Yeni inzibati hüquq: hər kəsə “yaşıl işıq”
Dövlət qurumları vətəndaşa standart cavab verirlər
İnsan hüquq və azadlıqlarının qorunması uzun illər ərzində müxtəlif sosial partlayışların, inqilabi sarsıntıların nəticəsi olaraq meydana çıxıb. Buna görə də dövlət bütün tərəflərin maraqlarına uyğun şəkildə bir çox islahatlar aparır, insanların rifahına yönəlik fəaliyyəti həyata keçirir, vətəndaşa münasibətdə qərarlar qəbul edir. Qərar qəbul etməzdən qabaq dövlət qurumu müvafiq icraata başlamalı və icraat aparmalıdır.
1995-ci ildə Konstitusiyanın qəbulundan sonra islahatlar çərçivəsində 2000-ci ildən başlayaraq, Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, eyni zamanda 1999-cu ildə yaradılan bələdiyyələrin idarəçilik fəaliyyətinin təkmilləşdirilməsi vacib duyulurdu və bu, “İnzibati icraat haqqında” Qanunun qəbulunu zərurətə çevirdi. 2005-ci ildı qəbul olunan qanun İnzibati Prosessual Məcəllənin və inzibati məhkəmələrin fəaliyyətə başlamasından sonra 2011-ci ildə qüvvəyə mindi.
Qanunun qəbulundan xeyli vaxt keçməsinə baxmayaraq, hələ də dövlət qurumları vətəndaşa standart şəkildə cavab verirlər: “Sizin müraciətinizə baxıldı və təmin edilmədi”. Amma niyə təmin olunmadı? Yəni bir kəlmə cavabdan vətəndaş ərizəsinin niyə təmin edilmədiyini analamaq imkanına malik olmur. Tutaq ki, kimsə tətil, piket, nümayiş keçirmək, yaxud ona məxsus torpaq sahəsində fərdi ev tikmək istəyir. İcazə verməli olan qurumdan (orqandan) cavab gəlir ki, məqsədəuyğun deyil, baxmayaraq ki, Azərbaycan Konstitusiyası onun müvafiq hüququna təminat verir. Əslində icazə üçün bir problem yoxdursa, razılıq verilməlidir. Təbii ki, inzibati orqanın təhlükəsizlik və başqa məsələlərlə bağlı şübhələri ola bilər, bu halda konkret situasiyadan asılı olaraq qarşı tərəfə ya imtina barədə əsaslandırılmış cavab göndərilə, ya da icazə müəyyən əlavə şərtlərə riayət olunması şərti ilə verilə bilər. Yəni, hər bir halda vətəndaş ona icazə verilməməsinin səbəblərini bilməlidir. Bu, məmurun şəxsi mülahizələrindən gələn qadağa deyil, hüquqla, qanunla müəyyən olunmaldır. Əgər eyni yerdə, eyni situasiyada birinə “olar”, o birinə “olmaz” deyilirsə, bu Konstitusiyada nəzərdə tutulan bir çox prinsiplərin, ən əsası isə insanaların bərabərliyi prinsipinin pozulmasına gətirib çıxarır və vətəndaşda dövlət orqanının fəaliyyəti ilə bağlı çoxlu suallar yaradır. Vətəndaş qanunun şərtlərinə əməl edirsə, onun hüququ təmin olunmalıdır. Bu, birmənalı şəkildə “İnzibati İcraat haqqında” Qanunun da tələbidir.
“Dəstək olmasaydı, xeyli çətinliklər çəkmiş olardıq”
Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov deyir ki, “İnzibati İcraat haqqında” Qanunun qəbuluna qədər Azərbaycanda qərarların qəbulunu tənzimləyən, çərçivəsini, qaydalarını müəyyənləşdirən qanunvericilik aktı olmayıb: “SSRİ dövründən qalma (indi də qalır) “Vətəndaşlaın ərizə və müraciətlərinə baxılması haqqında” Qanun var. Orada vətəndaşın müraciətinə baxılması və cavab verilməsi ilə bağlı ümumi müddəalar əksini tapıb. Amma həmin qanunda idarəçiliklə bağlı bir hüquqi müəyyənlik, qərarların qəbulunda vahidlik və ardıcıllıq prinsipi əksini tapmayıb. Əslində SSRİ dövründə və müstəqilliyimizin ilk illərində inzibati hüquq inzibati amirlik, məcburetmə kimi qəbul olunurdu. 2000-ci ildə ölkə başçısının tapşırığı ilə bir işçi qrupu yaradıldı. Bu qrupa beynəlxalq ekspertlər dəvət olundu. Müxtəlif ölkələrə səfərlər təşkil edildi”.
S.Kərimovun dediyinə görə, “İnzibati İcraat haqqında” Qanunun qəbulu və bu sahədə dövlət qulluqçularının, hüquqşünasların, jurnalistlərin və digər kateqoriyadan olan insanların məlumatlandırılması sahəsində aparıcı rol Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinə (GİZ) məxsusdur: “Azərbaycanda hüquqi islahatların dəstəklənməsi layihəsi, çoxsaylı və davamlı seminarların təşkili, maliyyələşdirilməsi, ekspert baxımından yardım olunması GİZ tərəfindən həyata keçirilir. Milli Məclis sadəcə olaraq bu prosesə qanunvericilik və ekspert dəstəyi ilə yardım göstərir, yerdə qalan təşklati və maliyyə məsələlərini isə GİZ öhdəsinə götürüb. Ümumiyyətlə, qanunun hazırlanmasında GİZ-in texniki, ekspert, beynəlxalq təcrübənin öyrənilməsi səviyyəsində çox böyük köməyini hiss etmişik. GİZ qanun layihəsinin hazırlanması prosesinə bizimlə bərabər xarici ekspertləri də davamlı şəkildə dəvət edirdi. Onların dəstəyi olmasaydı, bu sahədə xeyli çətinliklər çəkmiş olardıq”.
İcimai idarəçilik vətəndaşlar üçün çatımlı olmalıdır
İnzibati hüquq sahəsində həyata keçirilən islahatlar dövlət və vətəndaş arasındakı münasibətlərin çərçivəsini o şəkildə müəyyən edir ki, dövlət orqanı vətəndaşa münasibətdə dövlətin iradəsini öz istədiyi kimi deyil, qanunların müəyyən etdiyi şəkildə həyata keçirməli olur. Bununla da dövlət orqanının vətəndaş üzərində hegemonluğu minimal səviyyəyə enir. Ekspertlərin fikrincə, hüquqi dövlət fərqin, bərabərsizliyin mümkün qədər azaldılmasını istəyir:
“Biz vətəndaşı hərbi xidmətə çağırırıq. Sahibkarın vergi ödəmək və digər çoxlu vəzifələri var. Bu insanların həm öhdəliklərini yerinə yetirməsi, həm də hüquqları ilə əlaqədar qərarlar qəbul olunur. Yeni inzibati hüquqda dövlətin və bələdiyyənin vətəndaşa, eyni zamanda vətəndaşın dövlətə və bələdiyyəyə qarışı davranışları müəyyənləşib. Məsələn, mən lisenziya almaq üçün dövlət orqanına gəlirəm, lakin məni binanın içərisinə buraxmırlar. Avropada belə davranışa görə vətəndaş məhkəmədə iddia qaldırmaqla dövlətdən kompensasiya almaq hüququna malikdir. Bizim yeni qanunvericilik də buna imkan verir”.
“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai birliyinin hüquqşünası İnqilab Həsənov belə deyir. Müsahibimiz onu da əlavə edir ki, istənilən dövlət orqanı, bələdiyyə ictimaiyyət üçün açıqdır və hər kəsin həmin qurumlara maneəsiz girmək haqqı var: “Təbii ki, şəxs dilənçilik məqsədilə, başqa qeyri-qanuni tələblər sürmək iddiası ilə gələrsə, bunun qarşısı qanuni yolla alınır. Sözümün canı ondadır ki, ictimai idarəçilik vətəndaşlar üçün çatımlı olmalıdır. Bəzi dövlət qurumları bəzən vətəndaşın problemini həll etməkdənsə daha çox vətəndaş üçün problem yaratmaqla məşğuldur. Vətəndaşdan əlavə və lazımsız sənədlərin gətirilməsini tələb edirlər. Qanun isə bunu birmənalı şəkildə qadağan edir. Şəxsiyyət vəsiqəsi insanın şəxsiyyətini və yaşayış yerini təsdiq edən sənəddir, bunu təqdim edən şəxsdən yaşayış yeri barədə arayış tələb etmək heç bir məntiqə sığmır. Vətəndaş yaşayış yerini dəyişirsə, olduğu yer üzrə qeydiyyatdan keçməlidir. Qeydiyyatın məqsədi nədir? Sabah vətəndaşı lazım olanda tapmaq olsun. Yaxud dövlət qurumu sənədi özü də təsdiq eləyə bilər, bunun üçün vətəndaşı notariat kontoruna göndərməyə ehtiyac yoxdur”.
“GİZ-ə minnətdarıq ki, belə seminarları təşkil edir”
Biz bu yaxınlarda Tərtər rayonunda dövlət və bələdiyyə qulluqçuları üçün yeni inzibati hüquqla bağlı seminarda iştirak edənlərin bir neçəsi ilə görüşdük, belə tədbirlərin əhəmiyyəti barədə onların fikirlərini öyrənməyə çalışdıq. Gənclər və İdman İdarəsinin rəisi Müşfiq Həsənovun qənaətinə görə, indiyə qədər inzibati icraatla əlaqədar bəzi problemlərlə üzləşiblər: “Çalışmışıq ki, onları yerində həll edək.Yəni heç kim bizdən narazı qalmasın. GİZ-in bu günkü seminarında əldə etdiyimiz bilgilər fəaliyyətimizi yeni müstəvidə qurmağa kömək edəcək”.
İcra Hakimyyəti başçısının birinci müavini Ramiz Şabanov hesab edir ki, dövlət məmuru hər bir vətəndaşın, xalqın xidmətçisidir: “Məmurun vəzifəsi budur. Bizim borcumuzdur ki, qəbul etdiyimiz sərəncamlar vətəndaşın mənafeyinə xidmət eləsin, onun qanunla nəzərdə tutulan marqlarına uyğun gəlsin. Bəziləri elə düşünürlər ki, dövlət dövlət üçün lazımdır. Vətəndaşın dövlət qarşısında vəzifəsi olduğu kimi, dövlətin də vətəndaş qarşımızda öhdəliyi var. Əks təqdirdə qanunları qəbul etməyə ehtiyac qalmazdı. Bu cəhətdən hüquqi dövlət olan Azərbaycanda İnzibati İcraat haqqında qanunun olması çox əhəmiyyətlidir. Bu qanunun müddəaları ilə təkcə dövlət qulluqçularını deyil, bütünlüklə əhalini də maarifləndirmək vacibdir. Sual oluna bilər: “Biz özümüz məmur olaraq bu qanunu nə dərəcədə mənimsəmişik? GİZ-ə minnətdarıq ki, belə seminarları təşkil edir, bizi məlumatlandırırır”.
Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Vüsal Əzizov da hüquqi cəhətdən vətəndaşların maarifləndirilməsini, bu bilgiləri insanlara, xüsusən aztəminatlı əhaliyə çatdırılmasını vacib hesab edir. Rayon sakini Bəxtiyar Cəfərovun dediyinə görə, sovet vaxtı təbliğat-təşviqat qrupları fəaliyyət göstərirdi: “İnsanları hüquqi dövlətə yaxınlaşdırmaq üçün gərək güclü təbliğat ola. Adamları mütəmadi maarifləndirmək lazımdır. İnsanlar bilməlidir ki, məmur onunla necə davranmalıdır. Buna görə də belə qanunları insanları çatdırmağa ehtiyac var”.
“Çalışırıq ki, Azərbaycanın bütün bölgələrini əhatə edək”
Dövlət, bələdiyyə və vətəndaş münasibətlərinin qurulması baxımımndan qaydalar çox dəyişib. Yeni inzibati qanun bu çərçivəni, standartları müəyyənləşdirib. Dövlət, dövlət orqanları, bələdiyyələt tərəfindən vətəndaşa yönəlik hallar hansı qaydada qəbul olunmalıdır? Vətəndaşların bu qərarların qəbulunda iştirakı, onun rəyinin nəzərə alınması, mövqeyi necə təmin olunmalıdır? Bu qaydalara əməl olunmaması sonradan qərarın məhkəmə qaydasında ləğvinə gətirə bilərmi?.
GİZ-in layihə rəhbəri Tomas Hermenn deyir ki, bu seminarlar Azərbaycanda qanunun qəbulundan sonra, 2005-ci ildən təşkil edilir: “Vətəndaşlara yönəlik qərar qəbul edən hüquqi və fiziki şəxslərə, dövlət qurumlarına bu barədə məlumat verməyə başladıq. Qanunun tətbiqi ilə bağlı qaydaları izah edirik. Bir arada vəkillər, gənc hüquqşünaslar üçün də bunu elədik. Çalışırıq ki, Azərbaycanın bütün bölgələrini əhatə edək. Vətəndaş artıq bilir ki, dövlət orqanına, bələdiyyəyə müraciət edəndə həmin qurumlar onunla necə davranmalıdır. İdarəçiliyə qanunvericilik səviyyəsində hüquqi müəyyənlik gətirilib. İdarəçiliyə sabitlik gətirilməsi, gələcəkdə vətəndaşların hüquqi təhlükəsizliyinin təmin olunması baxımından qanunun çox böyük əhəmiyyəti var. Praktik baxımdan çox yüksək nəticələr əldə edə bilməsək də, apardığımız davamlı seminarlar yeni qanunvericiliyin tətbiqi prosesinin təkmilləşdirilməsinə kömək edir. Səmərəli idarəçiliyin təşkil olunması, hüququn tətbiqində mövcud olan problemlərin aradan qaldırılması, dövlət qulluqçuları üçün aydın olmayan müddəaların izah olunması- bu seminarların əsas mövzusudur”.
İdarəçilkdə yeni hüququn tədrisi zəruridir
Biz də inzibati hüquqla bağlı bilgilərə GİZ-in təlimlərində yiyələnmişik. Düşünürük ki, adamların çoxu Azərbaycan üçün yeni olan qanunla bağlı nəzəri biliklərə malik deyil. İnsanlara mütənasiblik, hüquqi dövlət prinsipinin nə demək olduğu, onun tətbiqi prosesində istifadəsinə nail olmaq yolları öyrədilməlidir. Qanunun mahiyyətini başa düşməyən dövlət qulluqçusu təbii ki, tətbiqini də bacarmayacaq. Araşdırma zamanı məlum olur ki, yerlərdə bu sahədə məlumatlılıq azdır. Çünki dövlət qulluqçuları korpusu, xüsusən yerlərdə tez-tez dəyişir. Bu baxımdan yeni məmurlarda məlumatsızlıq yaranır. Hərçənd ki, bu əsasverici səbəb deyil, amma reallıq budur. 2-ci ən böyük problem yeni inzibati hüquqla bağlı əksər ali təhsil müəssisələrində (BDU-nun hüquq fakültəsi və Dövlət İdarəçilik Akademiyası istisna olmaqla) tədrisin olmamasıdır. Bizim ali təhsil müəssisələri dövlət qulluğu və bələdiyyələr üçün kadr hazırlığı ilə məşğuldur və buna görə də idarəçilkilə bağlı yeni hüququn tədrisi zəruridir. Nəinki dövlət qurumları, eyni zamanda vətəndaşlar üçün də kurslar, dərnəklər, məktəblər təşkil olunmalıdır.
Şərhlər bağlıdır.