Noyabrın əvvəlində Göyçayın Bığır kəndinin girişində nar və ondan hazırlanan məhsulların nümayişinə başlanacaq
“Göyçay rayonunda kənd turizminin inkişaf etdirilməsi üçün hazırda prioritet istiqamətlər və ehtiyaclar öyrənilir, bu sahəyə maraqlı tərəflərin cəlb edilməsi üçün maariflənmə tədbirləri təşkil edilir, bələdiyyələr və yerli iş adamları, kənd sakinləri turistlərin qəbulu və onlara xidmətin göstərilməsi üçün digər rayonlardakı müsbət təcrübələrdən bəhrələnirlər”.
Bu fikirlər “Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin təşkilatçılığı və Avropa İttifaqının maliyyə dəstəyi ilə Göyçayda keçirilən “Kənd turizminə dəstək” adlı tədbirdə səsləndirilib. Rayon İcra Hakimiyyətinin məsul işçiləri, bələdiyyə sədrləri, iş adamları, təhsil işçiləri, QHT nümayəndələri və gənclərin iştirak etdiyi tədbirdə “Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə üzrə əməkdaşı Xanım Şabanova, biznes üzrə mütəxəssisi Emil Mirzəyev, “Göyçay İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Əzizağa Atakişiyev layihənin məqsədi və məramı barədə məlumat veriblər. Qeyd olunub ki, bu gün kəndlərdə yaşayan ailələrin, kiçik fermer və sahibkarların turizmə cəlb edilməsi onların inkişafına təsir göstərə bilər. Layihə çərçivəsində kənd turizmi sahəsində maarifləndirmə işləri aparmaq, gənclərin turizm sahəsi üzrə təhsil almalarına və və bu istiqamətdə karyeralarını qurmalarına köməklik göstərmək nəzərdə tutulub.
Görüşdə kənd turizminin inkişaf istiqamətləri izah olunub, təkliflər dinlənilib. Məlumat verilib ki, Göyçayda ənənəvi olaraq hər ilin noyabr ayında keçirilən nar bayramı rayonda kənd turizminin inkişafına təkan verir. Bayram tədbirində nar və ondan hazırlanan məhsullar yalnız baxış üçün sərgilənir, halbuki bu məhsulların satış yarmarkalarının təşkil olunması vacibdir. Layihə çərçivəsində noyabrın birinci həftəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında, Göyçayın ən böyük narçılıq kəndi olan Bığırın giriş hissəsində nar və ondan hazırlanan məhsulların nümayişi üçün stend quraşdırılacağı elan olunub. Bu da rayona gələn qonaqların marağını cəlb etmək məqsədi daşıyır. Rayondakı tarixi abidələrin, Göyçay çayının, Çərəkə gölünün, Yuxarı Şirvan kanalının imkanlarından da istifadə etmək təşəbbüsü bəyənilib. Təkliflər əsasında yaxın vaxtlarda kənd bələdiyyələri üçün layihələr hazırlamaq, sahibkarlara bir-biri ilə əlaqəsi, biznes sahəsində əməkdaşlıq imkanlarının bölüşdürülməsi üçün şərait yaradılacağı da bildirilib. Bu barədə tədbir iştirakçılarına videoçarx, məlumat bukletləri və broşurlar təqdim edilib.
Layihə Şamaxı, İsmayıllı, Lerik, Astara, Masallı və digər rayonlarda da icra olunur.
Şahnəzər Bəşirov
Şərhlər bağlıdır.