Fevralın 25-i 2020-ci il tarixində Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümü müəllim-tələbə heyəti tərəfindən birgə anıldı.
Tədbiri açıq elan edən universitetin rektoru Şahin Bayramov Xocalı haqqında fikirlər söylədi, bir dəqiqəlik sükutla şəhidlərin xatirəsi yad edildi.
Daha sonra məruzəçilər – Tafix kafedrasının müəllimi Vüsalə Mövlayeva və Humanitar fənlər kafedrasının müəllimi Namaz Manafov əsaslı faktlarla Xocalının tarixən Azərbaycan torpağı olduğunu, ermənilərin vəhşicəsinə törətdikləri qətliamın yerdə qalmayacağını vurğuladılar.
Tədbirdə bir neçə Xocalı sakininin iştirakı, onların xatirələri gənclərdə vətənpərvərlik hissini artırmış oldu. Xocalı sakini Süleyman Xocalı gördüyü dəhşətləri ürəkağrısı ilə danışdı. O, yaşadığı ərazidə xəbərsiz əhalinin qışın soyuğunda keçilməsi mümkün olmayan çaydan gözüyumulu keçdiklərini, çayda ölməyi düşmənə əsir düşməkdən daha üstün tutan həmvətənlərini yad etdi. Süleyman Xocalı müharibənin şahidi olmuş, döyüşlərdə iştirak etmişdir. O qeyd etdi: “9 May tarixini, Qələbə günümüzü qeyd etdik. Xocalıda bir sıra filmlər çəkildi. Lakin Xocalıda baş verən bu qətliam çəkilişsiz oldu”.
S. Xocalı torpaqlarımızda necə qırğınların baş verdiyini, Ağdamın Şellisinə qədər olan taxıllıq ərazilərdə xilas olmağa çalışan, ümid gözləyən insanların vəhşi ermənilər tərəfindən necə güllə yağışına tutulduqlarından bəhs etdi. O, 2 azyaşlı şəhid uşağını himayəsinə götürdüyünü də qeyd etdi : “28 ildir Mingəçevirdə yaşayırıq, xoş üzlər görürük, insanları mehribandır, qayğıkeşdir. Lakin illər keçməsinə baxmayaraq, hər gün sanki bu hadisəni yaşayıram”, – deyən Xocalı bir gün Xocalıya- müqəddəs torpağımıza qayıdacağına inanır və o günü səbrsizliklə gözləyir.
Tədbirdə iştirak edən digər Xocalı sakini Alim İsmayılov da hadisənin canlı şahidi olaraq, Xocalı həqiqətlərini gənclərə çatdırdı. O, ermənilərin hətta ölülərdən belə əl çəkmədiyini, qadın, qoca, uşaq demədən ölüləri tanınmaz hala saldıqlarını, ayaqlarına tikanlı məftillər bağladıqlarını dedi: “Rəhmətlik Çingizlə meyitləri çevirə-çevirə heç kəsi tanıya bilmir, yaxınımızı tapa bilmirdik. O, insanların necə çarəsiz olduqlarını, birinin ölümü bahasına olsa belə digərlərinin xilas olmalarına cəhd göstərmələrindən danışdı: “Mənim anamın ayağı sürüşdü. Atama dedi ki, məni vur. Təki siz o tərəfə keçin. Bir uşaq var idi, ağlayırdı. Anası onu boğdu ki, səsini düşmən eşitməsin, əhali xilas ola bilsin. Uşağı başa salmaq olmur axı”.
Alim İsmayılov dövlətimizin sayəsində bu gün hər şeyin olduğunu, heç nəyə ehtiyacı olmadığını dedi, tək torpağımızdan başqa. O, gənclərə: “Bu Vətənin torpağına, bayrağına inanırsınızsa, sevinirsinizsə vətənpərvər olun! Xocalı hadisəsi baş verəndə mən də gənc idim, 21 yaşım vatdı” -dedi. “Bu bir faciə olmaqla yanaşı, həm də bir gecənin fəlakətidir”.
Alim İsmayılov da Xocalıya geri qayıdacağı günü gözlədiyini, belə universitetin də bir gün Xocalıda olacağını, o zaman gənclərlə zəfər bayramını qeyd edəcəklərini söylədi.
Rektor Şahim Bayramov da, bu günlərin uzaqda olmadığını, Xocalı sakinlərinə isə səbrli olmağı dilədi: “Gəlin, hər birimiz əlimizdən gələni edək, tariximizi unutmayaq və unutdurmayaq”.
Şərhlər bağlıdır.