Bizimlə həyatınız həmişə işıqlı olacaq!

16 avqust 2023-cü il tarixində BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Azərbaycanın diplomatik qalibiyyəti

Son 30 ildə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və TŞ sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayan Ermənistan beynəlxalq qurumdan yardım diləyi puça çıxdı

Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti, qonşu dövlətlərlə balanslı münasibətlər qurması, Qoşulmama Hərəkatına üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməsi, beynəlxalq təşkilatlarda doğru istiqamətlərdə fəaliyyət göstərilməsi konsepsiyasının hazırlaması və tətbiq etməsi, tərəfdaş ölkələrlə qarşılıqlı maraqları eyni müstəviyə gətirməsi, strateji düşüncəni ön planda tutması TŞ-də Ermənistanın son ümidlərinin puça çıxması ilə nəticələnib.

Rəsmi İrəvanın “blokada” və ya “humanitar böhran” ilə bağlı ölkəmizə qarşı təbliğatı əsassız və sübutu olmayan iddialardır. Ermənistan Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və Dağlıq Qarabağ ermənilərini aclıqla soyqırımına məruz qoymasını BMT TŞ-nin 16 avqust 2020-ci il tarixli növbədənkənar iclasında rəsmiləşdirərək, Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə, Laçın dəhlizinin beynəlxalq gücdən istifadə edərək açılmasına çalışsa da, ciddi məğlubiyyətə uğradı. Faktiki olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi, Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədi. Bu Azərbaycanın xarici siyasətinin, beynəlxalq təşkilatlarda məqsədyönlü siyasətinin bariz uğur nümunəsidir. Ermənistan 30 ilə yaxın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və TŞ sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayıb, indi isə qətnamələrini diqqətə almadığı beynəlxalq qurumdan yardım diləyir.

Azərbaycan hökuməti Qarabağda yaşayan sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir və bunu bütün beynəlxalq tribunalardan dəfələrlə ən yüksək səviyyədə dilə gətirib. Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib.

Qondarma “Dağlıq Qarabağ” rejiminin və Ermənistanın gözləntilərinin əksinə BMT TŞ-də müzakirədə iştirak edən dövlətlərin heç biri xalqların öz müqəddəratını təyin etməsi prinsipindən, qondarma “Dağlıq Qarabağ” rejiminin tanınmasından, Qarabağda yaşayan ermənilərə qarşı aclıqla təhdid edilən soyqırımının törədilməsindən, ölümlə nəticələnən aclıq hallarının baş verməsindən bəhs etmədilər.

Ermənistanın təşəbbüsü ilə Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və “Dağlıq Qarabağ” ermənilərini aclıqla soyqırımına məruz qoyması iddiasının BMT TŞ-nin gündəliyinə gətirməsi və nəticə almaması, onun bu məsələni bir daha hansı isə beynəlxalq təşkilatın gündəminə gətirmə ehtimalının sıfıra endirdi.

Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən humanitar yüklərin yerli sakinlərə çatdırılması üçün Ağdam-Xankəndi yolunda erməni tərəfinin quraşdırdığı beton bloklar və digər fiziki maneələr aradan qaldırılmır. Azərbaycanın mərkəzi hakimiyyət nümayəndələri ilə Qarabağda yaşayan erməni sakinləri arasında Yevlax şəhərində görüşün keçirilməsinə razılıq əldə olunmasına rəğmən Ermənistanın təxribatları səbəbindən sözügedən görüş baş tutmadı..

Ermənistan Qırmızı Xaç Komitəsinin vasitəçiliyindən sui-istifadə etməklə Qarabağ bölgəsinə qaçaqmalçılıq yolu ilə mikroçiplər kimi ikili təyinatlı texnologiyaları keçirməyə çalışıb. Ermənistanın Beynəlxalq Qırmızı Xaç Komitəsindən siyasi məqsədləri üçün sui-istifadə etməsi açıq şəkildə göstərir ki, regionda beynəlxalq mövcudluğun, o cümlədən BMT-yə bağlı təşkilatların artırılmasına dair çağırışların humanitar narahatlıqlarla heç bir əlaqəsi yoxdur.

Məruzəçi dövlətlər tərəfindən Laçın dəhlizinə paralel olaraq Ağdam-Xankəndi yolunun da istifadə edilməsinin mümkünlüyünün bildirilməsi tamamilə Azərbaycanın maraqlarına cavab verir. Ermənistan həqiqətən də bölgənin sadə sakinlərini düşünsəydi, heç vaxt Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdi. Sözügedən yol Azərbaycanın əsas nəqliyyat marşrutlarından birinə – “İpək Yolu” və ya M2 avtomobil yolu kimi tanınan, habelə beynəlxalq bazarlara etibarlı əlaqəni təmin edən magistral yolu ilə bağlıdır. Uzunluğu 59 kilometr olan, dağlıq və serpantinli ərazidən keçən Laçın-Xankəndi yolu ilə müqayisədə bu yol Ağdamla Xankəndi arasında cəmi 18 kilometrdir.

TŞ-də müzakirələrdə istənilən nəticələrin alınmaması onu göstərdi ki, Ermənistan hökuməti və diaspora arasında ciddi narazılıq və anlaşılmazlıqlar var və bu hər gün dərinləşir. Müzakirələrdə çıxış edən dövlətlərin əksəriyyətinin balanslı çıxışları Azərbaycanın mövqeyini daha da gücləndirdi, ərazi bütövlüyünün təmin edilməsinin beynəlxalq hüquqa uyğun olduğunu bir daha təsdiqlədi. TŞ-dəki müzakirələr “Dağlıq Qarabağda”kı Ermənistan silahlı qüvvələrinin tərksilah edilməsinin vacibliyini göstərdi, Azərbaycanın terror cəhdinin qarşısını almaq məqsədilə həyata keçirdiyi əməliyyatların legitimliyini təsdiqlədi.

Monoetnik və etnik ayrı-seçkilik siyasəti yürüdən Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasını əngəlləməkdə əsas motivlərindən biri ölkəmizdə iki xalqın nümayəndələri arasında uğurlu birgəyaşayışının qarşısının alınmasıdır. Halbuki Azərbaycan çoxmillətli dövlətdir və milli azlıqlar arasında heç bir ayrı-seçkilik yoxdur. Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiyasını təmin edəcəkdir.

Erməni lobbisinin, Ermənistanı aşkar şəkildə dəstəkləyən bəzi dövlətlərin qeyri-konstruktiv yanaşmasına, müzakirələrə təsir göstərmək cəhdlərinə baxmayaraq, İrəvanın gözləntiləri puça çıxıb. Bu ilk növbədə, rəsmi Bakının yürütdüyü hücum diplomatiyasının səmərəliliyinin, İrəvanı informasiya müstəvisində üstələdiyinin əyani göstəricisidir.

Azərbaycan rəsmi İrəvanın iddialarının əsassızlığını 2022-ci ilin dekabr ayından etibarən beynəlxalq ictimaiyyətə göstərmək üçün təkzibedilməz fakt və arqumentlərdən istifadə edib. Laçın-Xankəndi yolunun açıq olduğunu göstərən foto və videogörüntülər yerli və beynəlxalq KİV-lərdə yayılıb. Eyni zamanda, əcnəbi qonaqların, jurnalistlərin, ölkəmizdə akkreditasiyadan keçmiş beynəlxlaq təşkilatların nümayəndələrinin, diplomatik korpus və səfirliklərin təmsilçilərinin əraziyə davamlı səfərləri təşkil edilib. Beləliklə, Ermənistanın yalan kampaniya apardığı konkret faktlarla sübuta yetirilib. Rəsmi Bakı regiondakı yeni geosiyasi reallıqlarla bağlı dünya ölkələrində kifayət qədər dolğun və obyektiv təəssürat formalaşdıra bilib. Bu həm də ölkəmizin uğurlu diplomatik-siyasi fəaliyyətinin, hücum diplomatiyasının və bütün məsələlərdə beynəlxalq hüquqa əsaslanmasının nəticəsidir.

Laçın-Xankəndi yolu ilə iddialarını BMT müstəvisində qəbul etdirmək cəhdi bir daha təsdiqləyir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etmiş Ermənistan reallıqda buna zidd davranışlara yol verir. BMT-də aparılan müzakirələr bir daha göstərdi ki, bəzi Qərb dövlətlərinin və təşkilatlarının əsassız çağırışlarına, qərəzli bəyanatlarına baxmayaraq, dünya ictimaiyyəti rəsmi Bakının haqlı mövqedə olduğundan xəbərdardır.

Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın Laçın-Xankəndi yolundan hərbi təchizat və təxribat məqsədləri üçün yararlanmağa çalışdığını dəfələrlə bildirib,  bununla bağlı əyani faktları təqdim edib.  Azad edilmiş ərazilərdə, xüsusilə də Laçın rayonunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş minaların aşkarlanması buna əyani sübut olub.

 

FHN Aran Regional Mərkəzinin

Maarifləndirmə sektoru

Şərhlər bağlıdır.