Bizimlə həyatınız həmişə işıqlı olacaq!

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib

16

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Mərkəzi Aran da tədbir keçirilib. Tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov, Yevlax Şəhər İcra Hakimiyyətinin rəsmiləri, idarənin əməkdaşları, məktəb rəhbərləri, müəllimlər və şəhid ailələrinin üzvləri iştirak ediblər.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov çıxışında müəllimlərin milli kimliyin, vətənpərvər ruhun və müasir biliklərin formalaşmasındakı rolunu vurğulayıb. O, bütün pedaqoqları peşə bayramı münasibətilə təbrik etdi, uğurlar arzu edib.

Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova isə öz çıxışında müəllim peşəsinin müqəddəsliyini vurğulayaraq bildirib ki, müəllimlər yalnız dərs deyən deyil, həm də vətəndaş yetişdirən şəxsiyyətlərdir.

Göyçay şəhəri Mirməmməd Muradov adına 4 nömrəli məktəbin fizika müəllimi Könül Hacıyeva tədbirdə çıxış edərək müəllim peşəsinin həm qürur, həm də məsuliyyət yükü daşıdığını xüsusi qeyd edib.

“Müstəqil, suveren Azərbaycanın bu gün qazandığı uğurlar hər birimizi qürurlandırır. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə isə həm xalqımız, həm də biz müəllimlər üçün bir məsuliyyət çağırışıdır. Çünki biz qalib ölkənin gələcəyini formalaşdırırıq. Mən müəllimlərin sertifikatlaşdırma imtahanında iştirak edərək maksimal – 60 bal topladım. Bu nəticə mənim üçün təkcə şəxsi uğur deyil, həm də şagirdlərim qarşısında bir vəzifədir. Hər bir müəllim çalışmalıdır ki, yetişdirdiyi gənclər dövlətinə, millətinə sədaqətlə xidmət etsin.”

Ağdaş şəhəri Maksud Şeyxzadə adına internat tipli gimnaziyanın gənclərin çağırışaqədərki hazırlıq rəhbəri, ehtiyatda olan mayor Şahin Məmmədov çıxışında müəllim və əsgər taleyinin bir nöqtədə birləşdiyi anlardan danışıb.

“Bu gün Müəllimlər Günüdür. Amma mənim yaddaşımda bu gün başqa bir hadisə ilə də bağlıdır. Beş il əvvəl, məhz 5 oktyabrda mən Suqovuşan uğrunda döyüş meydanında idim. Əlimdə silah, ürəyimdə vətən sevgisi ilə torpaqlarımızı qoruyurdum. O gün mən anladım ki, müəllimlik və əsgərlik bir-birinə çox yaxındır – hər ikisi Vətənə xidmət deməkdir.”

Şahin müəllim çıxışında vurğuladı ki, müəllim şagirdinə “Vətəni sevmək”dən danışanda sözlərinin gücü ancaq yaşantı ilə möhkəmlənir:

“Sinifdə vətənpərvərlikdən danışmaq başqadır, döyüş meydanında canı ilə sübut etmək isə tamam başqa məsuliyyətdir. Suqovuşanın azad olunması mənim üçün yalnız hərbi yox, həm də mənəvi qələbə idi. Mən yaxşı bilirəm ki, şagirdlərimə ən böyük dərs – öz həyatımda yaşadığım bu nümunədir.”

O, həmçinin Vətən müharibəsində iştirak etmiş təhsil işçilərinin qəhrəmanlığından söz açdı:

“Azərbaycan müəllimi yalnız bilik ötürən deyil. 723 təhsil işçisi Vətən müharibəsində iştirak edib, onlardan 20 nəfəri şəhid olub. Onlar həm müəllim, həm döyüşçü, həm də qəhrəmandırlar. Bu fakt bir daha sübut edir ki, biz müəllimlər həm ön, həm də arxa cəbhədə vətənə xidmət edirik.”

Tədbirdə Elm və Təhsil Nazirinin əmri ilə bir qrup pedaqoq “Qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri Fərmanlarla təltif edildi. Həmçinin Mərkəzi Aran Regional Təhsil İdarəsinin əmri ilə də bir sıra müəllimlər səmərəli pedaqoji fəaliyyətlərinə görə mükafatlandırıldılar. Bu mükafatlar bir daha sübut etdi ki, müəllim əməyinə verilən dəyər dövlətin və cəmiyyətin diqqət mərkəzindədir.

Müəllimlik yalnız peşə deyil, həm də xalqın yaddaşını, ruhunu, gələcəyini yaşadan müqəddəs bir amal, ömür yoludur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.