14 yaşlı xanəndə
Muğam, mahnı və təsnifləri ilə könülləri oxşayan, 14 yaşında “Cahargah”, “Qatar”,”Mirzəhüsyin seygahı”,Bəstə Nigar”, “Heyratı” muğamların ustalıqla ifa edən Mustafa Mustafayevin səsi hər kəsi valeh edir. Ona qulaq asanlar istəyir ki, bir daha dinləsin.
Mustafa Mingəçevirdə, Fəxrəddin Qasımov adına Uşaq İncəsənət musiqi məktəbinin səs şöbəsində (5-ci sinifdə) təhsil alır. Müəllimi İlham Allahverdiyev deyir ki, Mustafanın səsi hər səsə bənzəmir: “Bizim yetirmələrimiz çox olub. Amma Mustafa kimi istedadlı, bacarıqlı uşaqlara az-az rast gəlinir. Sinifdə 12 uşaq var, ən güvəndiklərim Mustafa, Vüsal və Məhəmməddir. Hər biri özünün boğaz xırdalıqları ilə ifaya yenilk, şirinlik gətirməyə çalışır. Bu uşaqların musiqi duyumu çox yaxşıdır. Mustafanın zəngulələrini isə heç kəs bacara bilmir”.
Telman Əliyev Mustafanı tarda müşaiyət edir. O, bu istedadlı gəncin gözəl xanəndə olacağına inanır. Telman müəllim deyir ki, muğam oxumaq xalça toxumaq kimi bir incə sənətdir: “Xalçanın naxışları düzgün vurulmayanda onu kənardan baxan dərhal hiss edir. Muğam da onun kimidir. Səs əsas şərtdir, amma həvəs, qabiliyyərt olmasa, hər kəs muğam oxuya bilməz”.
Mustafa gözəl ailə tərbiyyəsi alıb, orta məktəbdə dərs əlaçısıdır. Özünü əsl xanəndə kimi aparır. Anası Məhluqə xanım. Atası Məhəmməd kişi iki bacının bir qardaşı olan övladlarından razıdırlar.
İncəsənət məktəbinin direktoru Etibar Əliyev Mustafanın şəhər və respublika tədbirlərində uğurla çıxış etdiyini deyir: “2010-cu ildə Kürdəmirdə respublika üzrə istedadlı uşaqlar müsabiqəsində qalib oldu, Mədəniyyət Nazirlyi tərəfindən diploma layiq görüldü. Ötən il isə Xan Şuşiniski adına respublika muğam festivalına da qatılıb, ikinci yerə çıxıb, diplomla bərabər qiymətli hədiyyə olaraq qaval da qazanıb. Mustafa şəhər üzrə məktəblər arasında keçirilən muğam festivalında da ikinci nəticəni qazanıb. Çalışırıq ki, vətənimizə layiqli muğamçılar yetişdirək”.
Şərhlər bağlıdır.