Hər bir insan üçün həyat sıfırdan başlayır. Hər gün, hər dəqiqə, hər saat bu belədir. Dünyaya yeni insan gəlir və onun üçün maraqlı deyil ki, vaxtilə dünyaya nə qədər insan gəlib, dünyada nə qədər insan yaşayır, nə qədəri xoşbəxtdir, nə qədəri xoşbəxt deyil. Nə qədər uşaq acdır, evi yoxdur, atası, yaxud anası yoxdur… Bu uşaq, sadəcə, xoşbəxt olmaq istəyir, gülmək, ağlamaq, yemək yemək, oynamaq, sevilmək istəyir. Əlini yandıranda odu tanıyacaq, odu kəşf edəcək, gözlərini qamaşdıranda Günəşə gülümsəyəcək, üşüyəndə soyuğu hiss edəcək, qaranlıq olanda gecəni. Qorxuları başlayacaq, ana qucağından uzaq olmağın, sonra böyüdükcə qorxuları da dəyişəcək, amma dəyişməyən bir şey olacaq, yaşamaq və xoşbəxt olmaq istəyi. Hər bir insan bunları yaşayaraq öyrənir və yaşayaraq öyrənməlidir, bu imkanları, bu cəhdləri uşaqların əlindən almayaq. Onları, həyatı sıfırdan yaşamaq, kəşf etmək , duymaq, hiss etmək, anlamaq, soruşmaq imkanlarından məhrum etməyək. Çünki həyat hər birimizə bir dəfə verilir və bir daha təkrar olunmur. İcazə verin bu həyatı olduğu kimi və olduğumuz kimi yaşayaq. Dünyanın hər yerində uşaqlar xoşbəxt olmaq istəyir, bəs siz, siz xoşbəxt olmaq istəmirsiniz?
Şərhlər bağlıdır.