40-dan çox gənclər təşkilatının üzvləri bir-bilərini daha yaxından tanıya bildilər
Gənclər təşkilatlarının layihə menecerləri üçün təkmilləşdirmə kursu yekunlaşıb
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə 25-28 iyun tarixlərində Lənkəran şəhərində 40-dan çox gənclər təşkilatının layihə menecerlərinin iştirakı ilə “Gənclərlə iş üzrə menecerlərin inkişaf proqramı” layihəsi həyata keçirilib.
Məlumat üçün bildirək ki, gənclər təşkilatlarının layihələr üzrə menecerlərinin iştirakçısı olduğu proqramın əsas məqsədi seminar və sessiyalar vasitəsi ilə menecerlərin bilik və bacarıqlarının artırılması, gənclər təşkilatları arasında əlaqələrin gücləndirilməsi, onların birgə fəaliyyətlərə təşviq edilməsi, təcrübə mübadilələrinin və interaktiv fəaliyyətlərlə səmərəli vaxtın keçirilməsi olub.
Layihənin ilk günü iştirakçıların bir – birilərini daha yaxşı tanımaları üçün komanda oyunları keçirilib və daha sonra Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Seymur Hüseynovun təqdimatında “Gənclərlə işin qurulması və gənclər siyasəti ilə tanışlıq” mövzusunda sessiyası baş tutub. Sessiya zamanı gənclərlə iş nədir və necə qurulmalı, gənclər siyasətinin uğurla həyata keçirilməsində gənclər işçilərinin rolu, vəzifə və öhdəlikləri kimi başlıqlar ətraflı müzakirə olunub. Daha sonra Kapital Bankın İnsan Resursları departamentinin Koordinasiya və partnyorluq şöbəsinin meneceri Fidan Hüseynovanın təqdimatında “Layihələrdə Agile idarəetmə” mövzusunda təlimi keçirilib.
Layihənin ikinci gününə iştirakçıların fiziki sağlamlığının artırılması məqsədilə səhər idmanı ilə başlanıb, daha sonra təlimçi Fəxri Məmmədovun “Layihələrin idarəedilməsi” mövzusunda təlimi ilə davam edib. Layihə idarəedilməsinin əsasları, mərhələləri, daxili kommunikasiya üsulları və nəzarət mexanizmləri, layihə PR strategiyasının idarəedilməsi mövzuları ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların qrup işləri ilə sessiya yekunlaşıb. Daha sonra Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov ilə ümumi müzakirə formatında görüş keçirilib.
Layihənin üçüncü günü Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov ilə “Liderlik: effektiv idarəetmə və komanda ilə iş” mövzusunda görüş keçirilib. Günün ikinci yarısı Mingəçevir Gənclər Evinə infotur edilərək fəaliyyətlər davam etdirilib, “Büdcə və hesabatlılıq” mövzusunda NAYORA-nın Baş katibi Ramin Həbibzadənin təqdimatında təlim və qrup işlərinin təqdimatı baş tutub.
İyunun 28-də Tofiq Sadıxovun təqdimatında “Masterclass” keçirilib və qrup işlərinin təqdimatından sonra proqram yekunlaşıb.
Aygün KƏRİMOVA
pr@nayora.az
Şərhlər bağlıdır.