12-15 yaşlı məktəblilər problemləri araşdırmaq, layihə yazmaq yollarını öyrəndilər
“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin (MVA İB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi layihə çərçivəsində yay məktəbi başa çatıb. Bu barədə layihənin və təşkilatın rəhbəri Fərman Nəbiyev məlumat verib. Onun dediyinə görə, avqustin əvvəlindən 10-dək Mingəçevir Media Mərkəzində davam edən təlimlərdə Ağdam və Bərdədə məskunlaşan məcburi köçkünlərin uşaqları kompüter və liderlik bacarıqlarıa yiyələniblər: “Bu günlər ərzində uşaqlar nəzəri və praktik tapşırıqları yerinə yetiriblər. Belə ki, onlar Word, Paint, Power Point, Excel proqramlarında sərbəst işləməyi, Elektron hökumət portalına inteqrasiya edilən xidmətlərdən yararlanmağı, yaşadıqları icmanın problemlərini araşdırmaq, layihə yazmaq və maliyyə tapmaq yollarını öyrəndilər. Tarix Muzeyi və şəhəin görməli yerləri ilə tanışlıq, səhərlər idman məşqləri yaddaqalan oldu. Ümid edirik ki, 12-15 yaşlı bu məktəblilər bilgilərini öz məktəblərində və rayonlarında çoxsaylı insanlarla bölüşəcəklər”.
F.Nəbiyevin sözlərinə görə, yekunda uşaqlara sertifikatlar təqdim edilib. Mərasimə təlimçilərlə yanaşı uşaqların valideynləri də qatıldılar. Onlar da bu xeyirxah işə görə dövlətimizə və MVA-ya minnətdarlıqlarını bildirib, belə layihələrin davamlı olmasını arzulayıblar.
“Məcburi köçkünlər arasında “Elektron hökumət”in təbliği” layihəsi çərçivəsində Bərdədə və Ağdamda məcburi köçkün həyatını yaşayan insanların İKT bacarıqlarının artırılması məqsədilə iyulun 15-dən etibarən 2 aylıq təlimləri də təşkil olunub. Eyni zamanda avqust və sentyabr aylarında hər iki rayonda və Mingəçevirdə “Elektron hökumət” portalına inteqrasiya edilən xidmətlər barədə informasiya sessiyalarının keçirilməsi də nəzərdə tutulub.
Şərhlər bağlıdır.