500-dək könüllü Su Hövzəsinin ətrafını təmizlədi
Bu gün Beynəlxalq Könüllülər Günüdür. “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin (MVA İB) prezidenti Fərman Nəbiyevin sözlərinə görə, BMT-nin Baş Məclisi 1985-ci ildə hökumətlərə hər il iqtisadi və sosial inkişaf naminə 5 dekabr tarixini Beynəlxalq Könüllülər Günü kimi qeyd etməyi təklif edib: “O vaxtdan etibarən könüllülər bütün dünyada cəmiyyətə öz töhfələrini verirlər. Sevindiricidir ki, Mingəçevir könüllüləri tək bu gün deyil, ilin bütün fəsillərində maraqlı aksiyalar təşkil edirlər. Məsələn, ağac əkirlər, yaşlı və ehtiyacı olan insanların evlərinə, uşaq bağçalarına gedib, işlərini görürlər. Artıq “Asan Xidmət” müəssisələrində könüllülərin fəaliyyətinə gözlərimiz öyrəşib. Son vaxtlar şəhər İcra Hakimiyyətində də könüllülər dövlət işlərinin icrasında vəzifəli şəxslərə yardım göstərirlər”.
Bu ilki Könüllülər gününü Mingəçevirin könüllüləri təbiətin qoynunda təmizlik işləri görməklə tarixə çeviriblər. Mingəçevir Dövlət Universiteti, Tibb və Turizm Kolleclərində təhsil alan tələbələr, MVA İB-nın və gənclər təşkilatlarının nümayəndələri ekoloji aksiyada iştirak ediblər. Təxminən 500 nəfərədək könüllü Su Hövzəsinin ətrafında atılmış şüşə və plastik qabları, salafan torbaları, balıqçı torları, karton qutuları və başqa tullantıları toplayıblar. Həmin ərazi yay aylarında insanların çimərlik yerinə çevrilir və təəssüf ki, bəziləri istirahətdən sonra oranı xoşagəlməz vəziyyətə salır. Amma heç bir təmənnası olmayan könüllülər şəhərin başqa əraziləri kimi çimərlik yerinin də təmiz saxlanmasına çalışırlar.
Mingəçevir Gənclər Evinin əməkdaşı Rəşad Qurbanovun dediyinə görə, bu dəfəki aksiya bir həftədir ki, davam edir: “Azərbaycan Gənclər Fondu və “Asan Xidmət” Mərkəzi könüllülük həftəsi elan ediblər. Başqa bölgələrdə olduğu kimi, Mingəçevirin qeyri-hökumət təşkilatları da kənarda qalmadılar. Başda Regional İnkişaf İctimai Birliyinin könülüləri olmaqla bizim və digər təşkilatların nümayəndələri həvəslə aksiyaya qoşuldular. Nəticədə böyük bir sahəni tullantılardan təmizləyə bildik”.
Müsahibimiz onu da diqqətə çatdırdı ki, könüllülük həftəsində İnternat məktəbinin şagirdləri üçün əyləncəli tədbir təşkil edib, Şəhidlər Xiyabanına və səkkiz şəhid ailəsinə baş çəkiblər. Dekabrın 5-də isə ilk təcrübə kimi Gənclər Evinin metodist, müdir, dərnək rəhbərlərinin işlərini könüllülər icra ediblər. Həftənin davamı kimi könüllülər arasında müxtəlif idman yarışları da təşkil olunub.
Şərhlər bağlıdır.