Bəy kostyumu evdə asılı qaldı
Qasımov Nuran Sabir oğlu qardaşı Teymur haqqında danışarkən göz yaşlarını saxlaya bilmirdi. Onun çəkdiyi iztirab sifətinin cizgilərindən oxunurdu: “Qardaşım Tərtər rayonunun Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu. Üç gün döyüş apardıq, bu üç gündə kifayət qədər torpağımızı azad etdik. Düşmən tərəfdən çoxlu itki verildi. Ağır döyüşlər gedirdi. Ermənilərdən müqavimət görmədik. Biz irəlilədikcə onlar qaçdılar. Müqavimət göstərmək istəyəni də dərhal məhv edirdik.
Talış, Seysulan, Lələtəpə, Naftalanın bütün yüksəklikləri bizdədi. Talışdan Madagezə kimi açıqlıqdı. İndiyə kimi Lələtəpə idi Füzuli yolunun qarşısını kəsən. İndi o da bizdədi. Yol açılıb.
Teymurla bir yerdə Bakıda N saylı hərbi hissədə işləyirdik. Gizir rütbəsindəydi. Cəbhədə gedən bütün döyüşlərdə iştirak edirdi. Yoldaşlarına həmişə can yandırardı. Biz Talış kəndində döyüşürdük. Onlar bizə köməyə gəlirdilər.
Aprelin 2-dən 4-nə kimi gedən bütün döyüşlərdə iştirak elədi. Ayın 4-də xəbərimiz olmadı ondan. Erməni postlarını tutmuşduq. Başladıq əsgər və zabitlərimizi axtarmağa-kimlər var, kimlər yoxdu? Əvvəl elə bildik itkin düşüb. Sonra öyrəndik ki, yaralı yoldaşlarına kömək edərkən şəhid olub.Üç gün axtardıq. Postlardan birinin yanında meşədən onun meyidini tapdıq. Ayın 14-də nişanı olasıydı. Görə bilmədi. Bəy kostyumu evdə asılı qaldı”.
04 yanvar 1992-ci ildə dpğulan Teymur Qasımov Mingəçevir şəhərində Samux küçəsindəki 76/6 saylı ünvanda yaşayırdı. Mingəçevir İnternat məktəbinin məzunuydu. Tanınmış idmançıydı. 2012-ci ildən Müddətdən Artıq Xidmət Edən (MAXE) hərbi qulluqçu, 2013-cü ildən isə gizir kimi hərbi xidmətdə idi. Tərtər rayonunun Talış kəndindəki yüksəklik uğrunda döyüşdə şəhid oldu. 23 yaşı vardı.
Qəhrəman Vətən oğlunun dəfn mərasimi böyük izdivam və insan yürüşü ilə müşayət olunub. On mindən yuxarı Mingəçevir sakini şəhidimizi Vətən uğrunda şüarlarla son mənzilə yola salıb. Şəhid aprelin 9-da Mingəçevir şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.
Dəfn mərasimində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Mingəçevir şəhər şöbəsinin rəisi polkovnik-leytenant Şahin Xəlilov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Şəhər Veteranlar Şurasının sədri Ələm Məmmədov, gənclər adından Mingəçevir Dövlət Universitetinin tələbəsi Nicat Hacıyev, Milli Qəhrəman Rəşad Mirabovun atası Akif Mirabov, mərhumun cəbhə və səngər yoldaşları çıxış ediblər. Şəhidin tabutuna bükülən Azərbaycan Bayrağı Teymurun atası Sabir Qasımova təqdim edilib. Fəxri karaul şəhidin şərəfinə yaylım atəşi açıb.
Şəhidlər Muzeyinin əməkdaşı Mətanət İsmayılovanın dediyinə görə, Teymur bu Xiyabanın 325-ci sakinidir: “Şəhidlərimizin 4-ü “Milli Qəhrəman” adına, 7-si “Azərbaycan Bayrağı” ordeninə, 4-ü “İgidliyə görə medal”ına layiq görülüb”.
Həmin döyüşlərdə digər mingəçevirli- Adilzadə Adil Kamran oğlu da qəhrəmancasına həlak olub. Onun cənazəsinin alınıb gətirilməsi istiqamətində hazırda tədbirlər görülür.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən sağ olsun.
Şərhlər bağlıdır.