Cismən aramızdan getsə də Bayram Mustafanın yeri həmişə görünəcək
Mingəçevir dənizinin altında qalan Samux dərdi isə onun yaralı yeri idi.
Bayram Mustafa uzun illər dövlət orqanlarında çalışsa da vətəndaş cəmiyyətinin, xüsusən mətbuatın dostu və hətta nümayəndəsi kimi yadda qaldı. Şəhərdə və ölkədə baş verən proseslərə qələmə sarılmaqla münasibətini bildirir, neqativ halları tənqid etməkdən çəkinmirdi. Mingəçevir dənizinin altında qalan Samux dərdi isə onun yaralı yeri idi. Kimsə bu mövzuya qeyri-peşəkarcasına yanaşanda dözmür, inciyir və hər yerdə, son illər isə Facebook profilində münasibətini bildirirdi. Bu ölümlü-itimli məkanda dünyalarını dəyişən ziyalılarımız barədə ilk xəbəri də Bayram müəllimdən alardıq. Çünki diqqətli idi, sağlığında çörək kəsdiyi insanların ölüsünə də sahib çıxırdı.
Bayram Ağamirzə oğlu Mustafa 1947-ci ildə Samux rayonunun Mansurlu kəndində anadan olub. Mingəçevirdə müxtəlif vəzifələrdə çalışıb. İdmançı idi, gənclik illərində turizm sahəsində çalışıb. Ötən əsrin 80-ci illərinin sonunda azadlıq, müstəqillik ab-havası gələndən şəhərdəki hərəkatın öncüllərindən idi. 1991-2012-ci illərdə – 20 ildən çox Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini vəzifəsində çalışdı. 2012-ci ildə Dövlət qulluqçusu kimi təqaüdə çıxdı. Səmərəli fəaliyyətinə görə bir sıra medal və mükafatlara layiq görüldü.
Bu gün -21 iyul 2024-cü ildə isə onu son mənzilə yola saldıq. Cismən aramızdan getsə də bu əvəzsiz insanın yeri həmişə görünəcək. Ruhun şad olsun, Bayram Mustafa !
Şərhlər bağlıdır.