Cəlal Əmirov 9 yaşından bənnalıqla məşğuldur
Bənna bir tikili inşa edərkən daşları elə qoymalıdır ki, birinin çıxıntısı o birsinin qısalığı ilə tən gəlsin.Tikinti sahəsində fəaliyyət göstərən peşəkar ustalardan biri də 28 yaşlı Cəlal Əmirovdur. Söhbət açacağımız bənna işinin ustasıdır.
Cəlal ailəsi ilə 1989-cu ildə mənfur erməni quldurlarının torpaqlarımıza göz dikməsi nəticəsində Qərbi Azərbaycandan qaçqın düşərək, Mingəçevirə pənah gətirib. O zaman Cəlalın 3 yaşı vardı. Dediyinə görə, atası peşəsini yaxşı bacardığına görə, ailələri maddaiyyət sarıdan çətinlik çəkməyib. Ata öz əlinin zəhməti ilə 5 övlad böyüdüb. İki oğlan övladına isə bənnalığın sirlərini öyrədib.
Bu gün Cəlal yaxşı usta olduğuna görə atasına həmişə rəhmət oxuyur. Hətta tikdiyi ev sahibləri də onun əl qabiliyyətindən razılıq bildirirlər.
Bu günlərdə isti günəşli havada Cəlal usta ilə həmsöhbət olduq. Onu da deyim ki, bu gənc oğlanın əllərinin qabarını görüb, hətta bir az da təsirləndim. O qabarlı əllər həm iki övlad atasıdır, həm də 5 baş ailənin sahibidir. Bir ana, 3 bacı və bir qardaş onun əlinin çörəyi ilə dolanır.
Deyirlər, bənna evi yaxşı tikərsə, o evi heç nə və heç kəs ucura bilməz. Hər bir mənzilin xarakterini onu tikən bənna yaxşı bilər. Uzun illər bənna kimi çalışan Cəlal bildirdi ki, evi tikərkən səliqə və zövqə diqqət edir: “Bu sənətə uşaqlıqdan özümün də həvəsim olub. 9 yaşım vardı atama kömək edəndə .Heş gücüm daş qaldırmağa çatmırdı. Amma qarşıma məqsəd qoymuşdum ki, bu sənəti mükəmməl öyrənəcəm. Oxumaqla elə də aram yox idi. Dərsdən gələn kimi atamın yanına qaçırdım. Onun əlinə baxaraq bu sənəti öyrəndim. 15 yaşımda özüm evin hörgüsünü tək başıma hörürdüm. Və beləliklə, bu sənəti öyrəndim. Amma atamın qəfil həyatdan köçməsi məni çox kədərləndirdi. İndi onunla birlikdə tikdiyim evlərin önündən keçəndə bir an ayaq saxlayıb, keçən günlərimizi xatırlayıram. Artıq mən də atayam. Atamı tez itirsəm də evdə bacı –qardaşımı korluq çəkməyə qoymuram. Sənətimlə ailəmi dolandırmağa çalışıram”.
Son dərəcə zəhmətkeş olan bu gənc indi çalışır ki, bacıları üçün cer-cehiz tədarükü görsün. Axı onun 3 bacısı var. Onlar da qardaşları kimi zəhmətsevərdilər. Qeyd edək ki, böyük bacı dərziliklə məşğuldur. Onu da bildirək ki, Cəlalın artıq şagirdləri də var.
“Bəs öz oğlunuzu da bu sənətə öyrədəcəksiniz?” sualına müsahibimiz “əlbəttə” deyir: “Bu, bizim ata –baba sənətimizdir. Hələ uşaqlıqdan xəyalımda gözəl evlər tikirdim. Bir zaman ayıldım ki, artıq xəyallar gerçəkləşib. Artıq gənclik də əldən gedib. Amma tikdiyim evlərə baxanda fəxr edirəm ki, onları bax, bu qabarlı əllər tikib. Əslində bu da bir qəhrəmanlıqdır. Görün nə qədər insanlara sevinc bəxş edirəm. İndi hal-hazırda yaşadığım evi də özüm tikmişəm. Gələcəkdə qismət olsa, oğluma da ev tikəcəyəm”.
İnsanlar daha çox həyət evlərinə üstünlük verirlər. Bunun səbəbi nədir sualımıza usta belə cavab verdi: “ Düzdür biz də həyət evləri tikirik,elə özüm üçün də həyət evi tikmişəm. Həyət evləri hündür mərtəbəli binalardan daha keyfiyətli olur, bir də ki, inşasını özün istədiyin kimi qurursan. Həm şəhərin sakit yerində, həm də yaşıl ağacların kölgəsində yaşamağın başqa ləzzəti var. Bəzən çoxmərtəbəli evlərdə yaşayanlar bina evini sataraq, həyət evləri tikdirirlər. Mən belə hallarla tez tez rastlaşıram”.
Şərhlər bağlıdır.