Doğum şəhadətnaməsi, şəxsiyyət vəsiqəsi olmayan insanlar
Qədim dünya tarixində xalqların mədəniyyətindən və qurduğu ölkələrdən bəhs ediləndə roman tayfaları haqqında heç bir məlumat verilimir. İctimai fəaiyyətdən, siyasətdən tamamilə uzaq olan bu insanlar tarixin heç bir dövründə dövlət yarada bilməyib. Hətta,ən çox yaşadıqları ölkədə belə onların birliyini göstərən kiçicik bir təşkilata da rast gəlinmir. Getdiyi ölkələrdə belə qeydiyyata düşmür, özlərini çox sərbəst aparır və sanki öz ata-baba yurdlarında yaşayırlar. Onların adı gələndə insanın ağlına siyasətdən, mədəniyyətdən daha çox qaraçı adət-ənənələri və fərqli həyat tərzi gəlir. El arasında onlara “qaraçı” da deyilr.
Romanlara dünyanın hər yerində rast gəlmək mümkündür. Təkcə Avropada onların sayı 8-12 milyon civarındadır.
Onlar Azərbaycanda da məskən salıblar. Romanların Azərbaycana gəlişinin I Şah Abbasın dövründə olması iddia edilsə də, rəsmi mənbələrdə 1950-1960-cı illər göstərilir. Əsasən Qazaxıstandan gələn bu insanlar Azərbaycanda oturaq həyat tərzi sürürlər. Amma onlar sürətlə inkişaf etməkdə olan Azərbaycan cəmiyyətinə inteqrasiyadan kənarda qalıblar. Romanların ən böyük problemləri davamlı əməyə qatlaşmamalarıdır. Kişilər və gənc oğlanlar faktiki olaraq rəsmi qaydada heç bir əmək fəaliyyəti ilə məşğul olmurlar. Amma əvəzində uşaq və qadınlarını məcburi əməyə cəlb edirlər.
Azərbaycanda roman tayfalarından olan bu etnik xalqın daha çox kompakt yaşadıqları rayonlar sırasında ilk yeri Yevlax tutur.Bundan başqa onlar Ağdaş, Bərdə, Balakən, Mingəçevir və Gəncdə də məskunlaşıblar. “Təmas” İctimai Birliyinin sədri Südabə Məmmədovanın sözlərinə görə, əsasən Yevlax və Bərdədə yaşayan romanların ciddi problemləri var: “Onların yaşadıqları məhəllədə və evlərdə antisanitar vəziyyət hökm sürür. Heç bir gigiyenik qaydalara əməl etmirlər, həkim müayinəsindən nadir hallarda keçirlər. Bu ailələrin uşaqları arasında infeksion xəstəliklərə yoluxanların sayı az deyil”.
Müsahibimizin dediyinə görə, yalnız Mingəçevirdə etniklər sahə həkimləri tərəfindən yoxlanılır və onların uşaqlarına vaxtaşırı peyvəndlər vurulur”.
Ən ciddi problem isə bir çoxlarının sənədlərinin olmamasıdır. Xüsusən də uşaqların. Nədənsə bu insanların özləri belə doğum şəhadətnaməsi və şəxsiyyət vəsiqəsinin alınmasına maraq göstərmirlər. “Təmas” İctimai Birliyi Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycan nümayəndəliyinin dəstəyi ilə artıq 26 nəfərin sənədlərinin hazırlanması üçün monitoriq apardığı rayonların hüquq-mühafizə orqanlarına və Ədliyyə Nazirliyinə müraciət edib. Müraciətə dərhal reaksiya verilib və sənədlərin verilməsi ilə bağlı müvafiq addımlar atılıb.
İnqilab Şirinbəyli
Şərhlər bağlıdır.