Göyçayda narçılığın inkişafı üçün gənclərin bacarıqları artırılır
“Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə “Nar bağlarının effektiv idarəedilməsi və gənclərin bu istiqamətdə bacarıqlarının artırılması” adlı layihəsini uğurla icra edir. Layihə çərçivəsində avqustun 23-də Göyçay Gənclər Mərkəzində narçılıq sahəsi üzrə fəaliyyət göstərən fermerlərin, kənd təsərrüfatı mütəxəssislərin, təhsil işçiləri və gənclərin iştirakı ilə görüş keçirilib. Tədbirdə layihənin əlaqələndiricisi Nahid Quliyev, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndəsi Şəlalə Kamilova, Göyçay Rayon İcra Hakimiyyətinin məsul işçisi Eldəniz Məmmədov çıxış ediblər. Bildirilib ki, pilot layihənin əsas məqsədi hədəf seçilmiş kəndlərdə təsərrüfat sahiblərnə nar məhsulu istehsalı üçün səciyyəvi olan ehtiyacları müəyyənləşdirmək və nar bağlarının aqrotexniki qaydada düzgün idarəedilməsi üçün bağ sahiblərinin bilik və bacarıqlarını artırmaqdır. Narçılıqla məşğul olan fermerlər və aqronomlar gənclərə nar bağlarına qulluq edilməsi qaydaları, ziyanvericilərə qarşı mübarizə yolları, yetişən məhsulun saxlanılması və çürüməsinin qarşısının alınması üçün vacib tədbirlər barədə məlumat veriblər.
Göyçay Peşə Liseyinin direktoru Qabil Zeynalov, rayon təhsil şöbəsinin müdir müavini Rahib Burcəliyev, narçılıq üzrə elmi işçi, aqronom Zaur Hacıyev gənclərin kənd təsərrüfatı sahəsi üzrə bacarıqlarının artırılması üçün onların peşə hazırlığı kurslarına cəlb edilməsinin vacibliyindən danışıblar. Məlumat verilib ki, Göyçay rayonunda insan sağlamlığı üçün əvəzolunmaz meyvə hesab olunan narın 67 növü yetişdirilir. Bu gün Göyçayda narçılıqla məşğul olan çox az sayda arqonom var ki, onlar da yaşlı nəslin nümayəndələridir. Saf və keyfiyyətli məhsul əldə etmək üçün nar bağları xüsusi qulluq tələb edir. Gənclərin narın yetişdirilməsi sahəsində demək olar ki, anlayışı yoxdur. Göyçayda gəlirli sahə hesab olunan narçılığı inkişaf etdirmək üçün əvvəlcə gənclərdə bu sahəyə marağın yaradılmasına və onların mütəxəssis kimi yetişdirilməsinə ehtiyac var.
Layihənin icrası zamanı Göyçay Regional Kənd Təsərrüfatı İdarəsi, Göyçay Peşə Liseyi və Göyçay Regional Peşə Tədris Mərkəzi ilə yaxından əməkdaşlıq edilir. Layihə çərçivəsində nar bağlarının effektiv idarəedilməsinə kömək məqsədilə xüsusi model hazırlanacaq və regionda bu sahədə kadr inkişafına dəstək olmaq üçün maraqlı tərəflərlə əməkdaşlıq ediləcək.
Təlimlərdən sonra gənclərin istehsal müəssisələrinə və nar bağlarına öyrənmə səfərlərinin təşkili nəzərdə tutulur.
Şahnəzər Bəşirov
Şərhlər bağlıdır.