QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə mingəçevirlilərin paytaxt səfəri baş tutdu
“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə layihə çərçivəsində növbəti tədbirini gerçəkləşdirib. Mingəçevirli mənzil mülkiyyətçilərinin bir qrupu ötən həftənin sonlarında-iyunun 8 və 9-da Bakıda təcrübə səfərində olub. Onlar paytaxtın Gəncə prospekti, 30 və 2935A, S.S.Axundov, 4 və İbrahimpaşa Dadaşov, 90 və 91 saylı ünvanlarında yaradılan 3 MMMC-nin fəaliyyəti ilə yerində tanış olublar.
İlk görüş “Xətai-3” MMMC-də olub. İdarə heyətinin sədri Mehman Nağıyev məlumat verib ki, 18 mərtəbəli, 102 mənzilli binanı əhatə edən cəmiyyət qısa müddətdə liftin dəyişdirilməsinə, həyətdə istirahət yerinin yaradılmasına nail olub. Təşkilatın sənədləri ilə mingəçevirliləri tanış edən M.Nağıyev əlavə edib ki, əvvəl binanı tikinti şirkəti olan MTK idarə etməyi boynuna götürmüşdü: “Amma o, camaatı boğazına yığdığından yaşayışçılar yeni idarə etmə formasını seçməkdə maraqlı oldular ”.
“Xətai-6” MMMC idarə heyətinin sədri Ayxan Qocayev isə bildirib ki, bina hələ istifadəyə verilmədən bu addımı atmağa məcbur olublar: “196 ailədən biri kimi mən də bu evdən mənzil gözləyirdim. Qabaqcadan pulumuzu vermişdik, amma inşaat işləri dayanmışdı. Sonradan məlum oldu ki, tikinti şirkəti dələduzluqla məşğul imiş, aradan çıxmaq istəyirmiş. Şirkətin sədri həbs olunsa da problem qalırdı. Buna görə də binadan mənzil alası şəxslər toplaşdılar: nə etməli? Düşündük ki, MMMC yaratmaqla həm şəffafllığı təmin edə bilərik, həm də yarımçıq işlərin tamamlanmasını üzərimizə götürərik. Belə də oldu”.
A.Qocayev əlavə edib ki, MMMC idarəetmənin ən sivil formasıdır: “Bu idarəetmədə sədr təkbaşına qərar vermir. Cari məsələlər İdarə heyətində müzakirə olunur, uzun müddətli məsələlər isə mülkiyyətçilərin yığıncağının öhdəsinə verilir. Yığıncağın etimadını qazanmayan şəxslər kənarlaşdırılır. Eyni zamanda nəzarət-təftiş komissiyası seçilir və o, təşkilatın fəaliyyətinə müntəzəm nəzarəti həyata keçirir”.
Ən uğurlu görüşlərdən biri “Binəqədi-1” MMMC-də gerçəkləşib. Təşkilata rəhbərlik edən Zakir Quliyevin dediyinə görə, ölkədə bu yeni idarəetmə formasına ilk olaraq onlar başlayıblar: “Beş il qabaq biz 248 mənzili əhatə edən 3 binanın mənzi mülkiyyətçilərinin toplantısını keçirdik. Baxmayaraq ki, 2009-cu ildən qanun mövcud idi, amma heç kim bu addımı atmağa risq etmirdi. Hətta Ədliyyə Nazirliyində də sənədlərimiz birmənalı qarşılanmadı. Doqquz ay çəkən çək-çevirdən sonra İqtisadiyyat Nazirliyinin köməyi ilə təşkilatımızı qeydiyyata aldılar. İcra hakimiyyəti başçısı da bizə dəstək göstərdi. Həmin qurumlarda çalışan xeyirxah insanlar olmasaydı, bəlkə də bu proses xeyli ləngiyəcəkdi…”
Z.Quliyev diqqətə çatdırıb ki, MMMC yaranandan sonra yerli İcra Hakimiyyəti sovet dövründən qalma hər 3 binanın əsaslı təmirini, həyətin abadlaşdırılmasını həyata keçirib: “O zaman bizim pulumuz da yox idi. İlk olaraq dəmir qarajların məhlədən götürülməsindən başladıq. Doğrudur, narazılar oldu, amma əksəriyyət bu fikri alqışladı. Ərazidə park salındı, kölgəliklər qoyuldu, uşaq meydançası quraşdırıldı, ağaclar əkildi. Otaq sayından asılı olaraq, mənzillərə binanın saxlanma xərci təyin olundu. Birinci mərtəbədəki kommersiya obyektlərini də prosesə cəlb etdik. İndi hər kəs vəsaiti bank hesabımıza ödəyir”.
Görüşlərə qatılan İqtisadiyyat Nazirliyinin məsul işçiləri Fərrux Dadaşov və Arif Nəzərov, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev layihəni yüksək dəyərləndiriblər. Onların fikrincə, “Binəqədi-1” MMMC-nin təcrübəsi Mingəçevir üçün daha əhəmiyyətli ola bilər. Belə ki, pilot layihə həyata keçirən şəhərdə əksər çoxmənzilli binalar sovet dövründən qalıb və təmirə ehtiycı var.F.Dadaşov deyib ki, Binəqədidə və paytaxtın digər ərazilərində, eyni zamanda Mingəçevirdə binaların əsaslı təmiri, dam örtüklərinin dəyişdişdilməsi, həyətlərdə abadlıq işlərinin aparılması üçün son illərdə Prezidentin ehtiyat fondundan və dövlət büdcəsindən böyük məbləğdı vəsait ayrılıb və bu işlər hazırda da davam etdirilir. Yəni hökumət binaların saxlanmsı prosesindən əlini çəkmir.
Səfər proqramı “Binamızı özümüz idarə edək” devizi ilə Mingəçevirdə çoxmənzilli binaların mənzil mülkiyyətçiləri tərəfindən idarə olunmasına praktiki və hüquqi yardımların göstərilməsi layihəsi çərçivəsində baş tutub. MVA İB-nın və layihənin rəhbəri, Əməkdar jurnalist Fərman Nəbiyevin dediyinə görə, təlim və görüşlər vasitəsilə Mingəçevirdəki mənzil mülkiyyətçilərinin bacarıqları artırmaq nəzərdə tutulub: “Mənzil mülkiyyətçilərinə qanunun tələblərinə uyğun şəkildə ümumi yığıncaqlarını keçirmək, sənədlərini hazırlayaraq, qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim etmək üçün də kömək göstərəcəyik”.
Şərhlər bağlıdır.