Küçə ticarəti ilə məşğul olanlara sərt xəbərdarlıq
Yaşıllıq zolaqlarında, yol kənarında və səkilərdə küçə ticarəti və iaşə xidmətləri göstərilməsi mingəçevirlilərin narazılığına səbəb olur. Şəhər ərazisində icazə verilməmiş yerlərdə küçə ticarəti və iaşə xidmətləri göstərməklə məşğul olan belə şəxslər barədə məlumatların toplanması və aidiyyəti orqanlara təqdim olunması ilə bağlı şəhər rəhbərliyi sərəncam imzalayıb. Sərəncama uyğun olaraq, Şəhər İcra Hakimiyyətinin komissiyası ərazilərə baxış keçirib və qanunsuz fəaliyyətlə məşğul olanlara xəbərdarlıq edib.
Baxış zamanı şəhərin mərkəzində, küçənin tam ortasında çayxanaların fəaliyyət göstərdiyi, yaşıllıq zolağında, günün altında qida məhsullarının satıldığı aşkarlanıb. Obyekt sahiblərinə xəbərdarlıq edilib və onların nəzərinə çatdırılıb ki, mövcud yerlərdə fəaliyyətlərini davam etdirəcəkləri halda cərmələnəcəklər.
Komissiyanın tərkibinə Qida Təhlükəsizliyi Agentliyi yerli şöbəsi, Mingəçevir Bələdiyyəsi, Polis şöbəsi, İcra Hakimiyyəti və KİV nümayəndələri daxil edilib.
Şərhlər bağlıdır.