13 saylı məktəbdə son zəng
2020-2021-ci tədris ili başa çatdı. Ümumtəhsil orta məktəblərində bu əlamətdar gün iyunun 14-də qeyd olundu. Mingəçevirin bütün məktəbləri bu tədbirə hazırlıq işləri görmüşdü. İştirakçısı olduğumuz 13 saylı orta məktəbdə bu xüsusilə nəzərə çarpırdı. Məktəbin həyətində həyəcanlı anlar yaşayaraq sıraya düzülmüş 11-cilər, onları kənardan müşayiət edən valideynlər, bilik və bacarıqlarını şagirdlərdən əsirgəmiyən müəllimlər buraya toplaşmışdılar. Bu ilki tədris ilində məktəbi 667 şagird bitirir.
Tədbirin aparıcıları olan şagirdlər Azərbaycan bayrağını gətizdirdikdən sonra Dövlət Himni səsləndirildi və Vətən Müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlərin və müəllimlərin sevincinə qoşulan Mingəşevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər Təhsil şöbəsinin müdir əvəzi Zamiq Cəbiyev, 13 saylı tam orta məktəbin direktoru Daşqın İbrahimov sevinc hisslərini şagirdlərlə bölüşdülər. Diqqətə çatdırıldı ki, 2020-2021-ci tədris ilində şəhər məktəblərini 881 nəfər şagird başa vurur.
Tədbirdə şagirdlərin respublika olimpiadalarındakı uğurları xüsusi qeyd olundu, onlara diplom, mükafat və gül-çiçək dəstələri təqdim olundu.
Məzun və şagirdlərə öz ürək sözlərini bildirən müəllim və valideynlərin çıxışlarından sonra birincilər son zəngi çaldılar.
Şərhlər bağlıdır.