlardır, səni qoruyan sərhədlərdir, buna riyaziyyatda rasionallıq deyilir. Təəssüf ki, qarşılaşdığımız çətinliklər, xalq olaraq çarəsizliyimiz bunu deməyə əsas verir ki, biliyimiz bizi yaşadacaq, qoruyacaq qədər deyil, yəni, rasional düşünə bilmirik. Sonra da düşündüm ki, bəlkə irrasionllıqda bir işə yarayacaq qədər güclüyük? Yəni hisslərimiz, emosiyalarımız bəlkə bizi xilas edər? Lakin görünən odur ki, hisslərimizə də əmin deyilik, hisslərimiz də həqiqi deyil, inandırıcı deyil. Bu gün faciəmiz var,- deyirik, qəzəblənirik, erməniyə, rusa, avropaya, amerikaya nifrət yağdırırq, ağlayır-sızlayırıq, sabah çal-çağırdayıq…Deyərsiniz ki, sevinclə kədər qoşadır, lakin bu bizə aid deyil, çünki bizimki klişedən, çeynənmiş fikirdən başqa bir şey deyil. Əgər bu gün yaşadığımız faciədən, çətinlikdən çıxmaq üçün çarə, çıxış yolları axtarmırıqsa, o zaman, günün səhərisi bayram etməyə necə tələsirik, niyə tələsirik, bax, bunu anlamıram? Çox vacibdir ki, minlərlə problemimizin içərisindən heç olmazsa birini həll etmədən, bayram üçün darıxaq, maşallah, heç nədən geri qalmaq istəmirik, amma başa düşmürük ki, həyatımızı zibilə döndəririk? Çox zaman nə düşündüyümüzün fərqində belə olmuruq. Ola bilər ki, daha çox zərər görməyimiz də, elə, doğruları, həqiqətləri görə bilməməyimizdədir? Yəni, pislərə, zalımlara qarşı nə isə edə bilməsək də, onların əməllərinin qarşısını ala bilməsək də, ən azından, doğrunun, həqiqətin nə olduğunu anlamaq, dərk etmək üçün iradəmiz, gücümüz və məntiqimiz olmalıdır! Nə isə, məsələ ondadır ki, nə rasionallıqdan-ağıldan, bilikdən, nə də irrasionllıqdan-hisslərimizdən, emosiyalarımızdan əmin olub, qərar verib bir iş görə bilmirik, ikisinin arasında vurnuxmaqdayıq. Amma qərar vermək lazımdır!
Bütün sərhədlərimiz itib:-dövlət sərhədlərimizin çox hissəsi, mənəvi, siyasi, iqtisadi sərhədlərimiz də işğal altındadır. Bu işğaldan qurtulmaq üçün imkanlar yetərincədir, onları axtarmaq, tapmaq, bilənlərdən soruşub öyrənmək və tətbiq etmək lazımdır. Yoxsa, sonsuzadək belə davam edə bilməz. Qərar verək!!!
Şərhlər bağlıdır.