Bizimlə həyatınız həmişə işıqlı olacaq!

2019-CU İLDƏ MİNGƏÇEVİR ŞƏHƏRİNDƏ ƏTRAF MÜHİTİN VƏZİYYƏTİ

Mingəçevir respublikanın sənaye mərkəzlərindən biri olmaqla bərabər həm də ən yaşıl və ekoloji cəhətdən təmiz şəhərlərindən biridir. Şəhərdə sənayenin əsasən elektroenergetika, kimya, yüngül, mədənçıxarma, maşınqayırma və başqa sahələri mövcuddur. Keçən əsrin 60-80-cı illərində xalq təsərrüfatının bütün sahələrinin durmadan inkişafı, o cümlədən bir çox sənaye müəssisələrinin tikilib istismara verilməsi nəticəsində istər-istəməz ətraf mühitin çirklənməsinə, zəhərlənməsinə gətirib çıxarmışdır. Bununla belə təbiəti mühafizə obyektlərinin inşası və yenidən qurulmasına ayrılan investisiyaların kifayət qədər olmaması ətraf mühitin mühafizəsinə mənfi təsir göstərir.

Ekologiyanın o cümlədən havanın, torpağın və su ehtiyatlarının qorunması məqsədilə elmin son nailiyyətlərini, texnoloji proseslərin təkminləşdirilməsi çirkləndirici mənbələrin ləğvi və ya həmin mənbələrin təmizləyici qurğularla təchiz edilməsi üzrə tədbirlərin həyata keçirilməsi və qorunması günün vacib şərtlərindən biridir. Lakin müəssisə və təşkilatlarda ətraf mühitin qorunması üzrə görülən işlər və həyata keçirilən tədbirlər müasir tələblərə cavab vermir. Qeyd etmək lazımdır ki, cəmiyyətin eləcə də insanların sağlamlığı üçün əsas amillərdən biri də ekoloji cəhətdən təmiz ətraf mühitin olmasıdır.

ATMOSFER HAVASININ MÜHAFİZƏSİ

2019-cu ildə şəhər üzrə atmosferə atılan çirkləndirici maddələrin miqdarı stasionar mənbələrdən 1873,7 ton və avtomobil nəqliyyatından isə 24,37 min ton olmuşdur.

2019-cu ildə Mingəçevirdə atmosferə çirkləndirici maddələr tullayan müəssisələrin sayı 7 olmuşdur. Hesabat ili ərzində 19 çirkləndirici tullantı mənbəyi mövcud olmuşdur ki, bu da 2018-ci il ilə müqayisədə 37 ədəd və ya 66,1 faiz azdır.

Şəhərin müəssisə və təşkilatları tərəfindən hesabat ilində atmosferə atılan çirkləndirici maddələrin miqdarı 2018-ci ilin yekunları ilə müqayisədə 6,3 ton və ya 0,3 faiz azalaraq 1873,7 ton olmuşdur.

Atmosferin çirklənməsi onun tərkibində olan tozun, kükürd anhidridinin, karbon və azot oksidlərinin və spesifik qarışıqların miqdarı ilə müəyyən edilir. 2019-cu ildə şəhərdə fəaliyyət göstərən müəssisə və təşkilatlar tərəfindən atmosferə atılan zərərli maddələrin 0,1 tonu bərk maddələr, 1873,7 tonu isə qazaoxşar və maye halında olan maddələr olmuşdur. Qazaoxşar və maye halında olan maddələrin 0,2 faizi və ya 4,5 tonu kükürd anhidridi, 0,3 faizi və ya 4,7 tonu karbon 2-oksidi, 98,8 faizi və ya 1852,0 tonu azot 4-oksidi, 0,7 faizi və ya 12,4 tonu karbohidrogenlər (uçucu üzvi birləşmələrsiz) təşkil etmişdir.

Bütün stasionar mənbələrdən 2019-cu il ərzində ayrılan çirkləndirici maddələrin hamısı təmizlənmədən atmosferə atılmışdır. Təmizlənmədən atılmış çirkləndirici maddələrin tam əksəriyyəti mütəşəkkil mənbələrdən atılmışdır. Stasionar mənbələrdən tutulan və zərərsizləşdirilən maddələr olmamışdır.

Şəhərin təbiəti mühafizə orqanları tərəfindən hər bir sənaye müəssisəsinin ətraf mühitə təsirinin qiymətləndirilməsi üzrə işlər aparılır.

2019-cu ildə şəhər üzrə atmosfer havasına avtomobil nəqliyyatından atılmış çirkləndirici maddələrin miqdarı 24,37 min ton olmuşdur ki, bu da 2018-ci il ilə müqayisədə 0,19 min ton və ya 0,8 faiz çoxdur.

Hesabat ilində şəhər üzrə atmosfer havasına avtomobil nəqliyyatından atılmış çirkləndirici maddələrin 84,1 faizini və ya 20,50 min tonunu karbon oksidləri, 2,4 faizini və ya 0,59 min tonunu azot-oksidləri, 11,5 faizini və ya 2,79 min tonunu karbohidrogenlər, 2,0 faizini və ya 0,49 min tonunu his və qurum təşkil etmişdir.

SUDAN İSTİFADƏ

2019-cu ildə şəhərdə təbii su mənbələrindən 2115,86 milyon kub metr su götürülmüşdür ki, bu da əvvəlki illə müqayisədə 219,24 milyon kub metr və ya 9,4 faiz azdır. Həmin suyun hamısı yerüstü mənbələrdən götürülmüşdür.

Hesabat ilində şəhərdə su sərfi 871,51 milyon kub metr olmuşdur ki, bu da təbii mənbələrdən götürülən suyun 41,2 faizini təşkil edir. 2018-ci illə müqayisədə su sərfi 48,59 milyon kub metr və ya 5,3 faiz azdır. Məişət-içməli məqsədlərə 4,85 milyon kub metr, istehsalata isə 865,00 milyon kub metr su ötürülmüşdür ki, bu da əvvəlki illə müqayisədə müvafiq olaraq məişət-içməli məqsədlərə 1,05 milyon kub metr və ya 17,8 faiz, istehsalata isə 48,90 milyon kub metr və ya 5,4 faiz az sudan istifadə edilmişdir.

İl ərzində suvarmaya 1,38 milyon kub metr su sərf olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 1,37 milyon kub metr və ya 138,0 dəfə çox olmuşdur.

Hesabat ilində şəhərdə suyun nəqli zamanı 471,73 milyon kub metr itkiyə yol verilmişdir ki, bu da əvvəlki illə müqayisədə 45,57 milyon kub metr və ya 8,8 faiz azdır.

Təbiətdən istifadənin iqtisadi tənzimlənməsi sisteminin əsas elementi ətraf mühitin çirklənməsinə görə müəssisə və təşkilatlar tərəfindən ödənilən vəsaitin əsasında ekoloji fondun yaradılmasıdır.

Statistika idarəsi hesab edir ki, şəhərin ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün müəssisə və təşkilatların balansında olan təmizləyici qurğulardan maksimum istifadəyə və ekoloji fonda vəsaitlərin vaxtında ödənilməsinə nail olmaq günün vacib məsələlərindən biridir.

Şərhlər bağlıdır.