Vəli Musayev: “Mingəçevirdə TOPs proqramı üzrə təşkil olunan “Açıq dərs” ənənəvi dərslərdən fərqlənir”
“TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsinin 6-cı mövsümündə Mingəçevir şəhərindəki Texniki Humanitar Liseydə (müəllimlər- Elburus İsmayılov və Xəqani Mikayılov) və 10 №-li məktəbdə (müəllimlər – Atəş Məmmədov və Qalina Kurdyukova) 6 və 9-cu siniflərdə fiziki tərbiyə fənnindən “Açıq dərs”lər keçirilib. Müasir təlim üsullarının tətbiq edilməs ilə Əyilgənlik və Çeviklik tədris vahidlərinin mövzuları əsasında aparılan dərslərdə şagirdlər komandalara bölünərək, müxtəlif idman fəaliyyətlərini yarışma və rəqabət formasında nümayiş etdirib, fiziki və liderlik qabiliyyətlərini artırmağa çalışıblar. Açıq dərsdə iştirak edən layihə rəhbəri Vəli Musayev bildirib ki, Mingəçevirdə təşkil olunan “Açıq dərs” ənənəvi keçirələn dərslərdən fərqlənir: “Mingəçevir müəllimlərinin qısa müddət öncə TOPs təlimlərində yeni metodologiyaya yiyələnməsinə baxmayaraq, onlar bu proqramı çox yaxşı mənimsəyərək dərslərdə uğurla tətbiq edirlər. Bunu uşaqların dərsdə fəallığından və üzlərindəki sevincdən görmək mümkündür. Müəllimlər müasir metodlardan istifadə edərək, dərsdə fənlərarası inteqrasiyanı olduqca ustalıqla tətbiq edə bildilər. Bu da şagirlərdə fiziki tərbiyə dərsinə olan marağın daha da artmasına imkan yaradan ən başlıca səbəblərdəndir ”.
TOPs proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə 2014-cü ildən həyata keçirilir və onun 2019-2020-ci tədris ilindən ölkənin bütün ərazisində tətbiq olunması qərara alınıb. Bu məqsədlə fiziki tərbiyə fənnini tədris edən müəllimləri müasir təhsil texnologiyaları ilə tanış etmək üçün bölgələr üzrə təlimlər aparılır. Təlimlərə qatılan müəllimlər fiziki tərbiyə üzrə müasir təlim üsullarını özündə birləşdirən TOPs metodologiyası ilə açıq dərslər və idman festivalları təşkil edirlər.
Şərhlər bağlıdır.