Bizimlə həyatınız həmişə işıqlı olacaq!

27 yaşını cənnətdə qeyd edən şəhidimiz

Şəhidimizin cənnətdəki ilk doğum gününü ailə üzvləri, 2 fidan körpəsi, dostları və döyüş yoldaşlarının iştirakı ilə keçirilib. Öncə döyüş yoldaşları Şəhidin həyat yoldaşı və övladları ilə görüşüblər. Pərvin Həmidovun komandiri Şahmar Cəlilov və döyüş yoldaşları onun qorxmazlığından, qəhrəmanlığından, sonsuz Vətən sevgisindən,dostları arasında qazandığı hörmətdən danışıblar. Onunla bağlı xatirələrini dilə gətirən döyüş dostları göz yaşlarına hakim ola bilməyiblər.

Sonra Pərvin Həmidovun adına hazırlanmış tortların simvolik olaraq kəsilməsi mərasimi baş tutub.Şəhidimizin cənnətdəki ilk doğum günü tortunu onun həyat yoldaşı Günay Həmidova və Şəhidin öz adını daşıyan körpə oğlu Pərvin  kəsib.

Daha sonra mərasim iştirakçıları Şəhid qəhrəmanın Mingəçevir Şəhidlər xiyabanındakı məzarını ziyarət ediblər. Şəhidin məzarına gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Döyüş dostları onun güllərə qərq olmuş məzarı önündən əsgər marşı ilə keçərək ona hərbi salam veriblər.

Hərbi avtomobil sürücüsü olan Pərvin Həmidov 44 günlük Vətən müharibəsində sözün əsl mənasında şərəflə döyüşüb. Cəbhənin Suqovuşan, Talış və Murov dağ istiqamətində gedən ağır döyüşlərdə qəhrəmanlığı ilə diqqət çəkib və düşmən texnikasının ələ keçirilməsində, düşmən səddinin yarılmasında xüsusi şücayət göstərib.

Suqovuşan  istiqamətində gedən ağır döyüşlər onun idarə etdiyi “Ural” markalı hərbi maşın düşmən artileriyasının  açdığı aramsız atəş nəticəsində vurulub və Pərvin yanındakı döyüş yoldaşları ilə birlikdə Şəhidlik zirvəsinə ucalıb.

27 yaşı martın 8-də tamam olan Pərvin Azər oğlu Həmidov  Vətən muharibəsinin 5 -ci günündə – oktyabrın 2-də şəhadətə qovuşub. Döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra  Ali Baş komandan İlham Əliyevin sərəncamı ilə “Vətən uğurunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Kanal32.az

Şərhlər bağlıdır.